2017-Cİ İLDƏ BİTKİÇİLİK SAHƏSİNDƏ YÜKSƏK NAİLİYYƏTLƏR ƏLDƏ OLUNUB

Böyütmək | Kiçiltmək

 

Azərbaycan Respublikasında əhalinin ərzaq məhsullarına olan tələbatını daxili istehsal hesabına maksimum səviyyədə ödəmək və ixrac potensialını artırmaq məqsədilə bitkiçilik məhsulları istehsalçıları tərəfindən 2017-ci ilin məhsulu üçün mühüm tədbirlər həyata keçirilmişdir.

Dövlət Statistika Komitəsinin  əkinlərin qəti uçotu haqqında məlumatına əsasən 2017-ci ilin məhsulu üçün 1665,7 min hektar (çoxillik əkmələrsiz) sahə əkin altında  istifadə  edilmişdir ki, bu da  01.01.2017-ci il tarixli  torpaq balansı üzrə 1793,8 min hektar əkin yerinin  92,9 faizinə bərabərdir. Əkin altında istifadə edilməyən 128,1 min ha əkinlərin növbələşdirilməsinə uyğun olaraq dincə qoyulan və ya herik kimi becərilən sahələrdir. Əkin sahələrinin  976.9 min hektarını və ya 58.6 faizini payızlıq və yazlıq dənli və dənli  paxlalı bitkilər, 151.6 min  hektarını və ya 9.2 faizini  kartof, tərəvəz və  bostan  bitkiləri, 180.5 min hektarını və ya  10.8 faizini texniki (pambıq, tütün, şəkər çuğunduru,  günəbaxan və s.) bitkilər, 356,7 min hektarını  və ya  21.4 faizini yem bitkiləri təşkil etmişdir.

Bundan əlavə, təkrar əkinlərin tətbiqinin genişləndirilməsi məqsədilə onun əhəmiyyəti və təkrar əkinlərə tətbiq olunan dövlət dəstəyi tədbirləri barədə istehsalçılar arasında maarifləndirmə və kütləvi informasiya vasitələrində təbliğat işləri aparılmış, nəticədə təkrar əkinlərin sahəsi 2016-cı illə (22.8 min ha) müqayisədə  13.5 min hektardan çox (59.6%) artaraq 36.4 min ha təşkil etmişdir.

2017-cı ildə həmçinin mövcud 170.0 min hektar meyvə, 16,0 min hektar üzüm  bağlarının və 1004 hektar çay  plantasiyalarının aqrotexniki qaydada becərilməsi, seyrəkliklərin aradan qaldırılması və yeni bağların salınması həyata keçirilmişdir.

Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olduğu nəzərə alınaraq, taxılçılıqda texnoloji proseslərin vaxtında və aqrotexniki qaydalara uyğun aparılmasına, istehsalçıların texnika, gübrə, bitki mühafizə vasitələri ilə təminatına diqqət daha da artırılmışdır. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində yaxın gələcəkdə keyfiyyətli taxıl məhsullarına olan tələbatın daxili istehsal hesabına ödənilmə səviyyəsinin maksimum dərəcədə yaxşılaşdırılması proqnozlaşdırılır.

Mülkiyyətçilər tərəfindən 2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün taxıl bitkilərinin əkinində əsasən respublikanın bölgələrinin torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış, məhsuldar yerli sortların toxumlarından istifadə edilmişdir ki, həmin sortların da məhsulu yüksək çörəkbişirmə keyfiyyətlərinə malikdirlər.

Məhsulun vaxtında və itkisiz yığılması üçün “Aqrolizinq” ASC-nin rayon aqroservis filiallarının istifadəsində olan taxılyığan kombaynların və digər texnikaların optimal dislokasiyası və taxılın yetişmə vaxtına uyğun olaraq rayonlararası hərəkətinin təşkili üçün tədbirlər müəyyənləşdirilmişdir. Biçinlə bağlı ortaya çıxan problemlərin dərhal aradan qaldırılması  məqsədi ilə hər bir taxılçılıq rayonunda Nazirliyin nümayəndələrindən ibarət operativ qərargah yaradılmışdır.

