RESPUBLİKA KOMİSSİYASININ İCLASI KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

RESPUBLİKA KOMİSSİYASININ İCLASI KEÇİRİLİB

10 fevral 2017-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçı- larına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilmişdir.

Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli və “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5oktyabr tarixli 2366 nömrəli sərəncamları pambıq və tütün istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri olmuşdur. Bu ildən başlayaraq istehsalçılara emal müəssisələrinə satdıqları xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir.

Respublika Komissiyasının iclasında pambıq və tütün istehsalçılarına pambıq və tütünün miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi ilə bağlı 2 rayon (şəhər) komissiyasından və  Kənd Təsərrüfatı Nazirliyinin 28 rayon(şəhər) idarəsindən daxil olmuş sənədlərə baxılmışdır.

Respublika Komissiyası 24 rayon (şəhər) üzrə 4229 istehsalçıya təhvil verdikləri 88728,1 min ton xam pambığa görə  8872,8 min manat və 7 rayon üzrə 195 istehsalçıya təhvil verdikləri 912,8 ton quru və 9980,6 ton yaş tütünə görə 95,5 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul etmişdir.

Pambıq və tütün istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə və rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilmişdir.

Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə subsidiya veriləcək  pambıq və tütün istehsalçıların siyahısı, onların əkin sahələri, təhvil verilmiş pambıq və tütünün miqdarı və hesablanmış subsidiyanın məbəği barədə məlumatlar Nazirliyin rəsmi internet  səhifəsini (http://agro.gov.az)  "Subsidiyalar"  bölməsində yerləşdiriləcəkdir.