Birbaşa Dövlət Dəstəyi

  • Ana səhifə
  • Birbaşa dövlət dəstəyi
  • Hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydası

Hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydası

  • A
  • A
  • A

Hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına

mineral gübrələrin güzəştlə satılması

QAYDASI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”na əsasən  hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələr 70 faiz güzəştli qiymətlərlə satılır. Satıcı tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin yuxarı həddi hər hektar əkin sahəsinə görə 80 manat müəyyən məbləğində edilmişdir.

İstehsalçılara mineral gübrələrin güzəştli qiymətlərlə satılması aşağıdakı qaydada həyata keçirilir:

- İstehsalçı güzəştli qiymətlərlə mineral gübrələri almaq üçün alacağı gübrələrin növünü və çəkisini  göstərməklə, kənd ərazi komissiyası tərəfindən təsdiq edilmiş ərizə ilə birlikdə satıcıya müraciət edir. Bu zaman istehsalçı mülkiyyətində, icarəsində və ya istifadəsində əkin sahəsinin olmasını təsdiqləyən sənədlərin surətini və ərizəyə əlavə edilmiş cədvələ uyğun becərilməsi nəzərdə tutulan bitki növləri və ya mövcud əkinləri barədə zəruri məlumatları açıqlayaraq, ərizəyə əlavə etməlidir;

- İstehsalçının ərizəsi və ona əlavə edilmiş sənədlər satıcı tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, mineral gübrələrin istehsalçıya 70 faiz güzəştli qiymətlə satılmasını təmin edir;

- Satıcı mövcud qaydalara uyğun mineral gübrələrin 70 faiz güzəştli qiymətlə satılmasından imtina etdiyi halda, istehsalçıya imtinanın səbəblərini göstərməklə yazılı məlumat verir;

- İstehsalçı alınacaq mineral gübrələrin güzəştli qiymətlərlə müəyyən olunmuş dəyərini qabaqcadan ödəməklə, onları satıcıdan bilavasitə əldə edir. Bu zaman istifadəçi  ilə satıcı arasında qanunvericiliyə uyğun qaydada alqı-satqı əməliyyatı həyata keçirilir;

- Satıcı mineral gübrələrin alqı-satqısını təsdiqləyən sənədləri, satılan mineral gübrələrin miqdarını və dəyərini göstərməklə, istehsalçılar (alıcılar) üzrə icmal siyahını tərtib edərək, üç nüsxədən ibarət hər ayın 30-dək müvafiq rayon komissiyasına təqdim edir.

- Rayon komissiyası təqdim edilmiş sənədlərə 3 (üç) iş günü müddətində baxır və icmal siyahını təsdiq edərək, bir nüsxəsini Respublika Komissiyasına (Naxçıvan Muxtar Respublikası Komissiyasına) təqdim edir, ikinci nüsxəsini isə satıcıya qaytarır;

- Satıcı güzəştli qiymətlərlə satdığı mineral gübrələr haqqında rayon icra hakimiyyəti tərəfindən təsdiq edilmiş icmal siyahını  hər ayın nəticəsinə görə müvafiq qaydada Respublika Komissiyasına və Naxçıvan Muxtar Respublkası Komissiyasına təqdim edir;      

- Respublika Komissiyası satıcılar və rayon komissiyası tərəfindən təqdim olunmuş sənədlərə 5 iş günü müddətində baxır və qəbul etdiyi qərarla birlikdə bütün sənədləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir və bu barədə satıcılara bildiriş göndərir;

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təqdim edilmiş sənədlərə 10 iş günü müddətində baxır və satılmış mineral gübrələrin dəyərinin 70 faizinin dövlət büdcəsi hesabına satıcılara ödənilməsini təmin edir;

- Güzəştli şərtlərlə mineral gübrələrin alqı-satqısı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər qeydə alınmaq üçün Respublika Komissiyasına və Naxçıvan Muxtar Respublikasının Komissiyasına yazılı surətdə müraciət etməlidirlər. Respublika Komissiyası və Naxçıvan Muxtar Respublikasının Komissiyası hüquqi və fiziki şəxslərin müraciətlərinə 3 iş günü ərzində baxır və onlara qeydiyyata alınmaları barədə bildiriş göndərir;

- Qeydiyyatdan keçməyən və mineral gübrələrin idxalı və satışına lizenziyası olmayan hüquqi və fiziki şəxslərin mineral gübrələrin güzəştli şərtlərlə satışını həyata keçirmək hüquqları yoxdur.