ARIÇI SABİR MUSTAFAYEV: “ARILARIN ÇOX DAVRANIŞLARI MÖZÜCƏDIR”

Böyütmək | Kiçiltmək |

 

“Kəlbəcər rayonunun Ağcakənd kənd sakiniyəm, hazırda Bakıda məskunlaşmışıq. 32 ildir ki, arıçılıqla məşğul oluram. Arı ailələrimizi qış aylarında  Yevlax şəhərində saxlayır, yazda İsmayıllı rayonuna, yay fəslində isə Daşkəsən rayonuna aparırıq. Daşkəsən rayonunun təbii iqlim şəraiti bizim Kəlbəcər yaylaqlarına bənzəyir, amma Kiçik Qafqazın bitki örtüyü daha zəngindir”. Bu fikirləri Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı, Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvü, “Dəlidağ Arı” arıçılıq təsərrüfatının rəhbəri Sabir Mustafayev deyib.

Onun sözlərinə görə, arıçı bol arı məhsulları almaq üçün  zəngin yem bazası yaratmalıdır: “Bundan başqa məhsuldar ana arılarla işləmək lazımdır. Xəstəliklərə qarşı vaxtında mübarizə aparmaq, hava şəraitindən sığortalanmaq üçün arını bir neçə məkanda saxlamaq da vacibdir”.

Sabir Mustafayev arıların möcüzəvi bir varlıq olduğunu deyir: “Təcrübəm və müşahidələrim göstərir ki, bir balaca canlıda çoxlu sayda qeyri-adiliklər mövcuddur. Arıda ölənə kimi işləmək həvəsi sönmür, arı ailələrində demokratik bir ailə hakimiyyəti hökm sürür, arılar analarını yetişdirib bəsləyir,  yalnız sağlam anaya üstünlük verirlər. Məsələn, arılar şanı yerin cazibə qüvvəsi istiqamətində hörürlər. Bu da bir sirr, möcüzədir. Arı şanı yerə perpendikulyar qurulur. İstər duman olsun, istərsə də çiskin hava, arı son dərəcə dəqiqliklə yolu taparaq öz yuvasına qayıdır.

“Arı pətəyində hər bir arı öz funksiyasını yaxşı bilir. Belə ki, biri nektarı qurudar, biri pətəyi qoruyar, digəri nektar dalınca uçar. Arı beçə verəndə yola çıxmaq üçün bir həftəlik yemini götürər. Arı nektar dalınca uçanda , əgər qaranlıq düşərsə, həmin gecəni çiçəyin üstümdə keçirər, səhər hava istiləşən kimi yuvasına qayıdar. Arı yağışın yağmasını 30 dəqiqə əvvəl duyur, tez də pətəyə qayıdır. Əgər o yuvasına sürətlə qayıdırsa, bu  sel düşəcəyinə işarədir”.

Sabir Mustafayev arıçılara tövsiyələrini də bölüşüb: “Arıçılara tövsiyəm budur ki, halal olsunlar. Arıçı məhsuluna haram qatsa, gec-tez cəzasını çəkəcək. Bu sınanmış təcrübədir”.

Arıçı bu sahədə ənənələrin qorunub saxlanmasına tərəfdardır: “İldə 2-3 ton məhsul istehsal edirəm. Qonşuluqda yaşayan və ya tanımadığım bir şəhid ailəsi barədə eşidəndə o ailələrə hökmən bal sovqatı göndərirəm. Arzum budur ki, işğal altında olan torpaqlarımız azad olunan gün bütün bal məhsulumu şəhid ailələrinə paylayım”.