Növbəti, 2018-ci ilin məhsulu üçün payızlıq taxıl səpininin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı payızlıq taxıl əkilməsi nəzərdə tutulan, eləcə də herik üçün dincə qoyulmuş sahələrdə şumlama və səpinin optimal müddətdə başa çatdırılması üçün yerli icra hakimiyyəti orqanları ilə birlikdə səlahiyyətləri daxilində tədbirlər görülməsi, məhsul istehsalçılarına köməklik göstərilməsi və səpinin gedişi barədə gündəlik olaraq nazirliyə məlumat verilməsi barədə rayon (şəhər) kənd təsərrüfatı idarələrinə müvafiq göstəriş verilmişdir. İdarələrdən daxil olan məlumatlar nazirlikdə ümumiləşdirilərək müvafiq təhlillər aparılmış, səpin işlərində gecikmə halları müşahidə olunduqda onların aradan qaldırılması istiqamətində tədbirlər görülmüşdür.

Məhsuldarlığa və məhsulun keyfiyyətinə təsir edən ən mühüm amillərdən birinin səpin müddəti olması, ümumilikdə aqrotexniki tələblərə əməl edilməsi barədə istehsalçılar arasında aparılan maarifləndirmə və təbliğat işləri nəticəsində, hava şəraitinin sentyabrın sonlarından başlayaraq qeyri-sabit keçməsinə baxmayaraq cari ilin payızlıq səpinləri üçün torpaqbecərmə və səpin işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə daha mütəşəkkil qaydada həyata keçirilir. Rəsmi statistik məlumata əsasən (01 dekabr 2017-ci il tarixə) 2018-ci ilin məhsulu üçün təmiz herik şumu da daxil olmaqla payızlıq əkinlər üçün 1034.5 min hektar sahə şumlanmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4.1% çoxdur. 879.0 min hektarda dən və yaşıl yem üçün (ötən ilin eyni dövrü ilə müqayisədə 7.5% çox), o cümlədən 864.6 min hektarda dən üçün payızlıq bitkilər (ötən ildən 7.9% çox) səpilmişdir ki, onun da 584.1 min hektarını buğda (ötən ildən 11.5% çox) və 280.4 min hektarını arpa (ötən ildən 1.3% çox) təşkil etmişdir. Səpin müddətində intensiv yağıntılar nəticəsində torpağın əkin qatında nəmlik kifayət qədər olmuş,  bununla yanaşı suvarma şəraitində becərilən sahələr suvarılmış, suvarma suyuna olan tələbatda ciddi çətinliklər müşahidə edilməmişdir.

Növbəti ilin məhsulu üçün proqnozlaşdırılan 950 min hektar sahədə taxıl əkilməsi üçün orta hesabla 129 min ton buğda və 65 min ton arpa toxumu tələb olunur. Azərbaycanda payızlıq yumşaq buğdanın Azəri, Əkinçi-84, Zirvə-85, Ruzi-84, Aran, Tale-38, Qırmızı Gül-1, Murov-2, Şəfəq-2, Qızıl buğda, Fatimə, Qobustan, Ağalı və s., payızlıq bərk buğdanın Qarabağ, Bərəkətli-95, payızlıq arpanın isə Qarabağ 22, Qarabağ 33, Baharlı, Cəlilabad 19 və s. sortları becərilir.

“Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə” Əsasnamənin tələblərinə uyğun olaraq cari ildə 100-dən artıq fiziki və hüquqi şəxs toxum istehsalçılarının reyestrinə daxil edilmişdir. Ümumiyyətlə,  respublika üzrə  cəmi 305 özəl  təsərrüfat toxum və ting  istehsalı ilə məşğul olur.

Taxıl istehsalçılarını yüksək keyfiyyətli toxumla təmin etmək məqsədilə 2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün əkilmiş toxumluq taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına düzgün icra olunmasına Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli qurumlarının mütəxəssisləri tərəfindən nəzarət edilmiş, dövlət və özəl toxumçuluq təsərrüfatlarında əkilmiş 53 min ha toxumluq əkin sahəsində aprobasiya işləri aparılmış və standartların tələbinə cavab  verməyən 14 min hektara yaxın  sahə  toxum dövriyyəsindən  çıxarılmışdır.

Respublikada fəaliyyət göstərən dövlət və özəl toxumçuluq təsərrüfatlarında R1 və R2 reproduksiyalı 73.3 min ton, o cümlədən 60.3 min ton buğda və 13.0 min ton arpa toxumu sertifikatlaşdırılmışdır.

2017-ci ildə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin elmi tədqiqat müəssisələrinin təcrübə təsərrüfatlarında istehsal edilmiş 1350 ton elit buğda və arpa toxumu Kənd Təsərrüfatı Nazirliyi tərəfindən güzəştli şərtlərlə bölgü əsasında toxum istehsalçılarına paylanılmışdır. O cümlədən mövcud qanunvericiliyə uyğun olaraq özəl toxumçuluq təsərrüfatları tərəfindən istehsal edilmiş 949,7 ton elit toxum həmin təsərrüfatların payızlıq əkinində istifadə edilmişdir.

Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi layihəsi çərçivəsində Əkinçilik ET institutunun Qobustan Bölgə Stansiyasında toxumun ilkin təmizlənməsindən başlayaraq, çəki, ölçü və formasına görə çeşidləyən qurğular, dərmanlama aparatları, tərəzi və kisə tikən avadanlıqlar quraşdırılmışdır. Saatda 2 ton toxum təmizləmə gücü olan məntəqədə dövlət və özəl təsərrüfatlarda istehsal olunmuş toxumlar yüksək səviyyədə təmizlənərək kondisiyaya çatdırılır. Ümumilikdə yaxın zamanlarda bu məntəqələrin sayının 6-ya çatdırılması nəzərdə tutulmuşdur.

2017-ci ildə dənli paxlalı bitkilərin 35, o cümlədən payızlıq yumşaq buğdanın 7(2-si yerli, 5-i xarici), arpanın 2 (1-i yerli, 1-i xarici) sortu respublikanın  müxtəlif torpaq-iqlim bölgələri üçün rayonlaşdırılaraq qeydiyyata alınmış və geniş istehsalat şəraitində yetişdirilmək üçün fermerlərə tövsiyə edilmişdir.

Azərbaycanda 150 min ton bərk buğda məhsullarına illik tələbat olduğunu nəzərə alaraq Əkinçilik ET institutunda yeni məhsuldar və keyfiyyətli bərk buğda sortlarının ilkin toxumçuluğunun planı hazırlanmış və 2018-ci ilin məhsulunun səpini aparılmışdır.

DSK-nın 01 dekabr tarixli məlumatına əsasən 940.5 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər (qarğıdalısız) sahəsindən 2691.5 min ton ton, 35.6 min ha dən üçün qarğıdalı sahəsindən isə 226.3 min ton məhsul yığılmışdır.

Bunlarla yanaşı, 58.8 min hektar kartof sahəsindən 889.4 min ton və ya hər  hektardan 151.3 sentner kartof, 69.1 min hektar tərəvəz bitkiləri sahələrindən 1370.5 min ton  və ya  hər hektardan 198.5 sentner tərəvəz, 23.4 min hektar ərzaq üçün bostan bitkiləri sahəsindən 437.5 min ton və ya hər hektardan 187.2 sentner bostan, 14.9 min hektar dən üçün  günəbaxan  sahəsindən 30 min ton və ya hər hektardan 20,1 sentner  günəbaxan,  3.2 min hektar tütün sahəsindən 5.1 min ton tütün yarpağı, habelə  14.1 min hektar şəkər çuğunduru sahəsinin 13.0 min hektarından (yığım dekabr ayında yekunlaşacaqdır) 408.2 min ton və  ya hər hektardan 314.8 sentner çuğundur, 923.7 min ton meyvə və giləmeyvə məhsulları, 145.8 min ton  üzüm və 772.2 ton yaşıl çay yarpağı  istehsal edilmişdir.

2017-ci ildə əvvəlki ilə nisbətən dən üçün qarğıdalı istehsalı 3 faiz, dən üçün günəbaxan istehsalı 75.2 faiz, kartof istehsalı 1.1 faiz, tərəvəz istehsalı 10.9 faiz, şəkər çuğunduru istehsalı 44.0 faiz, tütün istehsalı 41.1 faiz, meyvə və giləmeyvə istehsalı 5.4 faiz, üzüm istehsalı 8.4 faiz çox olmuşdur.

