FRANSANIN KƏND TƏSƏRRÜFATI NAZİRİ: “AQRAR SAHƏDƏ İNNOVASİYALARIN TƏTBİQİ SAHƏSİNDƏ AZƏRBAYCANLA ƏMƏKDAŞLIQ EDƏ BİLƏRİK”

Böyütmək | Kiçiltmək |

 

“Azərbaycan kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin SIAL Paris beynəlxalq ərzaq sərgisində iştirak etməsindən çox məmnun və razıyıq. Bu, dünyada ən böyük və vacib sərgilərdən biridir”. Bu fikri SIAL Paris Beynəlxalq ərzaq sərgisində Fransanın kənd təsərrüfatı naziri Didye Guiyom AZƏRTAC-a müsahibəsində söyləyib.

Fransalı nazir bildirib ki, ölkəsi ərzaq təhlükəsizliyinin təmin olunmasında, kənd təsərrüfatı sisteminin müasirləşdirilməsində maraqlı olan bütün ölkələrlə, eləcə də Azərbaycanla sıx əlaqələr qurmağa önəm verir.

Didye Giyom qeyd edib ki, ərzaq təhlükəsizliyi bu gün planetimizin bütün ölkələrini düşündürür. Kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı sistemini, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələri müasirləşdirmək lazımdır. Aqrar sahədə innovasiyaların tətbiqi, yeni texnologiyalardan istifadə çox vacibdir. Bu sahələrdə Fransa Azərbaycanla əməkdaşlıq edə bilər.