BMT-NİN ƏRZAQ VƏ KƏND TƏSƏRRÜFATI TƏŞKİLATI (FAO) İLƏ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN İCRA ETDİYİ LAYİHƏLƏRİN MÖVCUD VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLİB

Böyütmək | Kiçiltmək

BMT-NİN ƏRZAQ VƏ KƏND TƏSƏRRÜFATI TƏŞKİLATI (FAO) İLƏ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN İCRA ETDİYİ LAYİHƏLƏRİN MÖVCUD VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLİBFevralın 16-da Kənd Təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmakla görüşüb.

Nazirliyin müvafiq şöbələri və qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə bu beynəlxalq təşkilatla Kənd Təsərrüfatı Nazirliyinin birgə icra etdiyi layihələrin mövcud vəziyyəti və gələcək perspektiv imkanları müzakirə edilib.

Nazir qonağı səmimi salamlayaraq FAO ilə Azərbaycan arasında həyata keçirilən layihələri yüksək qiymətləndirib və gələcəkdə də yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verdiyini bildirib. Hal-hazırda FAO ilə “Azərbaycanda Toxum Sektorunun İnkişafına dəstək”, “Azərbaycanda Maldarlığın və Süni Mayalanma Xidmətlərinin İnkişaf etdirilməsi”, “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək”, “Azərbaycanda bitkilərin karantin məntəqələrinin nəzarət və diaqnostik xidmətlərin həyata keçirmək potensialının artırılması”, “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması”, “Çəyirtkələrlə bağlı vəziyyətin Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyələrdə daha yaxşı idarə edilməsi”, “Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması” layihələrinin səmərəliliyini qeyd edən nazir əməkdaşlığın bundan sonra da davam etdirilməsinin labüdlüyünü vurğulayıb. Nazir bu əməkdaşlığın davamı kimi, qoyunçuluğun, baramaçılığın inkişafı istiqamətlərində, həmçinin arıçılıq və süni mayalandırma sahələrində layihələrin həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.  

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə layihələrin nəticələrindən fermer və sahibkarlarımız bəhrələndiyi kimi, bu əməkdaşlıq Azərbaycanda kənd təsərrüfatının ümumi inkişafına da öz töhvəsini verir”- deyə nazir əlavə edib.

Həyata keçirilən layihələrin səmərəsindən danışan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak yeni layihələrin həyata keçirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.