Birbaşa Dövlət Dəstəyi

İstehsalçılara yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydası

  • A
  • A
  • A

 İstehsalçılara əkin sahəsinin becərilməsində

istifadə etdiyi yanacaq və motor yağlarına görə

dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi

QAYDASI

İstehsalçılara genetik modifikasiya olunmamış bitkilərin hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi  yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat məbləğində yardım Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”na əsasən verilir.

İstehsalçılara yardımın verilməsi  aşağıdakı qaydada həyata keçirilir:

- İstehsalçı dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımı almaq üçün hər il 01 iyun tarixinədək ərizə ilə birlikdə tələb olunan digər sənədlərin (şəxsiyyət vəsiqəsinin, torpaqdan istifadəyə hüquq verən sənədlərin və s.) surətlərini kənd ərazi komissiyasına təqdim edir;

- Kənd ərazi komissiyası ərizə daxil olduqdan sonra 10 gün müddətində istehsalçının iştirakı ilə əkin sahələrində və çoxillik əkmələrdə aparılmış aqrotexniki işləri yerində yoxlayır və baxış aktı tərtib edir. Aktın bir nüsxəsi istehsalçıya verilir.

- kənd ərazi komissiyası tərtib olunmuş aktlara əsasən istehsalçıların siyahısını və onlar tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə etdikləri əkin sahəsi və çoxillik əkmələr barədə məlumatları (2 nömrəli cədvəl) baxılmaq üçün 15 iyun tarixinə kimi rayon (şəhər) komissiyasına təqdim edir;

- Rayon (şəhər) komissiyası kənd ərazi komissiyalarından daxil olan məlumatları 10 gün müddətində təhlil edir, sual doğuran məqamları kənd ərazi komissiyaları ilə birlikdə yerində araşdırır, sonra icmal siyahını (3 nömrəli cədvəl) tərtib edir;

- Rayon (şəhər) icra hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş istehsalçıların icmal siyahısı (2 və 3 nömrəli cədvəllər)  rayon (şəhər) komissiyası tərəfindən 25 iyun tarixinədək Respublika Komissiyasına və Naxçıvan Muxtar Respublikası Komissiyasına təqdim edilir;

- Respublika Komissiyası təqdim edilmiş icmal siyahılara 10 gün müddətində baxır və istehsalçılara yardımın verilməsi barədə qərar qəbul edir;

- Respublika Komissiyası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Kapital bank” ASC ilə birlikdə 10 iyul tarixindən başlayaraq istehsalçılara yardımların ödənilməsini təmin edir;

- Plastik kartlar istehsalçılara “Kapital Bank” ASC-nin yerli filialları tərəfindən birbaşa verilir.