DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ PAMBIQ SAHƏLƏRİNDƏ MƏNƏNƏLƏRƏ QARŞI MÜBARİZƏNİN BAŞLANMASI İLƏ BAĞLI XƏBƏRDARLIQ EDİR

Böyütmək | Kiçiltmək |

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən pambıq əkinlərinin fitosanitar monitorinqləri zamanı pambıq sahələrində mənənələr aşkar edilib.

Dövlət Xidməti vəziyyətin əhəmiyyətini nəzərə alaraq ehtiyac olan yerlərdə mənənələrə qarşı mübarizə tərbirlərinə başlanılmasının vacibliyini fermerlərin, torpaq mülkiyyətçilərinin və sahibkarların diqqətinə çatdırır.

Azərbaycan Respublikasında  yonca (və ya akasiya), bostan (və ya pambıq) və böyük pambıq mənənələri pambıq bitkisinə ziyan vururlar. Onlar bitkinin ən zərif hissələrində - budağın təpə hissəsində və cavan yarpaqlarında məskunlaşır, xortumu ilə onları deşərək şirə sorur və toxumalara tüpürcək vəzlərinin ifrazatını yeridirlər. Nəticədə toxumalar dağılır, cücərti zədələndikdə təpə tumurcuq məhv olur. Bir qədər sonra zədələnmiş yarpaqlar burulur, qırışır və bir qismi tökülürlər. Generativ orqanların formalaşdığı dövrdə mənənə ilə zədələnmə qönçə və qoza başlanğıclarının tökülməsinə səbəb olur, tökülməyən qozalar isə az məhsuldar olurlar. İtki əksər hallarda 20 faizdən yuxarı olur. Qozaların açdığı dövrdə mənənə ifrazatı ilə pambıq mahlıcını çirkləndirir. İfrazat üzərində inkişaf edən qurum göbələkləri pambıq liflərinin qaralmasına və xarab olmasına səbəb olurlar.

Meteoroloji amillər kompleksi mənənələrin həyatiliyinə güclü təsir edir. Bu kompleksdə yağışlar daha əhəmiyyətlidir: yağış az miqdarda (ay ərzində 20-40 mm) yağdıqda mənənənin intensiv inkişafına əlverişli şərait yaranır, iri damlalı və davamlı yağışlar isə mənənələrin yuyulub yerə tökülməsinə və məhvinə səbəb olur. Quru və isti rayonlarda mənənələr çoxsaylı olmurlar, bu səbəbdən Azərbaycanın pambıqçılıq rayonlarında mənənələr vegetasiyanın əvvəlində və sonunda pambığa təsərrüfat əhəmiyyətli ziyan vururlar. Əlverişli şərait olduqda may-iyun aylarında onlar kütləvi sürətdə çoxalırlar. İyunun sonu və iyulun əvvəllərində yırtıcı və parazitlərin fəaliyyətinin artması, eləcə də əlverişsiz meteoroloji şərait pambıq sahələrində mənənələrin miqdarının kəskin azalmasına gətirib çıxarır. Avqust ayının sonu və ya sentyabrın əvvəlindən etibarən miqdar yenidən artmağa başlayır, bəzən artım iyul ayının sonunda da müşahidə edilir.

Bostan mənənələrin inkişafı üçün lazım olan dövr, temperaturadan asılı olaraq, 3-20 gün arasında dəyişir (28o temperaturada 3 günə, 22o–də - 6, 15o–də - 12 və 12o–də - 20 günə). Mövsüm ərzində 26 nəsil verir. Əkində bitkilərin 5 faizi sirayətləndikdə və ya 100 yarpaqda 50 mənənə fərdi qeydə alındıqda zərərverici əleyhinə kimyəvi mübarizə aparılır. Mədəni bitkilərin vegetasiyaları arasındakı dövrdə bostan mənənəsi alaq otları üzərində yaşayır və qidalanirlar. Bu səbəbdən alaq otları tam məhv edilməlidir. Mənənə ilə bioloji mübarizədə yırtıcı afidimiza, Aphidiidae fəsiləsindən olan parazitlıərdən və qismən  Cycloneda limbifer, Micromus angulatus, Chrysopa spp., Leis dimidiate  sürfələrindən istifadə edilməklə mübarizə aparılır.

