DONOR TƏŞKİLATLAR AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATINDA MALİYYƏLƏŞDİRMƏK İSTƏDİKLƏRİ PRİORİTET İSTİQAMƏTLƏRİ MÜƏYYƏNLƏŞDİRİBLƏR

Böyütmək | Kiçiltmək

DONOR TƏŞKİLATLAR AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATINDA MALİYYƏLƏŞDİRMƏK İSTƏDİKLƏRİ PRİORİTET İSTİQAMƏTLƏRİ MÜƏYYƏNLƏŞDİRİBLƏRAprelin 12-də Kənd Təsərrüfatı Nazirliyində 4-cü Donor Əlaqələndirmə Görüşü keçirilib. Nazir müavini Seyfəddin Talıbovun sədrliyi ilə keçirilən görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş hədəf və məqsədlərə diqqət yetirilib. Qeyd edilib ki, hal-hazırda Azərbaycan hökuməti beynəlxalq donorlarla birgə kənd təsərrüfatı sahəsində 4 kredit layihəsi, 9 texniki yardım layihəsi, 2 qrant layihəsi və 1 pilot layihə icra edir.

Görüşdə donor təşkilatların nümayəndələri Azərbaycanın aqrar sektorunun inkişafı üçün “Strateji Yol Xəritəsi”ndə seçilmiş prioritet istiqamətlərdən maliyyələşdirmək istədikləri istiqamətləri müəyyənləşdiriblər. 

Görüşdə nazir müavini Azərbaycan Respublikası Prezidentinin aprelin 11-də imzaladığı “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında qarşıya qoyulmuş vəzifələr haqqında geniş məlumat verərək Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq donorlarla əməkdaşlıq üçün bu Sərəncamın icrasında istifadə oluna biləcək mexanizmlər hazırladığını da qeyd edib.

“Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankı ilə birgə həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində 2016-cı ilin sentyabr ayından Almaniyanın məşhur Frankfurt Maliyyə və Menecment Məktəbi ilə əməkdaşlığa başlayıb. Cəlb edilmiş beynəlxalq şirkətlə birlikdə fermer və sahibkarların tələbatları, kredit təşkilatlarının üzləşdikləri çətinliklər və imkanları araşdırılıb, geniş təhlil edilib, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq mexanizmlər və yeni maliyyə məhsulları barədə tövsiyələr hazırlanıb. Əminliklə deyə bilərik ki, Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq mütəxəssislərlə çalışması nəticəsində hazırlanmış təhlil və təklif olunan mexanizmlər ölkə başçısının yeni Sərəncamının icrasında geniş şəkildə istifadə oluna bilər” – Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

Dünyanın hər yerində kənd təsərrüfatının riskli sahə hesab edildiyini bildirən nazir müavini Seyfəddin Talıbov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb və əlavə edib ki dövlət xətti ilə aqrar sektora ciddi maliyyə dəstəyi verilir. Təkcə son 10 ildə Azərbaycanda banklar kənd təsərrüfatı sektorunun kreditləşməsini 5 dəfə, Sahibkarlığa Kömək Milli Fondu isə 18,1 dəfə artırıb. Lakin bu vəsait yetərli deyil.

Aqrar sahədə daşınar əmlakların və hazır məhsulların girov kimi qəbul edilməsi, beynəlxalq təcrübədə öz əksini tapan və sınanmış alətlər hələlik ölkəmizdə tətbiq edilmir. Ümid edirik ki, bununla bağlı bizim təkliflərimiz nəzərə alınacaq və fermerlərin maliyyə resurslarına çıxış imkanları artırılacaq. Biz beynəlxalq təcrübədə özünü doğrultmuş bir neçə variantı təklif etmişik. Bu, yalnız hazır məhsulların girov kimi qəbul edilməsi ilə bağlı deyil, eyni zamanda götürülmüş kreditlərin faiz dərəcələrinin dövlət vəsaiti hesabına ödənilməsi kimi bir neçə müxtəlif alətlərin tətbiqini nəzərdə tutur", - deyə S. Talıbov vurğulayıb.