KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ  E-SATINALMALARIN TƏTBİQİ ÜÇÜN QABAQCIL TƏCRÜBƏLƏR  ÖYRƏNİLİR

Böyütmək | Kiçiltmək

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti elektron satınalma (e-procurement) sistemini tətbiq etmək məqsədilə dünyada mövcud sistemləri araşdırır.

Dövlət Xidməti bu sahədə ən qabaqcıl təcrübəyə malik Cənubi Koreya təcrübəsini öyrənəcək. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə əməkdaşlıq edəcək.

E-satınalmanın tətbiqi nəticəsində satınalmaların mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsinə nail olunacaq. Bu, müvafiq xərcləri azaltmağa, satınalma prosesini sürətləndirməyə imkan verməklə yanaşı, bir pəncərə prinsipinin tətbiqi sayəsində şəffaflığın artırılmasına şərait yaradacaq.

Elektron satınalmaların pilot olaraq, Dövlət Xidmətinin idarə etdiyi beynəlxalq layihələrdə həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti hazırda Dünya Bankı, İslam İnkişaf Bankı və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) ilə birgə 3 iri layihə həyata keçirir. Bu layihələrdən başqa, aqrar sahədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Avropa İttifaqı, Türkiyə, Yaponiya hökumətləri ilə texniki yardım və qrant layihələri icra edir. Dövlət Xidməti, həmçinin fermerlərə dövlət tərəfindən verilən kənd təsərrüfatı kreditlərini idarə edir.