Ölkədə kartof, tərəvəz-bostan və meyvə  məhsullarının  tələbatdan  artıq istehsal edilməsi bu  məhsulların xarici  dövlətlərə ixrac olunması imkanlarını artırmışdır. Belə ki, yanvar-noyabr ayları ərzində 57.6 min ton kartof, 214.9 min ton tərəvəz-bostan, 220.3 min ton  müxtəlif meyvə məhsulları ixrac  edilmiş, ölkəyə buna görə 453 mln ABŞ dolları məbləğində vəsait daxil olmuşdur.

Cari ildə “Aqrolizinq” ASC və digər təşkilatlar tərəfindən gətirilmiş mineral gübrələrin güzəştli satışı istiqamətində məqsədyönlü tədbirlər  görülmüş, tətbiq edilən gübrələrin növlərinin seçilməsində, normaların müəyyənləşdirilməsində və vaxtında sahəyə verilməsində istehsalçılara lazımi  tövsiyələr verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq olunmuş “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydaları”na və Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarının icrasına uyğun olaraq satıcı təşkilatlar tərəfindən 2017-ci ildə 63300 nəfər istehsalçıya 687.3 min hektara görə güzəştlə 117 min ton mineral gübrələr satılmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin regional Aqrokimya  laboratoriyaları tərəfindən torpaq  mülkiyyətçisinə  məxsus əkin  sahələrindən  götürülmüş torpaq nümunələrində  aqrokimyəvi  analizlər  aparılmaqla torpaqlarda qida maddələrinin miqdarı  öyrənilmiş, onun əsasında  proqnozlaşdırılan məhsuldarlığa görə  gübrə norması  hesablanmış və torpaq mülkiyyətçilərinə  müvafiq tövsiyələr verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12.09.2017-ci il tarixli 3227 nömrəli “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq kənd təsərrüfatının ənənəvi sahələrindən olan sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı, əhalinin bu məhsullara tələbatının ödənilməsi, habelə ixrac imkanlarının genişləndirilməsi, kənd əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri tərəfindən “Azərbaycan Respublikasında çəltik istehsalının inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanmışdır.

Dövlət Proqramlarının layihələrində əkin sahələrinin və məhsuldarlığın artırılması, toxumçuluq və tingçilik təsərrüfatlarının inkişafı, informasiya-məsləhət xidmətlərinin, kadr potensialının gücləndirilməsi, zəruri infrastruktur və maliyyə resursları ilə təminat səviyyəsinin daha da yüksəldilməsi və suvarma sistemlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası nəzərdə tutulmuşdur.

Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş, Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu sahələrindən olan pambıqçılıq, tütünçülük, ipəkçilik və fındıqçılığın dirçəldilməsi ilə bağlı mühüm addımlar atılmışdır:

Pambıqçılıq: Pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf rtdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082№-li Sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

Cari ildə respublika üzrə 22 rayonda 135 min hektardan artıq pambıq əkilmişdir. Əkinlər əsasən “MKT İK” MMC ,“CTS Aqro” MMC, Şamo” MMC “Goran Pambıq” ASC və “Kənd Təsərrüfatı” MMC-lər ilə birgə əməkdaşlıq barədə müqavilə bağlamış istehsalçılar tərəfindən aparılmışdır.

            İstehsalçıların yerli şəraitə uyğun, tezyetişən və ortayetişən məhsuldar və yüksək lif keyfiyyət göstəricilərinə malik pambıq sortlarının toxumlarına olan tələbatlarının ödənilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Türkiyə Respublikasının toxumçuluq üzrə qabaqcıl “ProGen” şirkətindən 420 ton, Almaniyanın “Bayer” şirkətindən isə 162 ton lifsiz pambıq toxumu alınmışdır.

Respublikada pambıqçılıq üzrə fəaliyyət göstərən yeni yaradılmış “Kənd Təsərrüfatı” MMC tərəfindən tədarük olunacaq xam pambığın qəbulu və ilkin emalının təşkili üçün Kürdəmir, Füzuli, Neftçala, İmişli, Ağcabədi, Ağsu, Biləsuvar, Yevlax, Salyan və Sabirabad rayonlarında qəbul məntəqələri yaradılmış, Saatlı rayonunun Əhmədbəyli kəndundə fəaliyyəti dayandırılmış pambıq emalı zavodunda təmir bərpa işləri görülmüş, avadanlıqlarla təmin olunaraq yenidən pambıq qəbuluna və emalına başlamışdır.

