Kürdəmirdə yeni səpin texnologiyası ilə bağlı tarla nümayişi keçirilib

Ölkə ərazisində payızlıq səpinin başlaması münasibəti ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı və Almaniyanın “Claas” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “4S” şirkətinin dəstəyi ilə Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin (RAEIM) əkin sahəsində “Səpin Günü” tarla nümayişi keçirilib.  

Tarla nümayişi Kürdəmir RAEİM-in Gəris-Əyribənd kəndi ərazisindəki əkin sahəsində baş tutub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan təşkilatların məsul şəxsləri, yerli icra hakimiyyəti, bələdiyyə nümayəndələri, şirkət əməkdaşları, fermerlər və digər istehsalçılar iştirak ediblər.

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Pərviz Cəfərov, Kürdəmir RAEİM-in direktoru Kənan Səmədli çıxış edərək bildiriblər ki, tarla gününün keçirilməsində məqsəd istehsalçıları və əlaqədar təşkilat nümayəndələrini səpin texnologiyaları sahəsində ən son innovasiyalarla tanış etmək, yenilikləri təbliğ etməkdir. Bildirilib ki, becərmə sahəsində müasir texnikaların tətbiqini yaxından müşahidə etmək torpaq adamları üçün son dərəcə vacibdir. Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi sistemində gedən islahatların nəticəsi olaraq Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzi yeni fəaliyyət strategiyası müəyyən edib. Bu strategiyanın əsas məqsədi hər bir fermer üçün maraqlı olan bir mərkəzə çevrilməkdir. Bundan sonra mərkəzin əkin sahələrində tez-tez tarla günləri keçiriləcək və ən son elmi yeniliklər barədə fermerlərə mütəmadi məlumat veriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Aqrokimya və Torpaqşünaslıq İnstitutunun direktoru Əlövsət Quliyev, “4S” şirkətinin direktor müavini Pərviz Həsənov müasir torpaqbecərmə texnologiyaları barədə danışıblar. Fermerlərin diqqətinə çatdırılıb ki, son illər aran bölgəsindəki əkin dövriyyəsində olan torpaqların düzgün şumlanmaması, hamarlama və digər vacib addımların atılmaması nəticəsində torpaqların meliorativ vəziyyəti kəskin şəkildə pisləşib. Qurunt suları səthə çıxaraq torpaqların struktrunun pozulmasına səbəb olub. Almaniyadan gətirilmiş texnikalar ən ağır struktura malik olan torpaqların şumlanaraq hamarlanmasını həyata keçirir.

Daha sonra müasir texnika və avadanlıqlar vasitəsi ilə səpin aparılacaq torpaqların düzgün şümlanması, hamar vəziyyətə gətirilməsi, effektiv gübrələmə və səpinin aparılması prosesi nümayiş etdirilib. Yeni səpin texnologiyası ilə bağlı fermerləri maraqlandıran suallar cavablandırılıb.   

Qeyd edək ki, Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin Almaniyanın “Claas” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “4S” şirkəti ilə əməkdaşlığı nəticəsində 10 hektardan ibarət təcrübə-nümayiş sahəsi yaradılıb, bu sahədə ilboyu bölgə fermerlərinin maarifləndirilməsi həyata keçiriləcək.