Pambıq bitkisinin 100 yarpağı üzərində mənənələr 50-dən çox olarsa, sorucu zərərverici əleyhinə asetamiprid tərkibli Mosetam (0,2 kq/ha), Aseti Super 20 WP (0,2 kq/ha), Paskal SP (0,2 kq/ha), Mostar 20 SP (0,2 kq/ha), metomil tərkiblı Terra (0,8 kq/ha), karbosulfan tərkibli Garant (1,5 lt/ha) və abomektin+spirodiklofen tərkibli ABAM 28 SK preparatlarının biri ilə sahə dərmanlanmalıdır.  Qeyd edilən preparatlar mənənə ilə yanaşı trips, ağqanadlı, tor gənəsi və pambıq sovkasının kiçik yaşlı tırtıllarına da təsir edir.

İşçi məhlul hazırlanarkən aşağıdakı qaydalara riayət edilməlidir:

Preparat ağzı açılmadan zavod taralarında yaxşıca çalxalanmalıdır. Çiləyicinin çəni yarıya qədər təmiz su ilə doldurulduqdan sonra qarışdırma mexanizmi işə salınmalıdır. Preparatn dəqiq hesablanmış və ölçülmüş miqdarı çənə əlavə edilməli, çiləyici tam tam doldurulmalı və doldurulma müddətində qarışdırma mexanizmi işləməlidir.

Boşalmış tara üç dəfə su ilə doldurularaq yaxalanmalı və bu su da çənə əlavə edilməlidir. İşçi məhlulun homogenliyinin təmin edilməsi üçün dərmanlanma zamanı da qarşdırılma davam etdirilməlidir.

İşçi məhlul hazırlanarkən istifadə edilən suyun PH-na xüsusi diqqət verilməlidir. Respublika şəraitində suvarma sularının PH-ı təxminən 7,5-8,0 arasında, durğun sularda isə bu göstərici 8,5-9,0 arasında dəyişir. PH düşürücü istifadə etmədən işçi məhlul hazırlandıqda, preparat qısa müddətdə hidrolizə uğrayır və stabilliyini itirir. Nəticədə preparatın təsir mexanizmi sürətlə zəifləyir. Yuxarıda qeyd edilən preparatlar PH mühiti 6 olduqda stabildirlər. PH mühiti 7 olduqda, preparatlar hidrolizə uğrayır, PH mühiti yüksəldikdə isə hidroliz sürətlənir və qısa müddətdə pestisid parçalanaraq təsir gücünü itirir. Məsələn: Terra (Methomyl) preparatı 9,1 PH mühitində 6 saat içində hidrolizə uğrayaraq təsirini itirir.

Mübarizə tədbirlərinin təşkilində bu kimi texniki məsələlərin diqqətdə saxlanılması vacib şərtlərdəndir. 

DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ PAMBIQ SAHƏLƏRİNDƏ MƏNƏNƏLƏRƏ QARŞI MÜBARİZƏNİN BAŞLANMASI İLƏ BAĞLI XƏBƏRDARLIQ EDİR
DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ PAMBIQ SAHƏLƏRİNDƏ MƏNƏNƏLƏRƏ QARŞI MÜBARİZƏNİN BAŞLANMASI İLƏ BAĞLI XƏBƏRDARLIQ EDİR
DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ PAMBIQ SAHƏLƏRİNDƏ MƏNƏNƏLƏRƏ QARŞI MÜBARİZƏNİN BAŞLANMASI İLƏ BAĞLI XƏBƏRDARLIQ EDİR