Atçılıq

Dilbaz atı

  • A
  • A
  • A

Orta əsrlərdən XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə kimi cinsin köhnə tiplərinin rəngindən asılı olaraq onu “göydəmir”, “göydəmir türk atı”, yaxud sadəcə “boz at” adlandırmışlar. 1950-1960-cı illərdə bu at onun əsas vətəni hesab edilən bölgənin adı ilə “Qazax” adlandırılırdı. 1960-1970-ci illərdə müxtəlif sənədlərdə, kitablarda, elmi əsərlərdə “Qazax (Dəliboz)”, “Qazax (Diliboz)”, “Qazax (Azərbaycan)”, “Diliboz” və s. variantlar işlədildi. 1980-ci illərdə isə “Dilboz” yazılışına üstünlük verildi. Nəhayət bu məsələyə son qoyuldu, Azərbaycan SSR Nazirlər Sovetinin 22 avqust 1990-cı il tarixli 392 saylı qərarı ilə cinsin adı rəsmi olaraq ilk dəfə, onu yetişdirən sülalənin adına uyğunlaşdırılaraq “Dilbaz”adlandırılmışdır.

Azərbaycanın xalq ədəbiyyatından məlumdur ki, Koroğlu, Babək, Qaçaq Nəbi, Qaçaq Kərəm, digər xalq qəhrəmanlarının döyüşdən qalib çıxmaları yüksək qaçış sürətinə malik olan və dağlıq ərazilərdə yaxşı hərəkət edə bilən atların köməyi sayəsində mümkün olmuşdur. Qaçaq Nəbinin Bozatı bütün əlamətlərinə görə Dilbaz atının o zamankı tiplərindən biri idi.

Ölkəmizin ərazisində hələ eramızdan əvvəl V minilliyin sonu, IV minilliyin birinci yarısına aid Əliköməktəpə abidəsində tapılan əhliləşdirilmiş at sümüklərinin də azı iki at tipinə aid olduğu göstərilir. Hazırda dünyada yetişdirilən 260 at cinsinin ikisi -“Qarabağ” və “Dilbaz” atları xalq seleksiyası nəticəsində Azərbaycanda yaranmış və Azərbaycan xalqına məxsusdur. Qarabağ və Dilbaz at cinsləri qədim dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş həmin iki at tipindən istifadə olunmaqla yaranmışdır. Müasir Dilbaz atlarının cins kimi formalaşması XVII əsrin birinci yarısından başlayaraq XVIII-XIX əsrləri əhatə edən uzun bir prosesdir. Məhz həmin dövrdə təmizlikdə yetişdirilən Dilbaz atının digər Şərq ( Ərəb, Türk, Qarabağ, sonralar Terek) atları ilə qismən yaxşılaşdırılması prosesi aparılmışdır.

Qazax qəzasında Allahyar bəy Zülqədərov və onun mənsub olduğu Dilbazilər sülaləsinin nümayəndələrinə məxsus at ilxılarında Dilbaz atlarının yaxşılaşdırması istiqamətində aparılan işlər müasir dövrümüzə gəlib çatmışdır. Dilbazilərin ulu babası Allahyar ağa XVII əsrin əvvəllərində Türkiyə və İraqda təhsil almış, zəmanəsinin savadlı və sayılıb-seçilən simalarından olmuşdur. O, Anadolu türklərindən olan İbrahim bəylə dostluq etmişdir. İbrahim bəyin böyük at zavodu olmuş və burada 20 il müntəzəm olaraq yerli türk atlarının Ərəb cinsli atlarla yaxşılaşdırılması işləri aparılmışdır. Allahyar ağanın bu atlardan xoşu gəldiyini görən İbrahim bəy ona həmin atlardan iki bir yaşar erkək və dişi at bağışlamışdır. Ərəbləşmiş bu atları Allahyar ağa Xanlıqlar kəndinə gətirir və onları öz aralarında cütləşdirərək çoxaldır, eyni zamanda, öz ilxılarında yerli atların yaxşılaşdırılmasında həmin atlardan istifadə edir. Allahyar ağadan sonra nəslin nümayəndələri Alı ağa, Hacı Əbdürəhman ağa, Hacı Allahyar ağa Dilbazi, Hacı Kərim ağa Dilbazi babalarının yetişdirdiyi atların təkmilləşdirilməsi və artırılması ilə məşğul olmuşlar. XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər olan dövrdə Hacı Kərim ağa Dilbazinin oğlu Hacı Əbdürəhim ağa babalarının nəsildən-nəslə əmanət kimi ötürdükləri cinsi təmizlikdə yetişdirməyə başlayır. Bütün bunlar onu deməyə əsas verir ki, müasir Dilbaz at cinsinin ilkin seleksiya özəyini məhz Dilbazilərə məxsus at ilxıları təşkil etmiş və cinsin formalaşmasına zəmin yaratmışdır.

Dilbaz at cinsinin formalaşmasında Zülqədərovlar nəslinin davamçısı, XIX əsrin sonu, XX əsrin əvvəllərində tanınmış şəxsiyyətlərdən biri olmuş Allahyar bəy Zülqədərovun da böyük xidmətləri olmuşdur. O, çar Rusiyasının Duma üzvü və II Nikolayın yaxın dostu olmuş, Peterburqda Meşəçilik Akademiyasını bitirmişdir. Onun əsas malikanəsi o zaman Qazax qəzasına baxan, Tovuzun Keşkənd kəndində (indiki Gədəbəy rayonunun Qoşabulaq kəndi) yerləşmişdi. Professor R.X.Səttarzadə və S.O.Həsənov “Qarabağ atı” kitabında qeyd edirlər ki, Allahyar bəy Zülqədərov, onun Şəmkir və Zəyəmdə mülkləri olan qardaşlarının ilxılarında 740 başdan çox müxtəlif cinsli atlar yetişdirilirdi. Keşkəndin yaşlı adamlarının verdiyi məlumatlara görə, Allahyar bəyin ilboyu Xınna dərəsində və Öküz dağının ətəyində yerləşən “göydəmir” atlardan təşkil olunmuş ilxıları var idi. O zaman bu cür, yaxud “göydəmir türk atları” adlanan həmin atlar müasir Dilbaz cinsinin o dövrdəki nümunələrindən idi. Allahyar bəy başqalarından fərqli olaraq ilxılarında damazlıq işlərini zavod səviyyəsində aparırdı. Belə ki, boz, yaxud göydəmir atların sarı və kürən atlarla bir yerdə saxlanmasına və cütləşdirilməsinə yol vermir, ilxılarında yerli sarı və kürən atlarını Ərəb, Axaltəkə və Təmizqanlı İngilis atları lə yaxşılaşdırırdı.

Dilbaz atı idmanda, minikdə, yükdə və yüngül qoşquda istifadə olunur. Dözümlülüyü və dağlıq şəraitində minik üçün möhkəm olması ilə səciyyələnir. Boyu 152 sm, döş qucumu 172 sm və top sümüyü qucumu 19,4 sm təşkil edir.
"Dilbaz" atları yaxşı işləmə bacarığı göstərirlər. Bu at cinsi bir gündə belində 115-130 kq yük ilə 45-55 km, idmançı ilə isə 70 km yol qət etmək bacarığına malikdir. Ən yüksək yarış göstəriciləri 1600 metrlik məsafə üçün 1 dəqiqə 56 saniyə və   metrlik məsafə üçün 2 dəqiqə 55 saniyədir. Dilbaz at cinsi 1869-cu ildə Moskvada, 1895-ci ildə Tiflisdə və 1912-ci ildə Pyatiqorskda keçirilmiş at sərgilərində nümayiş etdirilmişdir.Dilbaz cinsli atlar 1962-ci ildən başlayaraq hər il Moskvada və ittifaqın ayrı-ayrı respublikalarının cıdır meydanlarında keçirilən yarışlarda sınaqdan keçirilmişlər. Bu yarışlarda Dilbaz cinsli  atlar dəfələrlə birinci yeri tutmuşlar.

At cinslərinin genofondunun qorunub saxlanmsaı məqsədi ilə  Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamına əsasən  Ağstafa rayonunun ərazisində müasir tələblərə uyğun “Dilbaz” Atçılıq Kompleksi inşa edilir. Hazırda bu təsərrüfatda 100 başdan artıq Dilbaz cinsli atlar təmizlikdə yetişdirilir.

29.03.2024

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir

28.03.2024

Qubada Aqrar Biznes Festivalı keçirilib

28.03.2024

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Biləsuvarda vətəndaşları qəbul edib