• Ana səhifə
  • Xəbərlər
  • Kənd Təsərrüfatı Nazirliyi və FAO qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin məsləhətləş...
Kənd Təsərrüfatı Nazirliyi və FAO qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısını keçirib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi ilə birgə qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısını təşkil edib.

Tədbirin əsas məqsədi qoyunçuluğun dəyər zənciri iştirakçılarını fəal şəkildə cəlb etməklə dəyər zəncirinin bütün pillələrindəki məsələləri, mövcud imkan və çətinlikləri müzakirə etmək, eləcə də bu sahənin çoxşaxəli inkişafına şərait yaratmaqdır. Seminar zamanı tədbir iştirakçılarına FAO-nun Dəyər Zənciri üzrə Beynəlxalq Məsləhətçisi Mita Puncabi tərəfindən Azərbaycanda qoyunçuluq sahəsi üzrə təhlilin nəticəsi ilə bağlı təqdimat keçirilib.

Toplantıda Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, digər dövlət müəssisələri, assosiyasiyalar, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri, fermerlər, həmçinin FAO-nun beynəlxalq mütəxəssisləri iştirak edib.

Qeyd edək ki, iclas Azərbaycan höküməti tərəfindən maliyyələşdirilən və FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində 2018-ci ilin dekabr ayından icra olunan "Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması” layihəsi çərçivəsində təşkil olunub. Layihə çoxaltma və yemləmə strategiyalarının hazırlanması, heyvan sağlamlığı və transsərhəd xəstəliklərin idarəsi sahəsində mövcud olan çətinlikləri həll etmək, məhsulun bazar tələbatına əsasən hazırlanmasını təmin etmək üçün qoyunçuluq üzrə dəyər zəncirinin fəaliyyətini dayanıqlı şəkildə inkişaf etdirmək məqsədini daşıyır.