AĞDAM VƏ AĞCABƏDİDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI APARILAN TƏDBİRLƏRİN BİOLOJİ SƏMƏRƏLİLİYİ TƏMİN OLUNUR

Böyütmək | Kiçiltmək |


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Ağdam və Ağcabədi rayonlarında kənd təsərrüfatı bitkilərinin xüsusi təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri sentyabr, oktyabr və noyabr aylarında da davam etdirilib.

Ağdam rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən taxıl, yonca və biçənək sahələrini əhatə edən 16250 hektar sahədə fitosanitar müşahidə işləri aparılıb və 3630 hektar sahədə gəmiricilərlə sirayətlənmə müəyyən olunub. Sirayətlənmiş sahələr əsasən Ermənistan tərəfindən işğal olunmuş ərazilərlə həmsərhəd olan Ergi düzü (80 hektar taxıl sahəsi və 160 hektar yonca sahəsi), Əfətli (50 hektar taxıl sahəsi və 80 hektar yonca sahəsi), Qaradağlı (45 hektar taxıl sahəsi), Çəmənli (50 hektar taxıl sahəsi və 80 hektar yonca sahəsi), Əhmədağalı (30 hektar taxıl sahəsi və 70 hektar yonca sahəsi), Qərvənd (55 hektar taxıl sahəsi və 150 hektar yonca sahəsi), Təzəkənd və digər kəndləri (45 hektar taxıl sahəsi və 105  hektar yonca sahəsi) əhatə edib. Əsas səbəb, işğal olunmuş sahələrin uzun müddət əkilməməsi ilə əlaqədardır ki, bu da gəmiricilərin çoxalması üçün əlverişli şərait yaradıb.

Sirayətlənmə iqtisadi zərərvurma həddini (İZH) keçdiyi üçün 1000 hektar sahədə dövlət büdcəsi hesabına “Brodifak” preparatı ilə kimyəvi mübarizə tədbirləri aparılıb. 1160 hektar sahədə isə təsərrüfat subyektləri tərəfindən mexaniki üsulla mübarizə tədbirləri həyata keçirilib.

Ağcabədi rayonu ərazisində də sentyabr, oktyabr və noyabr ayları ərzində siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri həyata keçirilib. Belə ki, Ağcabədi rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən taxıl, yonca və otlaq sahələrini əhatə edən 33120 hektarda fitosanitar müşahidə işləri aparılıb və 10100 hektar sahənin siçanabənzər gəmiricilərlə sirayətləndiyi müəyyən olunub.

Sirayətlənmə əsasən Ergi düzü, Hindarx qəsəbəsi, Haramı düzü, Qaradolaq, Şərəfxanlı, Hacıbədəlli, Kəhrizli, İmamqulubəyli, Salmanbəyli, Güləbəddin, Rəncbərlər və Avşar kəndləri  ərazisində çoxluq təşkil edib. Sirayətlənmə İZH keçdiyi üçün 1660 hektar sahədə dövlət büdcəsi vəsaiti hesabına “Brodifak” preparatı ilə kimyəvi mübarizə tədbirləri aparılıb. 4955 hektar sahədə isə təsərrüfat subyektləri tərəfindən mexaniki üsulla mübarizə tədbirləri həyata keçirilib.

Hər iki rayonda aparılmış mübarizənin bioloji səmərəliliyi 90-92% təşkil edib.

Bildirək ki, Respublika Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri tərəfindən mübarizə tədbirləri ilə yanaşı, fermerlərlə texniki təhlükəsizlik tədbirləri barədə maarifləndirmə işləri də aparılır və təlimat vərəqələri, broşuralar paylanılır.

AĞDAM VƏ AĞCABƏDİDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI APARILAN TƏDBİRLƏRİN BİOLOJİ SƏMƏRƏLİLİYİ TƏMİN OLUNUR
AĞDAM VƏ AĞCABƏDİDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI APARILAN TƏDBİRLƏRİN BİOLOJİ SƏMƏRƏLİLİYİ TƏMİN OLUNUR
AĞDAM VƏ AĞCABƏDİDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI APARILAN TƏDBİRLƏRİN BİOLOJİ SƏMƏRƏLİLİYİ TƏMİN OLUNUR