Tərəvəzçilik

Pomidor

  • A
  • A
  • A

Pomidor bitkisi ölkəmizdə özünün əkin sahəsinə və istehsal həcminə görə həmişə aparıcı yeri tutmuş və tutmaqdadır.

Pomidorun vətəni Cənubi və Mərkəzi Amerikanın (Peru, Çili, Qvatemala) tropik rayonları olmuş, Avropaya ilk dəfə olaraq XVI yüzillikdə gətirilmiş, o vaxta qədər isə o ekzotik və dərman bitkisi kimi tanınmışdır. Bizim ölkəmizdə isə ilk dəfə 1862-ci ildən becərilməyə başlanmışdır.

Pomidorun tərkibində cox əhəmiyyətli qida məhsulları, mineral duzlar, vitamnlər vardır. Tərkibindəki şəkərin turşuya münasibəti nə qədər çox olarsa, meyvə daha da dadlı olar.

Meyvəsinin tərkibində orta hesabla quru maddə 6-7%, zülal 0,8-1%, mineral maddələr 0,5-0,6%, şəkər 4,0-5,0%, sellüloza 0,8-0,9%, vitamini C 25-27 mq%, A,B1, B2,PP vitaminləri vardır. Pomidorun tərkibində olan bütün qiymətli maddələr insan orqanizminin normal inkişafı və onun əmək qabiliyyətinin saxlanması üçün vacibdir. Odur ki, hər bir insan gün ərzində azı 300-400q pomidor yeməlidir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2016-cı təsərrüfat ilində Azərbaycanda 22422 hektar sahədə pomidor əkilmiş, cəmi 502,7 min ton məhsul istehsal edilmiş, hektardan məhsuldarlıq 187,6 sentner olmuşdur.

Respublikada pomidor məhsuluna olan təlabat tam ödənilir.

Pomidor bitkisinin sortları: Respublikamızda pomidor bitkisinin tezyetişən-Utro, Elnur, İlyas, Alsu, ortayetişən-Maqomed-Ali, Astol, Nuru, Şəkər, Yubiley-60, Xəzər, Zəfər ortayetişən-Titan, Elim, İlkin, Dar Zavoljya, Vətən-1, Leyla, Zərrabi sortları rayonlaşdırılmışdır. Tezyetişən və ortatezyetişən sortların əsasən suvarılan ovalıq, Lənkəran zonasında, ortayetişən sortların isə suvarılan dağətəyi-düzən, Lənkəran, Abşeron və digər iqtisadi rayonlarda əkilməsi məqsədə müvafiqdir.

Pomidor əkini və əkinlərə qulluq

Pomidor bitkisi üçün ən yaxşı sələf bitkiləri-xiyar, bostan bitkiləri, soğan, kələm, paxlalılar hesab edilir. Bu bitki üçün mexaniki tərkibcə yüngül, qumsal torpaqlar daha əlverişlidir.

Respublikanın tərəvəzçilik bölgələrində şitillər əsasən parniklərdə və polietilen örtüklü istixanalarda 35-40 gün ərzində becərilir. Bölgələrin iqlim şəraitindən asılı olaraq əkin üçün hazır olan şitillər may ayının I ongünlüyünə qədər olan müddətdə açıq sahədə 70x 35-40 sm sxemi üzrə əkilir.

Pomidor toxumunun cücərməsi üçün normal temperatur 23-250 hesab edilir. Bitkinin normal böyüyüb inkişaf etməsi üçün 23 7 temperatur rejimi saxlanmalıdır.
Bitkiyə qulluq işləri əsasən cərgə və bitki aralarının becərilməsi, alaqların vurulması, gübrələrin verilməsi, suvarılması və xəstəlik və zərərvericilərə qarşı mübarizədən ibarətdir.

Sort xüsusiyyətlərindən asılı olaraq hər 300-350 kq meyvədən 1 kq, 1 ton meyvədən 3,0-3,5 kq, 1 ha-dan 150-200 kq toxum əldə etmək olar. Toxumu düzgün saxladıqda cücərmə qabiliyyətini 5-7 il saxlayır.

Pomidor bitkisinin Quba-Xaçmaz zonası üçün səpin vaxtının 1-5 III, əkin vaxtının 25 IV; 5 V, Lənkəran-Astara zonası üçün uyğun olaraq 20-25II, 5-10 IV, Abşeron zonası üçün 20.III-1.IV, 1-10.V da aparılması məqsədəuyğundur.

Yazda, əkin ərəfəsində 20-25 sm dərinliyində II yaz şumu və malalama aparılmalıdır.

Malalama zamanı hektara superfosfat, kalium-sulfat və ammonium sorasının hərəsindən 1 sen verilməlidir.

Pomidor bitkisi mineral qidalanmağa çoxtələbkardır.

Gübrələmə sisteminə əsas və əlavə yemləmə şəklində verilən gübrələr daxildir. Əsas gübrələmə şumqabağı torpağın hər hektarına 20 ton peyin, fosfor və kalium gübrələrinin 50%-ni əsas şum altına, 20%-i şitil torpağa əkiləndən 12-15 gün sonra, qalan 30%-i isə ilk meyvə əmələ gələn vaxt verilir. Azot gübrəsinin 30%-i yazda ikinci şum altına, 40-45%-i şitil torpağa əkiləndən 12-15 gün sonra, qalan 25-30%-i isə ilk meyvə əmələ gələn dövrdə verildikdə yaxşı nəticə alınır.

Pomidorun geniş yayılmış xəstəlikləri fitoftora, makrosporioz, meyvələrdə təpə cürüməsi, əsas zərərvericiləri pambıq sovkası, mənənə, karadrina hesab edilirlər.

Xəstəliklərə qarşı mübarizədə müasir tələb olunan funqisidlərdən istifadə olunur.

Yerli sortların xarici sortlardan təsərrüfat və məhsulun keyfiyyət göstəriciləri baxımından üstünlüyü.

Yerli sortlar (Elim, İlkin, Vətən-1, leyla, Elnur, Zərrabi, İlyas, Nuri, Şəkər, Yubiley-60, Xəzər, Şəkər, Alsu) xarici sortlardan aşağıdakı əsas göstəricilərinə görə üstünlük təşkil edirlər:

Vegetasiya müddəti (günlə)               -107-109

Məhsuldarlıq (sen/ha) sortlar üzrə      -532,0-552,0

Keyfiyyət göstəriciləri: quru maddə    -5,6-6,6%

                                 zülal               -1,0-1,5%

                                 vitamin C        -25-30 mq%

Bir hektar pomidor sahədə yetişdirilməsinə 3058,40 manat xərc çəkilmiş,    1 kq superelit toxumun dəyəri 148,68 manat, 1 kq elit toxumun dəyəri 106,20 manat, I reproduksiya toxumun dəyəri 59,47 manat təşkil edir.

17.10.2019

İstanbul Universitetinin müəllimi ADAU-da təcrübə dərsləri keçir

16.10.2019

Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb

16.10.2019

Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib