NAZİR HEYDƏR ƏSƏDOV AZƏRBAYCAN ARIÇILAR ASSOSİASİYASININ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

Sentyabr ayının 8-də nazir Heydər Əsədov Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri ilə görüşmüşdür. Görüşdə Assosiasiyanın sədri Bədrəddin Həsrətov görülən məqsədyönlü tədbirlərin artıq öz bəhrəsini verdiyini və bütün bu işlərin həyata keçirilməsində kənd təsərrüfatı nazirliyinin çoxsahəli dəstəyini xüsusi olaraq qeyd etmişdir. Bədrəddin Həsrətov respublikada arıçılığın inkişaf etdirilməsi üzrə görülmüş işlər barədə məlumat verərək son illərdə kənd təsərrüfatının digər sahələrində olduğu kimi arıçılıqda da ciddi irəliləyişlərin olduğunu, damazlıq-seleksiya işlərinin həyata keçirilməsi, arıçıların bilik və bacarıqlarının artırılması və digər zəruri tədbirlərin nəticəsində cari ildə respublika üzrə arı ailələrinin sayınin əhəmiyyətli dərəcədə artdığını qeyd etmişdir.  

Görüşdə arıçılıqda xüsusi qeydiyyat sisteminin qurulması, xəstəliklərlə mübarizə işlərinin gücləndirilməsi, arıçıların kredit resuslarına çıxışının asanlaşdırılması və məqsədli dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsinə ehtiyac olduğu müzakirə edilmişdir. Cari ildə ənənəvi arıçılıq məhsullarının sərgi-satış yarmarkasının keçirilməsi məsələləri müazakirə olunmuş və bu barədə arıçıların təklifləri dinlənilmişdir.

Görüşdə arıçılıq sahəsi üzrə subsidiya mexanizmlərinin işlənməsi, arıçılıq məhsulları da daxil olmaqla kənd təsərrüfatı məhsullarının satışı üçün daimi fəaliyyət göstərən sərgi kompleksinin yaradılmasının vacibliyi vurğulanmışdır.

Nazir Heydər Əsədov Assosiasiya tərəfindən təqdim olunmuş təklifləri  dinləyərək  onların həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini vermişdir.