Çoxillik əkmələr

Narıngi

  • A
  • A
  • A

Naringi Citrus reticulata Blanco. adlanır. Bu növ daha çox torlu naringi adlanır. 2-3 m hündürlükdə olub, seyrək və dağınıq çətrə malik kol tipli ağacdır. Gövdə qabığı bozumtul - qaradır. Cavan zoğları yaşıl rənglidir. Yarpaqları tünd yaşıl, uzunsov oval formalı, ucu sivridir. Yarpaq saplağı qanadlıdır. Çiçəkləri xırda, tək-tək və ya 3-5 ədəd olmaqla qruplarla yerləşir. Ətirli, açıq çəhrayı və ağ rənglidir, yarpaq qoltuğunda yerləşir. Bitki birevli, çiçəkləri ikicinslidir. 5 ədəd kasa yarpağı, 5 ədəd ləçək yarpağı, 1 dişicik, çoxlu erkəkciyi var. Erkəkciyin toz kisəsi toz vermir. Bakirə (partenokarp) meyvə verir. Bəzi sortları, mayalanma getmədən, vegetativ stimulyasiya nəticəsində yumurtalıqda qız hüceyrələrin bölünməsi hesabına, həyat qabiliyyətli toxumu olan meyvələr yaradır. Bu prosesə apomiksiya deyilir.

Meyvələri sortlardan asılı olaraq xırda, orta və iri olur. Diametri 6-8 sm-ə qədər olub, yumru, yastı uzunsov, armudvari formalıdır. Meyvə qabığı, parlaq narıncı-sarı rəngli, şirin, turşməzə tamlıdır. Əksər meyvələr toxumsuz olur. Qabığı lətdən asan ayrılır, meyvə 9-13 dilimdir.

Sortlardan asılı olaraq kimyəvi tərkibi müxtəlifdir. Bir qrup sortlar yüksək şəkərliliyi, digərləri isə tərkibində çoxlu üzvi turşular olması ilə fərqlənir. Eyni zamanda bütün sortlar yüksək vitaminlidir.

Naringinin tərkibində 1,9-2,5% efir yağı, 0,4 mg% karotin, üzvi turşular, şəkər, az miqdarda azotlu maddələr, C, B1, B2, A, P, PP vitaminləri vardır.

Dünyada 2029000 ha sahədə naringi bitkisi yetişdirilir. Naringi istehsalında ön sıralarda olan ölkələr sırasında Çin (10,1 mln. ton), İspaniya (1,7 mln. ton), Braziliya (1,1 mln. ton) və Türkiyədir (858 min ton). Naringi istehsalında əhəmiyyətli ölkələr isə Misir, Yaponiya, Koreya, Pakistan və ABŞ-dır.

Azərbaycanda iqtisadi rayonlar sırasında Lənkəran zonası naringi istehsalının 99%-ni təşkil edir. 

Sortları. Naringi sortları əmələgəlmə və yayılmasına görə müxtəlif olduqlarından onlar torlu naringi növü daxilində 7 pomoloji qrupa ayırılır: Unşiu qrupu,  Tanjerin qrupu, Suxoykan qrupu, Suntara-ponkan və ya Çinlıindistan qrupu, Mədəni naringı və ya Hindi-Çin-Malayziya qrupu, Xırda meyvəli və ya Çin-Yapon qrupu,  Hibrid formalar qrupu. Naringinin Kovano-vase, Ovar, Silverxil, Klementin, Pioner 80, Soçinskiy 23 ən geniş yayılmış sortlarıdır.
Xarici səraitə münasibəti. Naringi sitrus meyvə bitkiləri içərisində şaxtaya daha davamlısıdır. 8°-yə qədər şaxtanı normal keçirir. Yerüstü hissəsi 10…12° şaxtadan, meyvələri 2° şaxtadan zədələnir. +30°-dən artıq temperaturda bitkidə maddələr mübadiləsi dayanır, böyümə zəifləyir.

Rütubətə tələbi limondan az, portağaldan isə artıqdır. Naringinin normal vegetasiya dövrü (orta sutkalıq temperatur 10°-dən artıq olmaqla) 190-210 gün təşkil edir. Torpağa münasibəti kök sistemindən asılıdır. Trifoliataya calanmış bitkilər münbit, yaxşı su və hava keçirmə qabiliyyətinə malik torpaqlarda daha yaxşı inkişaf edir.

Artırılması. Naringi açıq şəraitdə becərilmək üçün trifoliataya calaq edilir. Calaqaltıların becərilməsi, calanması və digər işlər limon bitkisində olduğu kimi aparılır.

Bağın salınması və qulluq. Naringi bağı da limon bağı kimi təşkil edilir. Qida sahəsi 4x3 m, 4x2,5 m, yamaclarda isə 3x3 m verilir. Bağ üçün nisbətən düzən, yaxşı işıqlanan sahə seçilir. Bağ yamaclarında naringi digər sitruslarla birgə əkilərsə o, şaxtaya nisbətən davamlı olduğundan, yamacın yuxarı hissəsinə planlaşdırılır.

Yeni naringi bağının salınması üçün 3x4 m sxemi üzrə 8500 manata qədər vəsait tələb olunur. Hektardan orta hesabla 240-250 sentner məhsul alınarsa həmin sahədən 6000 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 97% təşkil edir.

17.10.2019

İstanbul Universitetinin müəllimi ADAU-da təcrübə dərsləri keçir

16.10.2019

Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb

16.10.2019

Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib