Qanunvericilik

Kənd Təsərrüfatı Nazirliyində qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları

  • A
  • A
  • A

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 12.2-ci və 18.8-ci bəndlərinə əsasən

 qərara alıram: 

  1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aparatının, strukturuna daxil olan qurumların və sturukturuna daxil olmayan tabeliyində olan qurumların etik davranış Qaydaları” təsdiq edilsin (əlavə olunur).
  2. Nazirliyin Aparatında və tabeliyində olan qurumlarda etik davranış qaydalarına əməl olunmasına bilavasitə nəzarət və pozuntular barədə məlumatların hazırlanması Aparatda İnsan resurslarının idarəedilməsi şöbəsinə, tabe qurumlarda həmin qurumların kadr məsələləri üzrə struktur bölmələrinə tapşırılsın.
  3. Daxili nəzarət və audit şöbəsinin müdiri Aqil Quliyev ümumi nəzarət, şikayətlərin qəbulu və etik məsələlər üzrə məsul şəxs təyin edilsin
  4. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

      Nazir                                                                                                    İnam Kərimov 

 

 

 

Azərbaycan Respublikası kənd

təsərrüfatı naziri İnam Kərimovun

__________ nömrəli, ____________il

tarixli qərarı ilə təsdiq edilmişdir. 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aparatının, strukturuna daxil olan qurumların və sturukturuna daxil olmayan tabeliyində olan qurumların etik davranış Qaydaları

 

  1. Ümumi müddəalar 

1.1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aparatının, strukturuna daxil olan qurumların və sturukturuna daxil olmayan tabeliyində olan qurumların etik davranış Qaydaları” “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə və Kollektiv müqaviləyə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində (bundan sonra - Nazirlik) fəaliyyət göstərən əməkdaşların  (bundan sonra - əməkdaşlar) etik davranış qaydalarını və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.

1.2. Bu Qaydaların məqsədləri aşağıdakılardan ibarətdir:

1.2.1. Nazirliyin  nüfuzunun artırılması, vətəndaşların Nazirliyə etimadının yüksəldilməsi;

1.2.2. kəndlilərin və fermerlərin çağırışlarına hazır müasir düşüncəli, operativ və öz davranışları ilə nümunə olacaq əməkdaşların formalaşdırılması;

1.2.3. Nazirliyin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması;

1.2.4. Nazirlikdə fəaliyyət göstərən əməkdaşlar tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, onların üzərinə qanunvericiliklə qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi, vətəndaşların Nazirliyin əməkdaşlarından gözlənilən davranışlar barədə məlumatlandırılması. 

  1. Əməkdaşların xidməti və xidmətdən kənar davranışı 

2.1. Əməkdaşların xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Nazirliyin dövlət qulluqçularının xidməti davranışı bu Qaydalarla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.

2.2. Əməkdaş vicdanlı davranış tələbinin pozulması hallarına yol verməməli:

2.2.1. xidməti vəzifəsini həyata keçirərkən süründürməçilik hallarına yol verməməli və bu cür halların əmələ gəlməsinə şərait yaratmamalı;

2.2.2. əməkdaş operativ, qərəzsiz, nəzakətli, qayğıkeş, diqqətli, səbrli, özünə və ətrafdakılara qarşı tələbkar olmalı;

2.2.3. əməkdaş şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə əmək və icra intizamına riayət edərək, vəzifə funksiyalarını vicdanla, qərəzsiz və keyfiyyətlə yerinə yetirməli və iş vaxtından səmərəli istifadə etməli;

2.2.4. şəxslərin qəbulundan əsassız olaraq imtina etməməli, şəxs aidiyyəti üzrə müraciət etməmişdirsə, ona hara müraciət etməsi barədə məsləhətlər verməli, daxil olmuş müraciətləri mahiyyəti üzrə cavablandırmalıdır.

2.3. Əməkdaşın peşəkarlıq və fərdi məsuliyyətin artırılması ilə bağlı:

2.3.1. öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli;

2.3.2. xidməti vəzifələrini diqqətli, dəqiqlik və peşəkarlıqla yerinə yetirməli və bu zaman prinsipial, qərəzsiz, obyektiv və məsuliyyətli olmalı;

2.3.3. iş vaxtı ərzində iş rejiminin pozulmasına səbəb olan hərəkətlərə yol verməməli;

2.3.4. Nazirliyin əməkdaşları mütəmadi olaraq özünü inkişaf etdirməli, bu sahədə baş verən yenilikləri bilməli, innovativ texnologiyaların kənd təsərrüfatı sahələrinə və öz vəzifə funksiyalarına tətbiq etməlidir. 

2.4. Əməkdaş loyallıq prinsipinin tələblərinə əməl etməli:

2.4.1. rəhbərlikdə, kollektivdə və ictimaiyyətdə həqiqətə uyğun olmayan, nazirliyin nüfuzuna xələl gətirən və ya gətirə biləcək məlumatları yaymamalı;

2.4.2. nazirliyin fəaliyyətinə aid hər hansı iş barədə məlumatı yalnız rəhbər tərəfindən icazə verildiyi halda rəsmi açıqlamalı;

2.4.3. mətbuata birbaşa müsahibə verməməli və müsahibə ilə bağlı təklif aldıqda sorğunu məsul şəxsə yönəltməlidir. 

2.5. Əməkdaş Azərbaycan Respublikasının, Nazirliyin nüfuzunu möhkəmləndirməyə çalışmalı, bu istiqamətdə:

2.5.1. qanunvericilikdə müəyyən edilən hallar istisna olmaqla, xidməti fəaliyyətini həyata keçirən zaman dövlət dilində danışmalı;

2.5.2. dövlət qulluqçuları və digər şəxslər ilə aralarında yaranan mübahisələrin Nazirliyin nüfuzuna xələl gətirməsinə yol verməməli;

2.5.3. kollektivdə gərginlik yaratmamalı və yaranan anlaşılmazlıqların aradan qaldırılmasına çalışmalı;

2.5.4. özünə qarşı tələbkar olmalı, etik davranış qaydalarının Nazirlikdə fəaliyyət göstərən hər hansı əməkdaş tərəfindən pozulması halları ilə rastlaşdıqda, onu bu pozuntunu aradan qaldırılması üçün təşviq etməli, pozuntular davam etdikdə bu haqda aidiyyəti üzrə məlumat verməlidir. 

2.6. Əməkdaş xidməti fəaliyyətində insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunması, qorunması və müdafiəsinə xidmət etməli və aşağıda qeyd edilən halları nəzərə almalı:

2.6.1. xidməti fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatların konfidensiallığını iş vaxtından sonra da qorumalı;

2.6.2. insanların şərəf, ləyaqət və işgüzar nüfuzunu, o cümlədən hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə(hərəkətsizliyə) yol verməməli;

2.6.3. rəhbər vəzifəli şəxslər tabeliyində olan əməkdaşlara qarşı təhqiredici və hədələyici sözlər işlətməməli, əməkdaşların şərəf və ləyaqətini alçaldan davranışlara yol verməməli;

2.6.4. digər əməkdaşın xidməti fəaliyyətini həyata keçirməsinə maneələr yaratmamalı;

2.6.5. Nazirliyin əməkdaşları cəmiyyətdə kənd təsərrüfatı sahəsində müşahidə etdikləri nöqsan və problemlərin aradan qaldırılması istiqamətində səy göstərməli;

2.6.6.  kəndli və fermerlərlə münasibətdə daha nəzakətli, diqqətli, qayğıkeş olmalı və onlara problemlərin həllində köməklik göstərməli;

2.6.7. kəndli və fermerlərin müraciətlərini dəqiq, dolğun və ətraflı şəkildə cavablandırmalı;

2.6.8. əməkdaşlar və digər şəxslərin fikirlərinə hörmətlə yanaşmalıdır. 

2.7. Əməkdaş xidməti fəaliyyətini həyata keçirərkən mədəni davranmalı:

2.7.1. nitq mədəniyyətinə riayət etməli, şəxslərlə ünsiyyət zamanı onları diqqətlə və səbirlə dinləməli, nəzakətli olmalı;

2.7.2. əməkdaşlara və digər şəxslərə qarşı təhqiredici və hədələyici ifadələr işlətməməli, qısnama və narahat etmə hallarına yol verməməli;

2.7.3. qeyri-mədəni davranışla bağlı hər hansı şəxslə münasibətdə anlaşılmazlıq yarandığı halda bilavasitə rəhbərinə məlumat verməli;

2.7.4. tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qanunvericiliyin tələblərinə riayət etməli;

2.7.5. iş vaxtında üzürlü səbəblər istisna olmaqla, iş rejiminin pozulması hallarına yol verməməli;

2.7.6. xidməti zərurətlə bağlı hallar istisna olmaqla, iş yerinə modern, sadə, parlaq rəngli və diqqət cəlbedici olmayan geyimlərlə gəlməli, xarici görünüşünü təmiz və səliqəli saxlamalıdır. 

2.8. Əməkdaşın birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun və səlahiyyətləri daxilində qəbul etdiyi əmr, sərəncam və ya tapşırıqlarının yerinə yetirilməsi ilə  bağlı:

2.8.1. verilən tapşırıqları qanunvericiliyin müəyyən etdiyi müddət ərzində yerinə yetirməyə çalışmalı;

2.8.2. ona həvalə edilən işlərin rəhbərin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi yazılı əmr və sərəncamlarda müəyyən edilən müddətdə həyata keçirilməsinə diqqət etməli;

2.8.3. əmr, sərəncam və verilmiş tapşırıqların icrası ilə əlaqədar rəhbərliyi mütəmadi olaraq məlumatlandırmalı;

2.8.4. rəhbər vəzifələrdə çalışan dövlət qulluqçuları ilə qulluq münasibətlərində subordinasiyaya riayət etməli;

2.8.5. əmr, sərəncam və ya verilmiş şifahi tapşırığın qeyri-etik, normativ hüquqi aktlara zidd olduğunu hesab etdiyi halda dərhal onu vermiş rəhbər vəzifəli şəxslə əlaqə saxlayıb məsələni aydınlaşdırmalıdır. 

2.9. Əməkdaş  qərəzsiz olmalı:

2.9.1. xidməti vəzifəsini yerinə yetirdiyi zaman insanların irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə ayrı-seçkiliyə yol verməməli;

2.9.2. qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçusunu qanuna zidd hərəkətə (hərəkətsizliyə) sövq etməməlidir. 

2.10. Əməkdaş qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə edilməyə yönəlmiş aşağıdakı hərəkətlərə yol verməməli:

2.10.1. öz məqsəd və mənafeyi üçün digər dövlət qulluqçusunu və ya şəxsləri onların hər hansı hərəkətinə görə təhdid etməməli;

2.10.2. irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsinə şərait yaratmamalı;

2.10.3. nəqliyyat, xidmət və digər sahələrdə hər hansı üstünlük əldə etmək məqsədi ilə öz statusundan istifadə etməməli;

2.10.4. şəxslərə əvəzsiz göstərilməsi nəzərdə tutulan xidmət üçün onlardan haqq tələb etməməlidir. 

2.11. Korrupsiyanın qarşısının alınması ilə bağlı əməkdaş aşağıdakılara əməl etməli:

2.11.1. ona təklif edilən qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyaz və ya güzəştlərdən imtina etməli;

2.11.2. yuxarıda qeyd edilənlər əməkdaşın xəbəri olmadan və ya digər ondan asılı olmayan səbəblərdən verilərsə bu barədə rəhbərinə məlumat verməli və akt üzrə təhvil verməli;

2.11.3. Nazirliyin tərəf olduğu əqdlərdə qarşı tərəf və ya onun nümayəndəsi kimi iştirak etməməlidir. (burda korrupsiyanın subyekti olması faktı) 

2.12. Əməkdaş hədiyyə qəbul etməklə bağlı aşağıdakı məhdudiyyətləri nəzərə almalı:

2.12.1. xidməti vəzifələrinin qərəzsiz icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödənc və s. tələb və ya qəbul etməməli;

2.12.2. yuxarıda qeyd edilən hallar barədə dərhal bilavasitə rəhbərinə məlumat verməlidir. 

2.13. Əməkdaş maraqlar toqquşmasının qarşısının alınması üçün aşağıdakı tədbirləri görməli:

2.13.1. öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadəyə yol verməməli;

2.13.2. xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yaranan hallarda, həmin maraqların xarakteri barədə bilavasitə rəhbərinə məlumat verməli;

2.13.3. başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqlar toqquşmasına səbəb ola biləcəyi hallarda bu barədə dövlət orqanı rəhbərinə məlumat verməli;

2.13.4. vəzifəsindən ayrıldıqdan sonra  qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilat və ya onun bölmələrindən gələn iş təkliflərini qəbul etməməlidir.

2.14. Əməkdaş istifadəsində olan dövlət əmlakını istifadə edərkən aşağıdakıları nəzərə almalı:

2.14.1. nazirliyin resurslarının təhlükəsizliyini təmin etməli və onlardan xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməli;

2.14.2. əməkdaşlar iş otaqlarını səliqəli saxlamalı, istifadəsində olan rabitə, texniki avadanlıqlara qarşı diqqətli və ehtiyyatı olmalı,  kağız və digər ləvazimatlardan qənaətlə və səmərəli istifadə etməli;

2.14.3. nazirliyin rəsmi e-mailindən yalnız xidməti fəaliyyəti ilə bağlı istifadə etməli;

2.14.4. xidməti vəsiqəsinin saxlanmasında məsuliyyətli olmalıdır. 

2.15. Əməkdaş çalışdığı orqanının sərəncamında olan məlumatı aşağıdakı şəkildə istifadə etməli:

2.15.1. qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməli;

2.15.2. xidməti informasiyanı təqdim edəcəyi tədbirlərdə iştirakı (əvvəlcədən) və həmin tədbirlərin nəticəsi barədə bilavasitə rəhbərini məlumatlandırmalı;

2.15.3. xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə etməməli;

2.16. əməkdaşın ictimai və ya siyasi fəaliyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirməsinə maneçilik törətməməli, o, qulluq mövqeyindən istifadə edərək digər əməkdaşları bu fəaliyyətlərdə iştirak etməyə təhrik etməməli;

2.17. əməkdaş xidmətdən kənar davranışında vəzifələrinin icrası ilə bir araya sığmayan hərəkətlərə yol verməməli, xidməti fəaliyyətinin düzgünlüyünə, obyektivliyinə və qərəzsizliyinə və ya orqanının nüfuzuna və adına xələl gətirməməli;

2.18. Nazirliyin əməkdaşları orqanının fəaliyyəti haqqında izahat vermə, sosial şəbəkələrdə ictimai mülahizələr aparmaq və müzakirələrdə iştirak etmək kimi xidməti vəzifələrinin icrasına bilavasitə aid olmayan fəaliyyətlərində Nazirliyin nüfuzuna, adına xələl gətirən hər cür davranışdan çəkinməli bu Qaydalar ilə tənzimlənən prinsiplərə əməl etməlidir. 

  1. Etik Davranış Qaydalarına əməl olunmasının Təminatı 

3.1. Etik davranış qaydaları Nazirliyin internet səhifəsi vasitəsilə ictimaiyyətə açıqlanır. Bu Qaydalar Nazirlikdə fəaliyyətə yeni başlayan hər bir əməkdaşa məsul şəxs tərəfindən verilir və həmin Qaydalara riayət etməsi rəhbərləri tərəfindən mütləq nəzərə alınır.

