PAMBIQ SAHƏLƏRİNDƏ PAYIZLIQ ƏKİN SOVKASINA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ BAŞLAYIB

Böyütmək | Kiçiltmək |

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən pambıq əkinlərində aparılan monitorinqlər nəticəsində 125 hektar sahədə payızlıq əkin sovkası (Agrotis segetum) aşkar edilib.

Yetkin payızlıq əkin sovkası kəpənəyinin qanadları acıq halda iki qanad ucları arasındakı məsafə 3,5-4,5 sm olur. Qabaq qanadlar tünd-qonur, boz rəngli və ya torpaq rəngindədir, onların üzərində aydın seçilməyən qanadın ümumi rənginə nisbətən daha tünd olan naxış (paxlaşəkilli və dəyirmi ləkələr) vardır, həmcinin qanadların kənarlarında aydın seçilməyən əyri xətt var. Dal qanadlar bozumtul-ağ rəngdə olur.

Payızlıq əkin sovkası tırtılının ölcüləri 4.5-5 sm-ə qədər çatır. Bədən torpaq kimi boz rəngdədir və onun belində uzunu aydın seçilməyən daha tünd rəngli, sanki qoşa görünən zolaq var, bədən zolaqsız boz rəngdə də ola bilər. Tırtılın bədəni üzərində az miqdarda xitin lövhəciklər, onların üzərində isə xitin qılcıqlar (bu qılcıqlar adi gözlə çətin seçilir və buna görə də tırtıl çılpaq kimi görünür) vardır. Döşü üzərində  3 cüt həqiqi ayağı, qarıncığında  5 cüt yalançı yumşaq ayaq var. Tırtılların çəpəki yerləşən alın tikişləri peysər deşiyinə qədər çatır.     

Payızlıq əkin sovkası tırtıllarını bitkinin gövdəsini kəsib yıxan digər sovka tırtıllarından fərqləndirmək çətindir. Bunun üçün həmin tırtılların dəri örtüklərinin, qılcıqlarının quruluşunu, başlarının formasını və s. bilmək lazımdır.

Payızlıq əkin sovkasının pupları qırmızımtıl-qonur rəngdə, forması isə digər sovkaların pupları şəklindədir. Pupun uzunluğu  20-22 mm-ə qədər çatır. Onun dal ucunda iki kiçik bizcik yerləşir.

Payızlıq əkin sovkasının  imaqosu qaranlıq düşdükdən sonra və gecələr uçur. Gündüzlər isə yarpaq və ya kəsək altında gizlənir. Bu kəpənək öz yumurtalarını müxtəlif alaq otlarının  (ən çox Convoivuius  arvensis L., Artipiex, Sonchus, Pianiago və s.) üzərinə qoyur. Yumurtalar adətən torpağa yaxın yarpaqların üzərinə bir-bir və ya topa ilə qoyulur. Yumurta dəyirmi olur və diametri 0.5 mm-dir. Yumurta üzərində 16-20-yə qədər radial sürətdə yerləşən zərif qırışıq olur.

Payızlıq əkin sovkasının az və ya çox yumurta qoymaq qabiliyyəti müxtəlif səbəblərdən asılıdır. Hava çox quraq keçdikdə, yem çatışmadıqda tırtılın bədənində ehtiyat qida az toplandığından qoyulan yumurtaların miqdarı da  az olur, əlverişli şərait və bol yem yumurta sayısında əhəmiyyətli rol oynayır. Hər dişi kəpənək bitki yarpaqlarına və alaq otlarının kök boğazlarına 100-dən 2200-ə qədər yumurta qoyur. Zərərverici tırtıl halında qışlayır.  Azərbaycan şəraitində 3 nəsil verir.Əsasən pambıq, qarğıdalı, tütün, bostan-tərəvəz bitkilərinin yeni çıxan şitilləri ilə qidalanaraq onları məhv edir.

 

Mübarizə üsulları:

 

  • Dondurma şumu aparmaqla zərərvericinin qışlama ocaqları məhv edilir;
  • Əkin yerlərində alaq otları ilə müntəzəm surətdə mübarizə aparmaq lazımdır, çünki payızlıq əkin sovkası öz yumurtalarını çox zaman sahədə ilk olaraq alaq otları üzərinə qoyur, sonradan mədəni bitkilərə keçir.Toplanmış alaq otları dərhal məhv edilməlidir;
  • Pambıq toxumları səpinqabağı Priban-25, yaxud Xlorban-25 insektisidi ilə (100 kq toxuma 1,2 kq ) dərmanlanmalıdır;
  • Kimyəvi mübarizə olaraq pambıq, tütün, toxumluq buğda və s. kimi qiymətli bitkiləri tırtıllardan qorumaq üçün cərgə boyunca kök boğazına yaxın (5 sm) şırım açılaraq şırım boyunca kiçik topalar halında aldadıcı yem qoyulur. Aldadıcı yem hazırlamaq üçün 1 kq jımıx və ya kəpəyə 200 qr şəkər tozu və 150 qr karbon 25 və ya massban 25 preparatı əlavə edilərək qarışdırılır. 

Payızlıq əkin sovkasına qarşı əkin sahələrində pestisidlərdən Krate Zeon (Lambda cyhalothrin 50 qr/l) 0.5 l/ha, Kinmiks (beta cypermethrin 50 qr/l) 0.5 l/ha, Desis profi (deltametrin 250 qr/kq) 0.3-0.5 kq/ha və Paskal (asetamiprid 200 qr/l) 0.4 l/ha növbələşdirilərək çilənməsi yüksək bioloji səmərəni təmin edir.

PAMBIQ SAHƏLƏRİNDƏ PAYIZLIQ ƏKİN SOVKASINA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ BAŞLAYIB
PAMBIQ SAHƏLƏRİNDƏ PAYIZLIQ ƏKİN SOVKASINA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ BAŞLAYIB
PAMBIQ SAHƏLƏRİNDƏ PAYIZLIQ ƏKİN SOVKASINA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ BAŞLAYIBPAMBIQ SAHƏLƏRİNDƏ PAYIZLIQ ƏKİN SOVKASINA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ BAŞLAYIB