Elanlar

  • A
  • A
  • A

Kənd Təsərrüfatı Nazirliyi Yaradıcılıq müsabiqəsi keçirir

“2015- ci ilin Azərbaycan Respublikasında “Kənd Təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 1160 nömrəli Sərəncamının icrasının təmin edilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2015-ci il 08 aprel tarixli 22 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının 5.2-ci bəndinə uyğun olaraq “Kənd təsərrüfatı sahəsində ən yaxşı məqalələrin müsabiqəsinin keçirilməsi və qalib jurnalistlərin mükafatlandırılması” məqsədi ilə kənd təsərrüfatı nazirliyi “Aqrar sahə: yeni inkişaf mərhələsində” mövzusunda yaradıcılıq müsabiqəsi keçirir.

MÜSABİQƏNİN ŞƏRTLƏRİ

- Təqdim edilən məqalələrdə, televiziya və radio süjetlərində Azərbaycanın kənd təsərrüfatının potensialı, bu sahənin inkişaf mərhələləri, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər, bu sahəyə göstərilən dövlət dəstəyi tədbirləri, aqrar sahənin ixrac potensialı, texniki təminat və sair geniş təhlil edilməlidir;

- Müsabiqədə yerli və Azərbaycanda akkreditə olunmuş xarici KİV-lərin əməkdaşları və müstəqil jurnalistlər fərdi və ya müştərək halda iştirak edə bilərlər;

- Müsabiqəyə hər bir jurnalist və ya jurnalistlər qrupu yalnız bir yazı (və ya süjet) təqdim edə bilər;

- Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalıdır;

- Məqalələr, televiziya və radio süjetləri Azərbaycan, rus və ingilis dillərində təqdim edilə bilər;

- Məqalələr, televiziya və radio süjetləri Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır;

- Məqalənin sonunda, televiziya və radio süjetlərində “Kənd Təsərrüfat Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir” qeydi göstərilməlidir;

- Təqdim edilmiş materiallarda plagiat aşkar edilərsə həmin yazılar (süjetlər) müsabiqədən kənarlaşdırılacaqdır;

- Məqalələrin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş məqalələrin saytdan çıxarılmış versiyası, televiziya və radio süjetləri isə DVD-də olmaqla yaradıcılıq müsabiqəsində iştirak edən namizədin jurnalist vəsiqəsinin surəti ilə birlikdə 1 noyabr 2015-ci il tarixinədək Kənd Təsərrüfat Nazirliyinə (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küç., 84 (Hökumət evi), 7-ci mərtəbə, 761-ci otaq) təqdim edilməli, materialların elektron versiyası isə həmin tarixədək “murtuzali.haciyev@agro.gov.az” poçt ünvanına göndərilməlidir;

- Müsabiqəyə təqdim olunmuş məqalələr, televiziya və radio süjetləri Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Komissiya tərəfindən 10 noyabr 2015-ci il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcəkdir;

Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaqdır:

Birinci yer – 2 nəfər, hər biri 500 manat;

İkinci yer – 2 nəfər, hər biri 250 manat;

Üçüncü yer – 2 nəfər, hər biri 150 manat;

Həvəsləndirici diplom (və ya hədiyyə).

Müsabiqə ilə bağlı əlavə məlumatı

Kənd Təsərrüfatı Nazirliyinin məsul əlaqələndiricisindən almaq olar

(tel: 493-51-64, Nəriman Əliyev).