Bundan əlavə Ucar rayonunda illik emal gücü 40 min ton olan pambıq emalı zavodunun tikintisinə və avadanlıqlar gətirilməsinə başlanılmışdır

Kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsi ilə bağlı mütəmadi olaraq bölgələrdə Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərinin təşkilatçılığı ilə fermerlərin iştirakı ilə seminarlar, tarla günləri və təlim kursları keçirilmişdir.

Artıq məhsul yığımı yekunlaşmaq üzrədir. 4 yanvar tarixinə olan operativ məlumata əsasən 207 min tona yaxın pambıq yığılmışdır ki, bu da ötən illə müqayisədə 2.4 dəfə çoxdur.

Pambıqçılığın inkişafının daha da sürətləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyində İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin rəhbərlərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan “MKT İK” MMC və “CTS AQRO” MMC-nin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün 2018-ci ildə həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilmişdir. Həmçinin, pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 1-ci, 3-cü, 4-cü növlər üçün 100 manat, 2-ci növ üçün isə-110 manat artırılaraq, 2018-ci ildə müvafiq olaraq 600, 540, 500 və 580 manat müəyyənləşdirilməsi barədə razılıq əldə edilmişdir:

Tütünçülük: Tütün və tütün məmulatlarına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust  tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

Cari ildə 15 rayonda 3210 hektarda tütün əkilmişdir.

Müxtəlif həcmli 2000-dən çox şitillik hazırlanaraq toxum səpilmişdir. Əsasən İtiyarpaq, Zaqatala-67, Virciniya və Berley tütün sortlarının toxumları tədarük edilmişdir. Tütün əkinlərinin texnoloji xəritəsinə uyğun olaraq şum, mala, kultivasiya və digər aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində fermerlərə müvafiq tövsiyələr verilmiş, texniki xidmətlər göstərilmişdir.

Kənd Təsərrüfatı Nazirliyində tütünün müasir texnologiyalar əsasında becərilməsinə dair buklet və digər maarifləndirici materiallar hazırlanmış, həmçinin tütünçülüklə bağlı məlumatlar Nazirliyin internet səhifəsində yerləşdirilmişdir.

Eyni zamanda tütünçülük rayonlarında Nazirliyin təşkilatçılığı, aidiyyəti yerli qurumların, şirkətlərin və fermerlərin iştirakı ilətədbirlər keçirilmiş, qarşıda duran vəzifələr müzakirə edilmişdir.

01 dekabr tarixinə DSK-nın məlumatına əsasən 5070 ton məhsul yığılmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41.1 faiz çoxdur.

Barama: Dövlət Başçısının ölkədə ipəkçiliyin sürətli inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq 2016-cı ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada ipək istehsalının müasir infrastrukturunun yaradılması, baramaçıiığln yem bazasının möhkəmləndirilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

İpəkçiliyin gələcək inkişafı üçün baramaçılığın yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2016-cı ilin dekabr ayinda Çin Xalq Respublikasından 1,5 milyon ədəd calaq edilmiş tut tingləri tədarük edilmiş,  tərtib edilmiş bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonlarına paylanılmış və bu rayonların ərazilərində nazirliyin və nazirlik tərəfindən respublikaya dəvət edilmiş Çin Xalq Respublikasının mütəxəssislərinin nəzarəti altında 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin edilmişdir.

Ölkədə barama istehsalının əvvəlki il ilə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6000  qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilmiş və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuşdur. İpəkqurdu toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli barama qurdları əldə edilmiş və respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsi tələb olunan miqdarda keyfiyyətli barama qurdları ilə təmin edilmişlər.

Barama qurdlarının paylanılması zamanı baramaçılara ipəkqurdunun bəslənməsinə dair tövsiyə xarakterli bukletlər, metodiki vəsaitlər, yaddaş vərəqələri və digər maarifləndirici materiallar paylanılmışdır.

