AZƏRBAYCANDA BRUSELLYOZA QARŞI MÜBARİZƏ METODU BEYNƏLXALQ KONFRANSDA TƏQDİM OLUNUB

Böyütmək | Kiçiltmək |

 

Azərbaycanda brusellyoz xəstəliyinə qarşı aparılan mübarizə metodları ABŞ-ın Mikrobiologiya Assosasiyasının Atlanta şəhərində keçirdiyi “ASM Microbe -2018” konfransında təqdim edilib. Dünyanın müxtəlif ölkələrindən 8 mindən çox nümayəndənin iştirak etdiyi konfransda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin mütəxəssisləri də iştirak edib. Tədbirdə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin heyvan sağlamlığı və baytarlıq xidmətləri subkomponentinin mütəxəssisləri “Azərbaycanda kənd təsərrüfat heyvanları arasında brusellyozun prevalentliyi” mövzusunda hazırladıqları materialların təqdimatını keçiriblər. 

ABŞ-ın “Centers for Disease Control and Prevention” (Xəstəliklərin Nəzarət və Profilaktika Mərkəzləri), eləcə də Cənubi Koreya, İspaniya, Fransa, Çin, Banqladeş və s. ölkələrin  nümayəndələri Azərbaycanda layihə tərəfindən brusellyoz xəstəliyinə qarşı aparılan mübarizə tədbirlərinə böyük maraq göstəriblər. Konfransda Gürcüstan, Ukrayna və Özbəkistanın nümayəndələri bu təcrübənin öz ölkələrində müzakirə edilməsi məqsədilə birgə seminarların keçirilməsini təklif ediblər.

Qeyd edək ki, Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində ölkə üzrə brusellyoza qarşı mərhələli seromonitorinq və kütləvi peyvəndləmə strateqiyasına əsasən mübarizəyə başlanıb. Ölkə üzrə bu təhlükəli xəstəliyin yayılma səviyyəsi müəyyənləşdirilib, heyvanlardan götürülmüş qan nümunələrinin serumu ayrılaraq serumbank yaradılıb, iri və xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə kampaniyası davamlı olaraq həyata keçirilir.   Xırdabuynuzlu heyvanlar arasında uzun müddətli immunitet yaradan effektiv peyvənd hesab olunan Rev-1 konyuktival vaksini ilə və iribuynuzlu heyvanlar arasında ölkədə ilk dəfə olaraq  konyuktival S-19 vaksini ilə peyvəndləmə aparılır.

AZƏRBAYCANDA BRUSELLYOZA QARŞI MÜBARİZƏ METODU BEYNƏLXALQ KONFRANSDA TƏQDİM OLUNUBAZƏRBAYCANDA BRUSELLYOZA QARŞI MÜBARİZƏ METODU BEYNƏLXALQ KONFRANSDA TƏQDİM OLUNUB