BAKI ŞƏHƏRİNDƏ 3-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ ARIÇILIQ KONFRANSI KEÇİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək

BAKI ŞƏHƏRİNDƏ 3-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ ARIÇILIQ KONFRANSI KEÇİRİLMİŞDİR
2017-ci ilin 4-6 fevral tarixlərində Bakı şəhərində 3-cü Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilmişdir. Konfransda respublikanın müxtəlif bölgələrinin   peşəkar arıçıları, arıçılıqla məşğul olan ictimai birliklər, hüquqi və fiziki şəxslər, alim və mütəxəssislər, habelə Türkiyənin  ‘’Bereket TV‘’ televiziya  kanalının çəkiliş qrupu iştirak edirdi.

Konfransa dəvət edilmiş qonaqlardan İstanbulda keçiriləcək 45-ci Beynəlxalq Apimondiya konqresinin  təşkilat komitəsinin sədri Ziya Şahin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının beynəlxalq məsləhətçisi Əhməd İnci, Türkiyə Respublikası Tarım, Kənd Təsərrüfatı və Heyvandarlıq nazirliyinin əməkdaşı İbrahim Özcan, Bursa  Universitetinin Baytarlıq Fakültəsinin professoru Levent Aydın, Ukraynadan dəvət edilmiş elmi- tədqiqatçı Vladimir Malixin, Rusiya Federasiyasından dəvət edilmiş arı xəstəlikləri üzrə tədqiqatçı alim Aleksey Borisoviç müxtəlif məzmunlu təqdimatlarla çıxış etdilər.

BAKI ŞƏHƏRİNDƏ 3-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ ARIÇILIQ KONFRANSI KEÇİRİLMİŞDİRRespublikada arıçılıq sahəsində son dövrlərdə aparılmış işlər və əldə edilən nailiyyətlər, Arıçılıq Mərkəzini yaradılması, genofond arıxanalarının formalaşdırlması, respublikada ilk dəfə olaraq süni mayalandırmadan istifadə etməklə ana arı yetişdiriciliyinin tətbiq edilməsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı. Azərbaycan arıçılarının Türkiyə, Ukrayna və Rusiya Federasiyası ilə əməldaşlıq məsələləri müzakirə edildi.

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun və Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşları arıçılıq sahəsində aparılan və elmi tədqiqat işləri barədə təqdimatla çıxış etdilər. Arı xəstəliklərinin tədqiq edilməsi, müxtəlif mənşəli zərərvericilərin, müalicə vasitələrinin tətbiqi, praktik arıçılar arasında informasiya-məsləhət işlərinin genişləndirilməsi xüsusilə vurğulandı.

Arıçılıqda yem təminatı problemlərinin həll edilməsi üçün arıçılar  öz təşəbbüsləri ilə aparılan işlər barədə də məlumat verdilər və bu işin əlaqədar qurumların dəstəyi ilə daha geniş miqyasda tətbiq edilməsinin zəruriliyi qeyd edildi.

Konfransda arıçılığın inkişaf etdirilməsi, arıçılıq məhsulları ilə daxili tələbatın ödənilməsi və ixrac potensialının yaradılması sahəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verildi və geniş fikir mübadiləsi aparıldı.

Konfransda Nazirliyin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev iştirak etmişdir.