NAZİR MÜAVİNİ İLHAM QULİYEV ABŞ-IN BOSTON ŞTATININ ŞİRKƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

NAZİR MÜAVİNİ İLHAM QULİYEV ABŞ-IN BOSTON ŞTATININ ŞİRKƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜBSentyabr ayının 14-də Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ABŞ-ın Boston Ştatının şirkətlərinin nümayəndələri ilə görüşüb.

Görüşdə məqsəd Azərbaycanla ABŞ-ın Boston Ştatı arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanlarının, eləcə də, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və bu sahədə sərmayə qoyuluşunun müzakirəsi olub.

Nazir müavini İlham Quliyev qonaqları səmimi salamlayaraq ABŞ-la Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni müstəvidə inkişaf etdiyinə əminliyini ifadə edib.

Nazir müavini İlham Quliyev Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib. İlham Quliyev dünyada mövcud olan 11 iqlim tipindən 9-nun Azərbaycanda mövcud olduğunu və ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini nəzərə çatdırıb. Nazir müavini Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarına Rusiya və MDB məkanında yüksək təlabat olduğunu, Azərbaycan məhsullarının, xüsusilə olkəmizdə ən müasir istixanalarda istehsal olunan pomidor bitkisinin Rusiya bazarında brend kimi tanındığını qeyd edib.

“Lakin bizim məqsədimiz təkcə Rusiya və MDB bazarı deyil, biz ABŞ və dünyanın digər ölkələrinə kənd təsərrüfatı məhsuları ixrac etmək istəyirik” deyə nazir müavini vurğulayıb.

Nazir müavini bildirib ki, Azərbaycan neft ölkəsi olsada, hal-hazırda ölkə başçısı tərəfindən qeyri neft sektorunun inkişafına böyük diqqət yetirir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda sərmayə qoyuluşunu genişləndirmək üçün infrastruktur layihələr həyata keçirilir. Nazir müavini həmçinin ölkəmizdə fermer və sahibkarların torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunduğunu, gübrələrin 70 faiz, kənd təsərrüfatı texnikalarının 40 faiz güzəştlə verildiyini qonaqların diqqətinə çatdırıb. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Göygöl rayonunda ən müasir texnologiyalara uyğun Süni Mayalama Mərkəzinin tikildiyini, hər doğulan buzova görə dövlət tərəfindən 100 manat subsidiya verilməsi barədə məlumat verib.  

Nazir müavini İlham Quliyev Boston ştatının iş adamları üçün Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən qonaqlar Azərbaycan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan təmiz olduğunu nəzərə alaraq bu məhsulların ABŞ-ın Boston ştatına ixrac olunmasında maraqlı olduqlarını diqqətə çatdırıblar.

Sonra qarşılıqlı maraq doğuran məsələr üzrə geniş fikir mübadiləsi aparılıb.