Texnikanın lizinqə verilməsi NK Qərarı (№ 58)

  • A
  • A
  • A

 "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları"nın təsdiq edilməsi və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi haqqında 



AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamının 3.1 və 3.5-ci yarımbəndlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi "Aqrolizinq" ASC-nin fəaliyyətinin təşkili ilə bağlı 20 gün müddətində:

2.1. "Aqrolizinq" ASC-nin yerləşdirilməsi, texnikanın və texnoloji avadanlıqların qəbulu, saxlanması, lizinqə verilməsi və ya lizinq yolu ilə satılması, habelə texniki servis xidməti işinin təşkili üçün "Aqrolizinq" ASC-nin təchizat bazası (dəmir yol xətti olan) ilə təmin olunması barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;[

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə "Aqrolizinq" ASC-nin fəaliyyətinin təşkili üçün 2005-ci ilin dövlət büdcəsində ayrılması nəzərdə tutulmuş 100,0 mlrd. manat vəsaitin hesabına ilkin mərhələdə "Aqrolizinq" ASC-nin nizamnamə kapitalının formalaşmasına, fəaliyyətinin təşkilinə və digər zəruri tədbirlərin aparılmasına (maddi-texniki bazasının yaradılmasına), habelə mövcud qanunvericiliyə uyğun olaraq texnikanın və texnoloji avadanlıqların alınmasına tələb olunan vəsaitlərin müəyyən olunmuş qaydada ayrılmasını təmin etsin. 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ


 

Bakı şəhəri, 31 mart 2005-ci il

№ 58


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə


TƏSDİQ EDİLMİŞDİR

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması 

 

QAYDALARI

1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamının 3.1-ci yarımbəndinə uyğun olaraq hazırlanmışdır və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - "Aqrolizinq" ASC) məxsus kənd təsərrüfatı texnikasının (bundan sonra – texnika və texnoloji avadanlıqlar) hüquqi və fiziki şəxslərə (bundan sonra - istifadəçi) lizinqə verilməsi və ya lizinq yolu ilə satılması mexanizmini müəyyən edir.

2. İstifadəçi "Aqrolizinq" ASC-yə məxsus texnikanın və texnoloji avadanlıqların lizinqə verilməsi və ya lizinq yolu ilə satılması barədə "Aqrolizinq" ASC-yə yazılı formada müraciət edir. 

Müraciətə uyğun olaraq "Aqrolizinq" ASC tərəfindən texnikanın və texnoloji avadanlıqların müəyyən haqla, müəyyən müddətə, mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə lizinqə verilməsi və ya texnikanın texnoloji avadanlıqların dəyərinin ən geci 10 ilə ödənilməsi şərtilə istifadəçiyə lizinq yolu ilə satılması barədə 3 iş günü müddətində müvafiq qərar qəbul edilir. Qəbul edilən qərar barədə istifadəçiyə 2 iş günü müddətində məlumat verilir.

3. "Aqrolizinq" ASC ilə istifadəçi arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun tərəflərin öhdəliklərini nəzərdə tutan lizinq müqaviləsi bağlanılır. Lizinq müqaviləsində tərəflərin öhdəliklərinin pozulması sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və texnikanın və texnoloji avadanlıqların geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır.

İstifadəçi "Aqrolizinq" ASC-yə məxsus texnikaları və texnoloji avadanlıqları sığorta haqqı da daxil olmaqla, lizinq yolu ilə satın aldıqda onların dəyərinin 10 faizini əvvəlcədən, qalan hissəsini isə bir ildən sonra 9 il ərzində ödəyir

4. "Aqrolizinq" ASC texnikanın və texnoloji avadanlıqların lizinq müqaviləsində nəzərdə tutulmuş, qaydada təhvil-təslim aktı əsasında istifadəçiyə verilməsini təmin edir.

5. İstifadəçi lizinq ödənişlərini lizinq müqaviləsində göstərilən qrafikə uyğun olaraq "Aqrolizinq" ASC tərəfindən müvəkkil bankda açılmış depozit hesaba köçürür.

6. Texnika və texnoloji avadanlıqlar lizinq müqaviləsi bağlananadək qanunvericilikdə nəzərdə tutulmuş qaydada "Aqrolizinq" ASC tərəfindən sığortalanır.

7. Mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə bağlanılan lizinq müqaviləsinə xitam verildikdən sonra istifadəçi götürdüyü texnikanı və texnoloji avadanlıqları lizinq müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır.

8. Lizinq yolu ilə satılmış texnika və texnoloji avadanlıqların dəyəri istifadəçi tərəfindən tam ödənildikdən sonra lizinq müqaviləsinə xitam verilir və həmin texnikanın və texnoloji avadanlıqların istifadəçinin mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada "Aqrolizinq" ASC tərəfindən rəsmiləşdirilir.