İpəkqurdlarının bəslənilməsində kümçülərə metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Çin Xalq Respublikasından dəvət olunmuş mütəxəssislər ilə birlikdə baramaçılıq rayonlarına ezam olunmuş, kümçülərə ipəkqurdlarının bəslənilməsi ilə bağlı müvafiq tövsiyələr verilmiş, onlara qarşılaşdığı çətinliklərin həll olunmasında əməli və metodiki köməklik göstərilmişdir

 “Şəki İpək” ASC-yə 245.2 ton yaş barama təhvil verilmişdir ki, bu da ölkə Prezidenti tərəfindən barama istehsalı ilə bağlı cari il üçün müəyyən edilmiş hədəflərdən təxminən 1.6-1.7 dəfə, ötən ildəki istehsaldan isə 3.5 dəfə çoxdur.

Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin 19 may 2017-ci il Sərəncamı ilə Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon (dörd milyon beş yüz min) manat ayrılmışdır.

Respublikamızda yüksək məhsuldar, calaq olunmuş tinglərdən istifadə olunmaqla intenşiv tipli tut (çəkil) bağlarının salınmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 oktyabr tarixli 3286 nömrəli “İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında”  Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış fonddan 1,0 milyon ədəd tut (çəkil) tinglərinin alınması və məhsul istehsalçılarına əvəzsiz verilməsi üçün 775,0 (yeddi yüz yetmiş beş) min manat vəsait ayrılmışdır.

Sərəncamın icrasını təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1,0 milyon ədəd tut (çəkil) tinglərinin alınması ilə bağlı Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə müqavilə bağlanılmış və 29 noyabr tarixində tut tingləri respublikaya gətirilərək hazırlanmış bölgüyə uyğun olaraq baramaçılıq rayonlarına paylanılması üçün Tovuz, Şəki, Bərdə, Ucar, Sabirabad və Lənkəran  rayonlarına göndərilmişdir.

Yeni gətirilmiş tinglərin 40-a yaxın rayonda əkilməsi və ötən mövsüm əkilmiş tinglərin düzgün budanması nazirliyin və nazirlik tərəfindən respublikaya dəvət edilmiş Çin Xalq Respublikasının mütəxəssislərinin nəzarəti altında həyata keçirilmişdir.

Fındıqçılıq: Ölkə Prezidenti tərəfindən ölkəyə valyuta daxilolmalarında xüsusi çəkiyə malik fındıqçılıq sahəsinin inkişafına ciddi dövlət dəstəyinin göstərilməsi, fındıq istehsalı mümkün olan rayonların müəyyənləşdirilməsi və bu rayonlarda fındıqçılığın sürətlə inkişaf etdirilməsi ilə bağlı verilən tapşırıqların icrası davam etdirilmişdir.

Bu sahənin inkişaf etdirilməsi üçün əlverişli torpaq-iqlim şəraitinə malik Zaqatala, Qax, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Oğuz, Şəki, Şabran, Quba, İsmayıllı və Yevlax rayonlarında mərhələli şəkildə 40 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulmuş və bu məqsədlə bölgələrdəki mövcud fındıq bağlarından tədarük ediləcək ting ehtiyatlarının həcmi müəyyənləşdirilmiş, yeni salınacaq bağlar üçün ərazilərin seçilməsi, ting ehtiyatlarının tədarükü, əkin işlərinin optimal müddətdə və keyfiyyətlə yerinə yetirilməsi üçün zəruru tədbirlərin təşkilinə köməklik göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən  bu rayonlarda xüsusi işçi qrup yaradılmışdır.

Həyata keçirilmiş tədbirlər nəticəsində ölkə üzrə  ötən il 18,2 min hektara yaxın sahədə yeni fındıq bağları salınmış, fındıq bağlarının ümumi sahəsi 55.1 min hektara çatdırılmışdır.

Hazırda bölgələrdə 10 min hektara yaxın sahədə yeni bağların salınması üçün işlər davam etdirilir.

Yeni fındıq bağlarının salınması üçün Balakən rayonu üzrə 500 min ədəd, Qax rayonunda 240 min ədəd, Qəbələ rayonunda 540 min ədəd, Şəki rayonunda 240 min ədəd, Şabran rayonunda 130 min ədəd ting və pöhrələr hazırlanmış, yeni salınacaq bağlar üçün müvafiq ərazilər müəyyən edilmişdir.