KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ İLƏ BMT-NİN ƏRZAQ VƏ KƏND TƏSƏRRÜFATI TƏŞKİLATI (FAO) ARASINDA YENİ LAYİHƏLƏR MÜZAKİRƏ OLUNUB

Böyütmək | Kiçiltmək

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ İLƏ BMT-NİN ƏRZAQ VƏ KƏND TƏSƏRRÜFATI TƏŞKİLATI (FAO) ARASINDA YENİ LAYİHƏLƏR MÜZAKİRƏ OLUNUBİyulun 18-də Kənd Təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmakla görüşüb.

Nazirliyin müvafiq şöbələri və qurumlarının rəhbərlərinin, həmçinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimlərinin iştirak etdiyi görüşdə “FAO-Azərbaycan tərəfdaşlıq proqramı” çərçivəsində təqdim olunan yeni layihələr müzakirə olunub.

Nazir qonağı səmimi salamlayaraq FAO ilə Azərbaycan arasında həyata keçirilən layihələri yüksək qiymətləndirib və gələcəkdə də yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verdiyini bildirib.  

Görüşdə “Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğu sisteminin yaradılması”, “Azərbaycanda arıçılığın inkişafı vasitəsilə əhalinin gəlirlərinin artırılması”, “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi”, “Dayanıqlı qoyunçuluq və ərzaq məhsullarının dəyər zəncirlərinin hazırlanması və qəbulu” layihələrinin ayrılıqda hər bir komponenti üzrə müzakirələr aparılıb. Nazir Heydər Əsədov gələcəkdə səmərəliliyin artırılması məqsədilə hər bir layihə üzrə müvafiq tövsiyələrini verib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak qeyd olunan dəyişikləri və təklifləri nəzərə almaqla yeni layihələrin həyata keçirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.