RESPUBLİKADA QARAYARA XƏSTƏLİYİNƏ QARŞI APARILAN PEYVƏNDLƏMƏLƏR BAŞA ÇATIB

Böyütmək | Kiçiltmək |

 

2018-ci il yanvarın əvvəllərindən etibarən Azərbaycan Respublikası ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq qaramal və davarların, təkdırnaqlı heyvanların, donuz və dəvələrin qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib. Bu ilin 5 ayı ərzində qarayara xəstəliyinə qarşı 2551996 baş iribuynuzlu, 7353609 baş xırdabuynuzlu, 88087 baş təkdırnaqlı, 6995 baş donuz və 105 baş dəvə peyvənd olunub. Hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri (cavan heyvanlar istisna) yekunlaşıb və epizootik vəziyyət sabitdir. Cavan heyvanlarda peyvəndləmə isə ilin 3-cü  kvartalında aparılacaqdır.

Maariflənmə üçün bildirək ki, qarayara ev və vəhşi heyvanlar, həmçinin insanlar üçün təhlükəli olan bakteriya mənşəli xəstəlikdir. Xəstəliyə gövşəyən heyvanlar yırtıcılara nisbətən daha həssasdır. Xəstəliyin törədicisi həssas orqanizmə alimentar (qidalanma yolu) yol ilə zədələnmiş selikli qişalardan və ya dəridən keçir. Xəstəliyin mənbəyi əsasən bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur, ona görə ki, b.anthracis sporları, ətraf mühit şəraiti və dezinfeksiyaya qarşı davamlı olub,  torpaqda illərlə qala bilər. Leşyeyən quşlar da torpağı çirkləndirə bilər, çünki qarayaraya yoluxmuş cəsədləri yeyib bir sahədən digərinə yaya bilərlər. Yoluxmuş heyvanların  qurudulmuş və ya digər yollarla işlənilmiş dəri və gönləri illərlə sporlar tərəfindən sığınacaq kimi istifadə oluna bilər və bu da xəstəliyin yayılmasına gətirib çıxara bilər. Qarayaraya şübhəli cəsədləri yarmaq  qadağandır. Heyvan cəsədinin yarılması sporların yayılmasına gətirib çıxarır və yaran şəxs üçün xəstəliyə yoluxma səbəbi ola bilər. Xəstəliyə diaqnoz qoyulduqda təcili olaraq karantin elan edilir və mövcud baytarlıq qaydalarına əsasən tədbirlər həyata keçirilir. Qarayara əleyhinə vaksinasiya  hazırda "Ştam-55"  əsasında hazırlanmış peyvənd ilə aparılır. İnəklər, qoyunlar, keçilər, atlar və dəvələr ildə bir dəfə peyvənd edilir, epizootik durum gərginləşərsə, bütün kliniki sağlam heyvanlarda təlimat əsasında peyvəndləmə aparılmalıdır. Heyvan tələf olduqda isə onun cəmdəyi təcrid olunur və səlahiyyətli baytar həkiminin göstərişi ilə təlimat əsasında müvafiq üsullarla məhv edilir. Xəstəliyə şübhəli heyvanlara hiperimmun serum və ya immonoqlobulinlə yanaşı, antibiotik və simptomatik müalicə vasitələri tətbiq edilməlidir. Karbunkul və ya şiş olduqda həmin nahiyənin ətrafına da serum vurulmalıdır. Hiperimmun serum və immunoqlobulin təlimata uyğun istifadə edilməlidir.

RESPUBLİKADA QARAYARA XƏSTƏLİYİNƏ QARŞI APARILAN PEYVƏNDLƏMƏLƏR BAŞA ÇATIB
RESPUBLİKADA QARAYARA XƏSTƏLİYİNƏ QARŞI APARILAN PEYVƏNDLƏMƏLƏR BAŞA ÇATIB