NAZİR MÜAVİNİ SEYFƏDDİN TALIBOV FRANSA İŞ ADAMLARI İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

NAZİR MÜAVİNİ SEYFƏDDİN TALIBOV FRANSA İŞ ADAMLARI İLƏ GÖRÜŞÜBMay ayının 18-i nazir müavini Seyfəddin Talıbov Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgiləri çərçivəsində keçirilən “Fransa təcrübəsi üzrə texniki  seminar”da Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez və Fransanın iş adamları ilə görüşüb.

Nazir müavini  qonaqları  səmimi salamlayaraq Azərbaycan və Fransa arasında siyasi, həmçinin kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayib.

Xalqlarımız arasında daim siyasi-ticarət əlaqələrinin mövcud olduğunu diqqətə çatdıran nazir müavini  bu əlaqələrin zaman-zaman yüksələn xətlə inkişaf etdiyini vurğulayıb və bildirib ki, Fransa Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasındadır. Hazırda Azərbaycan - Fransa əlaqələri bütün sahələrdə inkişaf edir. İki ölkə arasında siyasi baxımdan daha fəal dialoq aparılır. Dövlət başçılarının, habelə digər rəsmi nümayəndələrin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, həmçinin digər layihələrin reallaşması ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyədə olmasından xəbər verir.

NAZİR MÜAVİNİ SEYFƏDDİN TALIBOV FRANSA İŞ ADAMLARI İLƏ GÖRÜŞÜBNazir müavini qeyd edib ki, Azərbaycan ilə Fransa arasında iqtisadiyyatın digər sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlıq əlaqələri genişlənib  və bu istiqamətdə qarşılıqlı səmərəli işlər həyata keçirilir.  Belə ki, Göygöl rayonunda Süni Mayalanma Mərkəzinin yaradılmasında və müasir avadanlıqla təchiz olunmasında Fransa şirkətləri və mütəxəssisləri də iştirak edib. Azərbaycanın kənd təsərrüfatında heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Fransanın Şarole cinsi, xırda buynuzlu cins damazlıq heyvan (alpin keçiləri) ölkəyə gətirilərək lizinq yolu ilə fermer və sahibkarlara verilib. Quba rayonunda bu ölkədən gətirilən və Fransa texnologiyasından istifadə etməklə yetişdirilən alma tinglərindən istifadə olunur. Elektron kənd təsərrüfatı sisteminin yaradılmasında Fransız mütəxəssisləri də iştirak edirlər.

Nazir müavini qeyd etmişdir ki, “Strateji yol xəritəsi”nə uyğun olaraq bu gün kənd təsərrüfatı nazirliyinin qarşısında bir çox vəzifələr qoyulub. Belə ki, bazar iqtisadiyyatının formalaşdırılması, əlverişli biznes mühitinin yaradılması və rəqabət qabiliyyətli məhsul istehsal edilməsi əsas hədəflərdir. Bitkiçilikdə sertifikatlaşdırılmış toxum bazasının yaradılması, tingçiliyin inkişafı da artıq həyata keçirilir. Aqrokimya laboratoriyaları şəbəkəsinin yaradılması, onların müasir avadanlıqlarla təchizatı və kadr hazırlığı məsələləri də öz həllini tapıb. Bununla da demək olar ki, kütləvi torpaq analizinin aparılması təmin olunacaq. Sənaye yönümlü məhsulların istehsalı bir vəzifə kimi qarşıya qoyulub.

Bu gün Business France Agentliyi tərəfindən təşkil olunan “Fransa təcrübəsi üzrə texniki seminar” hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə və qarşılıqlı təcrübə mübadiləsinin artırılmasına və kənd təsərrüfatı sahəsində əlaqələrinin genişləndirilməsinə  də öz töhvəsini verəcəkdir.

Seminarda  Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Pənahov “Azərbaycanda üzümçülük və şərabçılığın ınkişaf perspektivləri” mövzusunda çıxış edib.

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir hazırkı iqtisadi şəraitdə ölkəmizdə həyata keçirilən aqrar  islahatları yüksək qiymətləndirib, Fransa şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib və iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da genişlənməsi üçün öz səylərini əsirgəməcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.