ƏSLƏN ŞUŞADAN OLAN ARIÇI MİRİ QULİYEV: “PROPOLİSİ MÜTLƏQ PƏTƏYİN QAPISINDAN YIĞMAQ LAZIMDIR”

Böyütmək | Kiçiltmək |

 

“Əslən qarabağlıyam, Şuşanın Kosalı kəndində yaşamışam. Hazırda Şəkinin Baş Vərəzət kəndi ərazisində salınmış qaçqın qəsəbəsində məskunlaşmışıq. Şuşada  atam arıçılıqla məşğul olub, torpaqlarımız işğal olunduqdan sonra ailəmizin arıçılıq sahəsindəki  ənənələrini davam etdirmək qərarına gəldim”. Bu fikirlər 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı Miri Quliyevə məxsusdur.

Arıçı hazırda 120 arı ailəsinə qulluq etdiyini deyir: “Əsasən Boz Qafqaz arı cinslərini bəsləyirik. Son illər Azərbaycana “Karnika” arı cinsləri gətirirlər, əgər bu cins effekt versə, onda bu arıları da saxlamağı nəzərdə tuturuq. Yüksək məhsul əldə etmək üçün biz arıları xüsusi nəqliyyat vasitəsilə Şəkinin dağətəyı bölgəsinə, Qəbələnin kəndlərinə, həmçinin qonşu rayonların ərazilərinə aparırıq. Arı ailələrini rayon, kənd üzrə payladıqdan sonra hər bir pətəyin altına tərəzi qoyulur. Biz tərəzi vasitəsilə hansı rayon və ya ərazidəki arı ailəsinin daha fəal və bol bal topladığını müəyyən edirik. Ərazi öyrənildikdən sonra arı ailələri də həmin sahəyə köç edilir. Məsələn, akasiya ağacları aran rayonlarında aprel ayının axırlarında çiçək açır, ancaq bu ağacların Şəki ərazisində çiçəklənməsi may ayının ortalarına təsadüf edir. Akasiyanın çiçəklənmə fazasını nəzərə alaraq arandan dağətəyinə köçürük”.

Miri Quliyev öz təcrübəsini arıçılarla bölüşmək istəyir: “Səhər tezdən arı ailələrinə baş çəkdiyiniz zaman pətəyin ətrafında ölü arıların olub-olmadığına diqqət yetirməlisən. Pətəyin ətrafında arı uçmursa və ya arılar yerdə sürünürsə,  deməli arılar artıq xəstəliyə düçar olub. Bu zaman təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirilməlidir. Arıçılar yüksək məhsul əldə etmək üçün yaz ərəfəsində dərmanlama işi aparmalı, qoca arıları cavan arılarla birləşdirməlıdir. Bir ərazidə oturmaqla bol məhsul əldə etmək olmaz”.

Arıçı deyir ki, propolisi arının işlədiyi pətəyin qapısından yığmaq lazımdır: “Bu, çox vacibdir. Çünki şanın üzərindən yığılan propolislə pətəyin qapısından toplanan propolis arasında fərq olur”.

Miri Quliyev balın insan orqanizminə faydalarından da danışıb: “Şuşada dədə-babadan deyərdilər ki, təmiz balla qarışdırılmış kərə yağı insan orqanizminə əlavə enerji verər. Babalarımızdan bir məsəl qalıb: “Arı deyir ki, çəkdiyim qızıl olsun, sancdığım adam. Tanrı arıya  deyir ki, çəkdiyin bal olsun, insanı sanc, ancaq özünü qurban ver!”

ƏSLƏN ŞUŞADAN OLAN ARIÇI MİRİ QULİYEV: “PROPOLİSİ MÜTLƏQ PƏTƏYİN QAPISINDAN YIĞMAQ LAZIMDIR”
ƏSLƏN ŞUŞADAN OLAN ARIÇI MİRİ QULİYEV: “PROPOLİSİ MÜTLƏQ PƏTƏYİN QAPISINDAN YIĞMAQ LAZIMDIR”
ƏSLƏN ŞUŞADAN OLAN ARIÇI MİRİ QULİYEV: “PROPOLİSİ MÜTLƏQ PƏTƏYİN QAPISINDAN YIĞMAQ LAZIMDIR”