ARIÇI HİKMƏT ƏLİYEV: “ARIÇILIĞIN İNKİŞAFI ÜÇÜN DAMAZLIQ-SELEKSİYA İŞİ APARMAQ VACİBDİR”

Böyütmək | Kiçiltmək |

 

“Arıçılıq Azərbaycanda çox qədim tarixə malikdir. Ölkəmizin əlverişli iqlimi, zəngin bitki örtüyü arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir. İqtisadi cəhətdən gəlirli sahə olan arıçılıq həm də ətraf aləmin, ekoloji mühitin yaxşılaşdırılması baxımından ən səmərəli təsərrüfat sahəsi hesab olunur”. Bu fikirləri Biləsuvar rayonunda arıçılıqla məşğul olan, Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı Hikmət Əliyev deyib.

Hikmət Əliyev 31 ildir arıçılıqla məşğuldur: “Damazlıq-seleksiya işinin yüksək səviyyədə aparılması arıçılığın inkişafında mühüm rol oynayır. Bu bölgədə tarixən mövcud olan və dünyada ən məhsuldar arı cinslərindən sayılan Boz Qafqaz cinsi artıq cırlaşıb, mələzləşib. Bu gün arıların cins tərkibinin yaxşılaşdırılması biz arıçıların ən ümdə məsələsidir. Arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə düzgün qulluq edilməsidir. Yaz mövsümündə arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir”.

Hikmət Əliyev arı xəstəliklərindən danışarkən qeyd edib ki, yaz yoxlanışı zamanı pətəklərdə arı xəstəliklərinin olub-olmamasına nəzarət etmək vacibdir: “Arı xəstəliklərinin vaxtında aşkarlanmaması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin görülməməsi arı ailəsinin məhv olmasına gətirib çıxarır. Bundan başqa xəstəliklər nəticəsində zəifləmiş ailələrdə məhsuldarlıq da aşağı düşür. Təsərrüfatımızda arı xəstəliklərinə qarşı təbii üsullardan - bitki qarışığı və çiləmə metodundan istifadə edirik. Otları dəmləyib pətəklərə çiləyirik. Arıların fəal nektar gətirdiyi vaxtlar, profilaktik tədbirlər zamanı, kimyəvi vasitələrdən istifadə etmək olmaz, o cümlədən antibiotiklərdən istifadə yolverilməzdir. Arıçı yaradıçı olmalı, hər il öz təsərrüfatında yeniliklər tətbiq etməlidir. Arı bizə əməksevərliyi öyrədir”.

Yarmarka iştirakçısı arıçılıqda müşahidə qabiliyyətinin vacib əhəmiyyət kəsb etdiyini vurğulayır: “Müşahidə etdiyim maraqlı hadisəni danışmaq istərdim. Pətəklərə baxış keçırdiyim zaman gördüm ki, arılar analıqda ana yetişdirirlər. Pətəyi nişanladım. Təkrar yoxlayan zaman iki ananın bir yerdə işlədiyini  gördüm. Belə hadisəyə praktikamda heç rast gəlməmişdim. Amma arılar bir anaya qayğı göstərir, digərinə laqeyd yanaşırdılar. Zəif bəslənilən ana arını məcbur olub götürdüm. Adətən, pətəkdə iki ana arı olduqda biri digərini öldürür”.

Hikmət Əliyev Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının yüksək səviyyədə təşkil olunduğunu deyir: “Yarmarkada balın  laboratoriya analizinin aparılmasını və keyfiyyətsiz saxta balın satışdan kənarlaşdırımasını müsbət hal kimi qiymətləndirirəm. Məkan da çox uğurlu seçilib. Təklifim budur ki, arıçıların arı ailələri də kodlaşdırılsın. Bu təcrübə artıq  Türkiyədə  həyata yetirilir. Əgər kodlaşdırma həyata keçirilərsə, balın hansı arıçıya məxsus olduğu tez və operativ müəyyən oluna bilər”.