BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI İCRA KOMİTƏSİNİN 8-Cİ İCLASI KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI İCRA KOMİTƏSİNİN 8-Cİ İCLASI KEÇİRİLİB
Fevralın 22-də Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 8-ci iclası keçirilib.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsi 1994-cü ildə yaranıb. Həmin ildən etibarən komitə mütəmadi iclaslar keçirir. Qurumun 7-ci iclası 2014-cü ilin iyun ayında Ankarada baş tutub.

Vurğulanıb ki, Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsini ölkəmiz üçün prioritet sahə elan edib və bu sahəyə xüsusi diqqət göstərir. Kənd təsərrüfatının inkişafı həm respublikanın ərzaq təhlükəsizliyi, həm də əhalinin məşğuliyyəti deməkdir.

İlham Quliyevin sözlərinə görə, məşğul əhalinin 40 faizə qədəri məhz kənd təsərrüfatı sahəsində çalışırlar. Son 3 il ərzində Azərbaycanda bu sahədə ciddi dönüş yaranıb. Bu irəliləyişlər həm infrastruktur, həm fermerlərə göstərilən dəstəklə, elektron kənd təsərrüfatının yaradılması və digər məsələlərlə bağlıdır. Nazirlik bu sahələrdə qabaqcıl ölkələrin, xüsusilə də, Türkiyənin təcrübəsini öyrənməkdə maraqlıdır.

BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI İCRA KOMİTƏSİNİN 8-Cİ İCLASI KEÇİRİLİBİlham Quliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, dövlət başçısının qayğısı nəticəsində ölkədə ötən il pambıq istehsalı 3 dəfə artaraq, 90 min tona çatdırılıb. Fındıqçılıq sahəsində də uğurlar əldə edilib. Azərbaycanda cəmi 30-35 hektar fındıq sahəsi olduğu halda, ötən il ərzində 13 min hektara qədər yeni fındıq bağları salınıb. İpəkçiliyin inkişafı ilə bağlı ciddi tədbirlər görülüb. 2015-ci ildə ölkədə cəmi bir rayonda barama istehsal olunduğu halda, 2016-cı ildə məhsul təqribən 71 tona çatdırılıb. Bu il isə sözügedən məhsulu 2-3 qat artırmaq nəzərdə tutulub.

Qeyd olunub ki, Azərbaycanda regionun heyvandarlıq sahəsində ən böyük süni mayalanma mərkəzi tikilir, onun 2017-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bu sahədə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi öyrənilir. Mərkəzin fəaliyyəti Azərbaycanda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasında çox mühüm əhəmiyyət kəsb edəcək.

Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Əli Rəcəb Nazlı bildirib ki, Türkiyənin işgüzar dairələrini təmsil edən 200 nəfərədək iş adamı yaxın zamanda əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Azərbaycana gələcək.

Tədbirin xüsusi əhəmiyyətini vurğulayan Əli Rəcəb Nazlı deyib ki, bu əməkdaşlıq iki qardaş ölkə arasında əlaqələrin daha da genişlənməsində əsas rol oynayacaq. Bildirib ki, Türkiyə bir çox ölkə ilə kənd təsərrüfatı sahəsində qarşılıqlı əməkdaşlıq münasibətləri qurub. Bunlar əsasən mexanizasiya, toxumçuluq, heyvandarlıq, meyvəçilik və digər sahələri əhatə edir. Sözügedən əməkdaşlıq Azərbaycanda da həyata keçiriləcək. İcra Komitəsinin 8-ci iclasında məhz bu məsələlər müzakirə olunacaq.

Sonra plenar iclaslarda kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı aktual məsələlər müzakirə edilib.