Çoxillik əkmələr

Badam

  • A
  • A
  • A


Badam tez məhsula düşən qiymətli quru subtropik qərzəkli meyvə bitkisidir. Badam Gülçiçəklilər fəsiləsinə, Gavalı yarımfəsiləsinə, Amygdalus L. cinsinə daxildir. Bu cinsin 50-yə qədər növü vardır. Bundan MDB ərazisində yabanı halda 17 növə rast gəlinir. Bu növlərdən daha böyük əhəmiyyət kəsb edəni Adi badamdır.

Badam bitkisinin ləpəsinin 90%-i yeyinti, 5%-i tibb, və 2%-i ətriyyat sənayesində istifadə olunur.

Badam bitkisi ləpəsinin yağlılığına və yüksək qidalılığına görə qiymətləndirilir. Badam ləpəsində 60-70%-ə qədər yağ, 25%-ə qədər zülal, 10%-ə qədər şəkər, B, E, K vitaminləri, sulu karbonlar, sellüloza və s. vardır.

Ləpədən həm təzə halda, həm də qənnadı məmulatlarının hazırlanmasında istifadə edilir. Ləpədən alınan yağ qənnadı (şokolad, konfet, peçenye) və ətriyyat sənayesində, əczaçılıqda geniş istifadə edilir.

Badam ləpəsinin tərkibində qiymətli üzvü maddələrlə yanaşı vitaminlər və çox miqdarda mikroelementlər (K, P CaS və s.) vardır.

Acı badam ləpəsində olan amiqdalin alkoloidindən tibbdə bir çox mədə, bronxial astma, ciyər və qulaq  xəstəliklərinin müalicəsində istifadə olunur.

Badam meyvələrinin qabığından adsorbent hazırlanır, konyak hazırlanmasında rəngverici material kimidə işlənir. Oduncağından xarratçılıq işində istifadə edilir.

Adi badam yabanı halda Güney Qafqazda, Orta Asiya, Əfqanıstan, İran və Kiçik Asiyada yayılmışdır. Azərbaycan ərazisində də yabanı halda vaxtilə geniş yayılmışdır. Hazırda Naxçıvanda Şahbuz rayonunun Badamlı qəsəbəsinin ətrafında və dağlıq hissələrdə qalmış badam meşəlikləri burada çox qədimdən böyük badam meşəliklərinin olmasına dəlalət edir.

Badam adi halda 6-10 m hündürlükdə oval, ehram, yumurtavari, kürə, sallaq şəkilli çət­rə malik ağacdır. Bəzi formaları (Naxçıvanda Daş badam) 16-20 m-ə qədər hündürlüyə çatır.

Badam bitkisi isti və quraq iqlim bitkisi olduğundan isti iqlimli ölkələrdə  daha geniş becərilir.

Ədəbiyyat məlumatına əsasən (C.Məmmədov və başqaları, 2009) dünyada becərilən sənaye badam bağlarının sahəsi 5 milyon hektara bərabərdir və əsasən geniş şəkildə İtaliya, Portuqaliya, İspaniya, Mərakeş, Türkiyə, İran, Fransa və digər Aralıq dənizi ölkələrində, MDB ərazisi üzrə isə Orta Asiya və Cənubi Qafqaz ölkələrində becərilir.

Azərbaycanda sənaye həcmində badam ağacları əsasən Abşeron yarımadasında  becərilir.

Badamın sortları çoxdur və onlar ləpənin dad, forması, qabığının qalınlığına görə bir birindən fərqlənirlər.

Sortları. Respublikamızda əsasən Nikitskiy-62, Norparel, Prinsessa, Krimskiy, Kağızqabıq, Sarayı, Abşeron-1, Mərdəkanlı rayonlaşdırılmış və perspektivli Adi badam sortları becərilir.

Xarici şəraitə münasibəti. Badam istiyə tələbkar bitkidir. Lakin şaxtaya da davamlıdır. 30-35° şaxtaya davam gətirə bilir. İşığa yüksək tələbkardır. Sıx əkinlərdə boyu zəifləyir, məhsuldarlığı aşağı düşür. Torpağa tələbkar deyil. Müxtəlif tipli, yaxşı havalanan torpaqlarda normal inkişaf edir.

Artırılması. Badam, toxum və göz calağı ilə artırılır. Toxumla artırma calaqaltı yetişdirmək və seleksiya məqsədi güdür. Badam üçün calaqaltı olaraq badam toxmacalarından, qismən isə ərik, alça, şaftalı toxmacarlarından istifadə edilir. Bütün hallarda badam üçün ən yaxşı calaqaltı daşbadam sayılır. Calaq yayda (iyul-avqust) aparılır. Birillik tinglər payızda çıxarılıb, bağ salmaq üçün göndərilir.

Bağın salınması və qulluq. Badam bağı üçün sahə, dərin plantaj şumu (60 sm) aparıldıqdan sonra, hamarlanır və 8-12 hektarlıq sərnələrə bölünür. Bitkilər işığa yüksək tələbkar olduqlarından qida sahəsi 7-8x7-8 m verilir. Əkin payızda aparılır.

Dəmyə şəraitdə cərgə araları qara herik, suvarılan şəraitdə isə gövdə ətrafı boş qalmaqla, siderat bitkilər və ya çox illik ot bitkiləri (çəmən sistemi) altında saxlanır. Suvarılan rayonlarda bağ, il ərzində 4-5 dəfə suvarılır. Suvarma erkən yazda, çiçəkləmədən sonra, meyvə yetişən ərəfədə, meyvələr yığıldıqdan sonra payızda aparılır.

Badam bitkisinin bioloji xüsusiyyətləri, torpaq və iqlim şəraitinə az tələbkarlığı onun respublikanın əksər rayonlarında geniş becərilməsinə, əkin sahələrinin 1500-2000 hektara, meyvə istehsalının isə 2000 tona çatdırılmasına imkan verir.

Yeni salınan badam bağları əsasən 3-4-cü ildən başlayaraq məhsul verməyə başlayır. Yeni badam bağlarının salınması üçün birinci il 10-12 min vəsait qoyuluşu tələb olunur və tam məhsula düşmüş badam bağının hər hektarından qulluq işlərinin səviyyəsindən asılı olaraq ildə 2500-2800 manat mənfəət əldə etmək mümkündü.

Dövlət Statistuka Komitəsinin məlumatına əsasən 2016-cı ildə Azərbaycan Respublikasında  badam bağlarının ümumi sahəsi 477.4 ha, ondan bar verən bağların sahəsi 436.3  ha olmuş, bu bağlardan  1099,9 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 25,2 s/ha təşkil etmişdir.

17.10.2019

İstanbul Universitetinin müəllimi ADAU-da təcrübə dərsləri keçir

16.10.2019

Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb

16.10.2019

Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib