Çoxillik əkmələr

Gavalı

  • A
  • A
  • A

Gavalı (Prunus Mill.) cinsi 30-dan artıq növü birləşdirir. Əksər gavalı sortları ev gavalısından törəmişlər.
Ev gavalısı (Pr.domestica L.) yalnız mədəni halda becərilir. Yabanı halda rast olunmur. Gavalı 8 m-ə qədər hündürlükdə, kürə, ehram, dağınıq formalı çətrə malik, ağac və ya kol bitkisidir. Gövdəsi boz və boz-qara rəngli, cavan vaxtı hamar, yaşlı ağaclarda cadarlıdır. Yarpaqları ellips, uzunsov, yumurtavari və tərs yumurtavari formalı olub, alt tərəfi zərif tüklüdür. Yarpaqlar ilk vaxtlar qırmızımtıl-qəhvəyi, sonralar isə tünd yaşıl rəngdə olur. Tumurcuqlar budaq üzərində tək-tək (serial) və qruplarla (kollaterial) yerləşirlər. Hər qrupda 2-3 tumurcuq olur və onlar budağa perpendikulyar istiqamətdə, köndələn yerləşir. Bunların əksəri çiçək tumurcuğu olur. Adətən budağın əsasına  yaxın yerdə tumurcuqlar qruplarla, sona yaxın hissədə isə tək-tək yerləşir. Çiçək tumurcuqları sadədir. Bir çiçək tumurcuğundan 1-6 ədəd çiçək yaranır. Birevli bitkidir.

Meyvələrinin tərkibində 17%-ə qədər şəkər, 0,16-2,28% turşular (əsasən alma və limon turşusu), 0,15-1,05% dabbaq maddələri, C və P vitaminləri vardır. Toxumlarda 31-42% yağ və 0,3-0,46% amiqdalin olur.

Meyvələri təzə halda yeyilməkdən başqa, onlardan kompot, cem, mürəbbə, povidlo, pastila, şərab hazırlanır. Qurudulmuş meyvələrində 50%-dək şəkər olur. Eyni zamanda qurudulmuş meyvələr təzə meyvələrdə olan keyfiyyətini itirmədiyindən və uzun müddət saxlanmaq imkanına malik olduğundan, çox qiymətlidir. Qurudulmuş meyvələr qan azlığı zamanı yaxşı müalicəvi əhəmiyyətə malikdir.

Dünyada 9 mln tondan çox gavalı meyvəsi istehsal olunur. Bunun təxminən 5,8 mln tonu  Çinin payına düşür. Gavalı istehsalına görə Çindən sonrakı yerləri Serbiya (581874 ton), Ruminiya (573596 ton), Çili, İran, ABŞ tutur.

Azərbaycanda iqtisadi rayonlar sırasında Quba-Xaçmaz zonası gavalı istehsalının 31%-ni təşkil edir. 

Sortları. Gavalının 2000-dən artıq sortu məlumdur. Respublikamızda daha çox becərilən və perspektivli olan sortlar:  Şəftəligavalısı, Yaşıl Renklod, İtaliyan vengerkası, Xurmayı vengerka, Sarı albuxara, Aleksandr Düma, Altan renklodu, Ullens renklodu sortlarıdır.

Xarici səraitə münasibəti. Gavalı sortları əmələ gəlmə mənşəyindən asılı olaraq şaxtaya müxtəlif münasibət bəsləyirlər. Belə ki, Ussuriya gavalısından törəmiş sortlar şaxtaya daha davamlı (-55°), ev gavalısından törəyən Avropa mənşəli sortlar isə nisbətən az (-30-35°) davamlı olurlar.

İşığa tələbkar bitkidir. Rütubətə münasibəti sortun mənşəyindən və calaqaltıdan asılı olaraq dəyişir. Asiya mənşəli sortlar quraqlığa davamlı, Avropa mənşəli sortlar isə quraqlığa davamsızdır. Alçaya calanmış sortlar artıq rütubətliliklə asan, gavalıya calanmış sortlar isə artıq rütubətliliklə pis barışır. Ümumiyyətlə götürdükdə isə rütubətə tələbkar bitkidir. Yaxşı rütubətlənmiş, münbit, əhəngli torpaqlarda normal inkişaf edir.

Artırılması. Gavalı calaq, çilik və kök pöhrəsi ilə artırılır. Calaqaltı olaraq gavalı, alça və göyəmdən istifadə edilir. Eyni zamanda gavalını əriyə, şaftalıya və badama da calamaq olar. Bir qayda olaraq calaqaltılara yay göz calağı vurulur. Son vaxtlar qış calağı da tətbiq edilir.

Bağın salınması və qulluq. Gavalı bağı üçün sahə, qəbul olunmuş qayda üzrə hazırlandıqdan sonra, bir və iki illik tinglər düzbucaqlı əkin sxemi ilə, qida sahəsi 5-8x3-4 m olmaqla əkilir. Cərgəaraları ağaclar məhsula düşənə qədər qara herik və siderat altında, tam məhsula düşdükdən sonra isə qara herik altında saxlanır.

Gavalı bitkisi üzvi və mineral gübrələrə tələbkardır. Hər il hektara 20-30 ton peyin, təsiredici maddə hesabı ilə 90 kq fosfor və kalium, 60 kq azot verilməsi məhsuldarlığı xeyli yüksəldir.

Gavalı hava şəraitindən asılı olmayaraq il ərzində 5-6 dəfə (500-600 m3/ha olmaqla) suvarılmalıdır. Gavalıya seyrək mərtəbəli və yaxşılaşdırılmış kasavari formaların verilməsi yaxşı nəticə verir. Budama cavan ağaclarda nizamlayıcı, yaşlı ağaclarda isə sağlamlaşdırıcı və cavanlaşdırıcı budama üə aparılır. Birinci halda güclü boy atan zoğ və budaqlar gödəldilir, məhsuldar meyvə budaqcıqlarının əmələ gəlməsinə şərait yaradılır. İkinci halda qurumuş, zədəli, sıxlıq təşkil edən budaqlar kəsilib atılır və yeni boy zoğ­la­rının əmələ gəlməsini sürtləndirmək üçün yaşlı budaqlar, 3-5 illik budaqlara qədər gödəldilir.

Yeni gavalı bağının salınması üçün 6x4 m sxemi üzrə 4900 manata qədər vəsait tələb olunur. Hektardan orta hesabla 180-200 sentner məhsul alınarsa həmin sahədən 2500-3000 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 65% təşkil edir.

28.03.2024

Qubada Aqrar Biznes Festivalı keçirilib

28.03.2024

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Biləsuvarda vətəndaşları qəbul edib

27.03.2024

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçiriləcək