KARANTİN TƏTBİQ EDİLƏN ZƏRƏRLİ ORQANİZMLƏRİN DİAQNOSTİKASI ÜZRƏ SEMİNAR ÖZ İŞİNƏ BAŞLAYIB

Böyütmək | Kiçiltmək

KARANTİN TƏTBİQ EDİLƏN ZƏRƏRLİ ORQANİZMLƏRİN DİAQNOSTİKASI ÜZRƏ SEMİNAR ÖZ İŞİNƏ BAŞLAYIB
04 aprel 2017-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati binasında FAO-nun “Azərbaycanda Fitosanitar Nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində karantin tətbiq edilən zərərli orqanizmlərin diaqnostikası üzrə seminar öz işinə başlayıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin və Dövlət Gömrük Komitəsinin fitosanitar müfəttişlərinin iştirak etdiyi təlimin əsas məqsədi müfəttişlərin karantin tətbiq edilən zərərli orqanizmlər, onların yayılması yolları, aşkarlanması və diaqnostikası sahəsində bilik və bacarıqlarının artırılmasıdır.

KARANTİN TƏTBİQ EDİLƏN ZƏRƏRLİ ORQANİZMLƏRİN DİAQNOSTİKASI ÜZRƏ SEMİNAR ÖZ İŞİNƏ BAŞLAYIBTədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev seminarın məqsədləri haqqında geniş məlumat verərək, fitosanitar diaqnostikanın əsasında fitosanitar riskin analizi, ixrac məhsullarının sertifikatlaşdırılması, idxal məhsullarının yoxlanılması, fitosanitar işləmələrin həyata keçirilməsi, zərərli orqanizmlər üzərində müşahidələr, zərərli orqanizmlərdən azad zonaların müəyyən edilməsi kimi fəaliyyətlərin dayandığını qeyd edib və gözlənilən nəticələr barədə məlumat verib. Camal Quliyev həmçinin Respublikamızda diaqnostika xidmətlərinin gücləndirilməsi və mövcud laboratoriyaların modernizasiyasını Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş vəzifələrdən biri olduğunu vurğulayıb. Digər tərəfdən fitosanitar diaqnostika sahəsində lazımi potensialın yaradılmasını Milli Bitki Mühafizəsi Təşkilatlarının mühüm beynəlxalq öhdəliklərindən biri olduğunu bildirib. O, seminarın fitosanitar müfəttişlərin zərərli orqanizmlərin diaqnostikası sahəsində peşə bacarıqlarının artırılması üçün çox faydalı olacağını qeyd edib.

Daha sonra FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak  FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr və bitki sağlamlığı məsələlərinin əhəmiyyəti barədə danışıb.  

FAO-nun beynəlxalq məsləhətçisi xanım Natalya Şerokolava iştirakçıları təlimin iş planı ilə tanış edərək, onlar üçün nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verib və sonra seminar gündəliyə uyğun öz işinə başlayıb.

Təlim kursu 07 aprel 2017-ci il tarixinə kimi davam edəcək.