3.2. Nazir etik davranış qaydalarına əməl edilməsinə nəzarəti müntəzəm həyata keçirir. Etik pozuntuların araşdırılması və müvafiq intizam tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı təklifləri təqdim etməsi üçün Nazir tərəfindən etik məsələlər üzrə məsul şəxs (etik müvəkkil) təyin olunur. 

  1. Rəhbərlik tərəfindən həyata keçirilən nəzarət 

4.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarət Nazir tərəfindən İnsan resurslarının idarə olunması şöbəsi(bundan sonra Şöbə) vasitəsilə həyata keçirilir. Nazir əməkdaşların davranışlarının bu Qaydalara uyğunluğu haqqında Şöbənin ona təqdim etdiyi məlumatları təhlil edir.

4.2. Nazir tərəfindən etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:

4.2.1. əməkdaşın xidməti davranışının bu Qaydalarla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edilir və onun təhlili aparılır;

4.2.2. əməkdaşlar arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparılır;

4.2.3. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülür;

4.2.4. əməkdaşlara etik davranış qaydaları izah edilir və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilir;

4.2.5. etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə şəxsləri və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görülür;

4.2.6. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflər məlumatlandırılır;

4.2.7. etik davranış qaydalarını pozan əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülür;

4.2.8. etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələr həyata keçirilir. 

  1. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət 

5.1. Etik davranış qaydalarının pozulması əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

5.2. Aşağıdakı hallarda Şöbə  Nazirliyin rəhbərinə  müvafiq məlumatı təqdim edir:

5.2.1. “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və ya bu Qaydaların müddəalarının əməkdaş tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

5.2.2. kütləvi informasiya vasitələrində əməkdaş tərəfindən “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və ya bu Qaydaların müddəalarının pozulmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.

5.3. Nazirin göstərişi əsasında qurulan komissiya dövlət qulluqçusu barəsində intizam icraatına başlayır, əməkdaşdan yazılı izahat alınır.

5.4. Etik davranış qaydalarının müddəalarının əməkdaş tərəfindən pozulması barədə şikayətlərə və məlumatlara operativ və qərəzsiz baxılmalıdır.

5.5. intizam icraatını aparan komissiya 20 gün ərzində işini tamamlayır və aşağıdakı qərarlardan birini qəbul edir:

5.5.1. əməkdaşa irad tutulması və tövsiyə verilməsi haqqında;

5.5.2. əməkdaşa intizam tənbeh tədbiri tətbiq edilməsi haqqında;

5.5.3. intizam icraatına xitam verilməsi haqqında.

5.6. aparılmış intizam icraatının nəticələri Nazirə təqdim edilir. “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və ya bu Qaydaların müddəalarını pozmuş əməkdaş barədə yalnız Nazir tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbeh tədbiri tətbiq edilir. İşdən azad edilmə intizam tənbeh tədbiri əməkdaşa vəzifələrinin icrası zamanı etik tələblərdə kobud və ya mütəmadi olaraq pozuntulara yol verdikdə tətbiq olunur.

5.7. əməkdaşa tətbiq edilən intizam tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı sənədin surəti onun şəxsi işinin ikinci hissəsinə tikilir.

5.8. İntizam icraatı zamanı əməkdaş tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə nazir bu barədə cinayət təqibi orqanına məlumat verir.

5.9. əməkdaşa intizam tənbeh tədbiri bu Qaydalarda nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilir. Əməkdaşın məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində xidməti yoxlama, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində xidməti araşdırma və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. Etik davranış qaydalarının pozulduğu gündən altı ay keçdikdən sonra əməkdaşa intizam tənbeh tədbiri verilə bilməz.

5.10. intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən onun imzalandığı gündən 7 iş günü müddətində tabeçilik qaydasında yuxarı dövlət orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunur və ya qüvvədə saxlanılır.

5.11. əməkdaş qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb oluna bilər.

5.12. əməkdaş onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Onun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.