“AZƏRBAYCANDA EPİDEMİOLOJİ NƏZARƏT SİSTEMİNİN GÜCLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ DÖVLƏT BAYTARLIQ NƏZARƏTİ XİDMƏTİNƏ (DBNX) DƏSTƏK" TVİNNİNQ LAYİHƏSİNİN BAĞLANIŞ TƏDBİRİ KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

14 may 2018-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində Avropa İttifaqının dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" tvinninq layihəsinin bağlanışına həsr olunmuş tədbir keçirilib.

Tədbir Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə baş tutub.

Tvinninq layihəsinin əsas məqsədi Azərbaycanda heyvan və insan sağlamlığını qorumaq, kənd təsərrüfatı sektorunda iqtisadi artıma və qida təhlükəsizliyi üzrə vəziyyətin yaxşılaşdırılmasına töhfə vermək üçün Beynəlxalq Epizootik Büronun (BEB) tələblərinə uyğun olaraq respublikada heyvan xəstəliklərinin, zoonozların epidemiologiyası, profilaktikası və xəstəliklərə nəzarət sahəsində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin potensialını daha da gücləndirməklə DBNX-nin imkanlarını genişləndirməkdən ibarət olub.

Tvinninq layihəsinin bağlanış tədbirində Aİ-nin nümayəndəliyinin təmsilçisi, Fransa və Macarıstanın Azərbaycandakı səfirləri, Fransiz-Macar Konsorsumu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi(DTRA), Dünya Bankı, ACİP layihəsi, Tvininq layihəsinin Bakı ofisi, Kənd Təsərrüfatı, Səhiyyə,  Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Rabitə və İnformasiya Texnologiyaları, İqtisadiyyat və Sənaye, Daxili İşlər, Təhsil nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, İDEA Heyvanlara Qayğı Mərkəzi və digər müvafiq aidiyyəti qurumların nümayəndələri  iştirak edib.

Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən "Tvinninq" layihəsi 2016-cı ilin 19 may tarixindən başlayaraq 2018-ci ilin may ayının 18-də başa çatacaqdır.

Respublikada Avropa İttifaqının dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən “Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək” tvinninq layihəsi çərçivəsində beynəlxalq və milli ekspertlər tərəfindən qarayara, nodulyar dermatit, xırdabuynuzlu heyvanların taun xəstəliyi, nyukasl, yüksək patogenli “quş gripi”, bruselyoz və quduzluq xəstəliklərinə qarşı mübarizə tədbirləri barədə qaydalar, həmin xəstəliklər üzrə Fövqəladə Fəaliyyət Planı və hər bir adıçəkilən xəstəliyin Standart Əməliyyat Prosedurları BEB-in və Avropa İttifaqı (Aİ) təşkilatlarının tələblərinə uyğun hazırlanmış, həmçinin müəyyən tədbirlərin özəl baytarlıq xidmətinə həvalə edilməsi, kompensasiya və heyvanların rifahı məsələləri ilə bağlı mövcud qanunvericiliyə əlavə və dəyişikliklər layihəsi hazırlanıb.

Həmçinin Tvinninq layihəsinin beynəlxalq ekspertləri və DBNX-nin mütəxəssisləri tərəfindən “2018-2022-ci illərdə Azərbaycanda quduzluq xəstəliyinə qarşı mübarizə üzrə Milli Strategiya” layihəsinin və fəaliyyət planının ilkin variantları hazırlanıb. Strategiya və fəaliyyət planının layihələri üzərində son tamamlanma işləri başa çatdırılıb.           

2017-ci il 20-23 fevralın tarixlərində “Tvinninq” layihəsinin komponentlərinə daxil olan "Azərbaycanda Quduzluğun kökünün kəsilməsi üzrə Milli Planın tərtibatı"na dair seminar keçirilib. 2018-ci ilin 17-19 yanvar tarixlərində isə Tvinninq layihəsi çərçivəsində respublikamızın üç regionunda (Abşeron, Lənkəran, Şəki) “Quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi” mövzusunda maarifləndirmə seminarları keçirilib. Eləcə də aprel ayında tvinniq layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində "Azərbaycanda bruselyoz xəstəliyinin qarşısının alınması və kökünün kəsilməsi strategiyası" mövzusuna həsr olunan seminar keçirilib, Lənkəran rayonunda isə “Xırdabuynuzlu heyvanların taununun alovlanması” mövzusunda simulyasiya çalışması keçirilib.

3 may 2018-ci il tarixində Göygöldə Avropa İttifaqının (Aİ) dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən “Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" tvinninq layihəsi çərçivəsində “Heyvan sağlamlığı sahəsində təhlükələrin müəyyən edilməsi və risklərin təhlili” mövzusunda təlim keçirilib.

Tədbiri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi, layihənin benefisar müəssisə (BM) tərəfindən rəhbəri Azər Süleymanov  açıb. Layihənin məqsədlərindən və layihə çərçivəsində görülən tədbirlərdən ətraflı məlumat verib. Layihənin uğurla başa çatması ilə əlaqədar Avropa İttifaqına, Fransa və Macarıstan hökümtlərinə minnətdar olduğunu bildirib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev tədbir iştirakçılarını Kənd Təsərrüfatı Nazirliyi adından salamlayaraq ölkəmizdə kənd təsərrüfatı sahəsində görülən tədbirlər barədə məlumat verib. Layihənin uğurla başa çatması münasibəti ilə layihənin icraçılarını və Dövlət Baytarlıq Nəzarəti Xidmətini təbrik edib və  Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqı ilə birgə həyata keçirilən tədbirlər və onun səmərəli nəticələrdən danışıb.

Daha sonra Aİ-nın Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Jeroen Villems, Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi, Fransa Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Olivye Fojer, Macarıstan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Lilla Egri, tərəfdaş ölkənin layihə rəhbəri (Fransa) Fransis Jeijer, 1-ci komponentin rəhbərləri Ramiz Salmanov və Jujanna Zogiyeni, 2-ci komponentin rəhbərləri Klement Əsədov və Akoş Jozviakı çıxış ediblər.

Tədbirdə çıxış edənlər Tvinninq layihəsinin əhəmiyyətindən danışaraq vurğulayıblar ki, bu layihə Azərbaycanda uğurla həyata keçirilib, gələcəkdə Avropa İttifaqının standartlarına uyğun heyvan sağlamlığının qorunması sahəsində və ərzaq təhlükəsizliyinin etbarlı təminatında böyük töhfələr verəcəkdir.

Avropa İttifaqı, Dünya Bankı və digər beynəlxalq təşkilatlarla, inkişaf etmiş ölkələrlə gələcəkdə heyvan sağlamlığı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

“AZƏRBAYCANDA EPİDEMİOLOJİ NƏZARƏT SİSTEMİNİN GÜCLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ DÖVLƏT BAYTARLIQ NƏZARƏTİ XİDMƏTİNƏ (DBNX) DƏSTƏK" TVİNNİNQ LAYİHƏSİNİN BAĞLANIŞ TƏDBİRİ KEÇİRİLİB
“AZƏRBAYCANDA EPİDEMİOLOJİ NƏZARƏT SİSTEMİNİN GÜCLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ DÖVLƏT BAYTARLIQ NƏZARƏTİ XİDMƏTİNƏ (DBNX) DƏSTƏK" TVİNNİNQ LAYİHƏSİNİN BAĞLANIŞ TƏDBİRİ KEÇİRİLİB