DAŞKƏSƏNDƏ FERMERLƏR ŞURASININ ÜZVLƏRİNİN İŞTİRAKI İLƏ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

Daşkəsəndə Fermerlər Şurasının üzvlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Bitki Mühafizə və Texniki Bitkilər üzrə Elmi Tədqiqat İnstitutunun, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin digər yerli qurumlarının əməkdaşları iştirak ediblər.

Daşkəsən DAİM-in direktoru Azər Hacıyev çıxış edərək ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan aqrar islahatlar və son dövrlər əldə olunan yüksək nəticələr  barədə ətraflı məlumat verib. O bütün rayonlarda olduğu kimi, Daşkəsəndə də kənd təsərrüfatı məhsullarının istehsalı üçün sahibkarlara hər bir şəraitin yaradıldığını və əvvəlki illərdən fərqli olaraq yüksək məhsuldarlıq əldə olunduğunu  qeyd edib. Azər Hacıyev dövlətin fermerlərə texnika, toxum, gübrə dəstəyi, subsidiyalar barədə ətraflı məlumatlar verib, subsidiya mexanizminin Daşkəsəndə fermerlərin fəaliyyəti üçün ciddi stimul olduğunu bildirib: “Fermerlərə dövlət səviyyəsində göstərilən bu cür diqqət və qayğıya cavab olaraq biz öz işimizə tənqidi yanaşmalı, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları istehsal etməyə çalışmalıyıq”.

Tədbirdə çıxış edən Bitki Mühafizə və Texniki Bitkilər üzrə Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Sahib Cabbarov taxılçılıq və bu sahənin inkişafı, aqrotexniki əməliyyatlar, zərərvericilər və xəstəliklər, toxumun səpinqabağı dərmanlanması və s. haqqında məlumat verib.

Tədbirin sonunda istehsalçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, fermerlərə müvafiq tövsiyələr verilib.