AQRAR SAHƏYƏ İNNOVATİV YANAŞMA LAYİHƏ SEÇİMİNDƏ BAŞLICA MEYARIMIZDIR

Böyütmək | Kiçiltmək |

Bu gün dövlət qurumu olmasından, yaxud da özəl biznesdə fəaliyyət göstərməsindən asılı olmayaraq, ölkənin ərzaq təhlükəsizliyinin təmini, ixracyönümlü və yüksək rəqabətqabiliyyətli məhsul istehsalı aqrar sahədə fəaliyyət göstərən və ya bu sahəyə məsul olan hər kəsin başlıca vəzifəsidir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirdiyi bütün layihələrdə, gördüyü işlərdə məhz bu məqsədlərə xidmət edir. Azərbaycan Respublikası hökumətinin müxtəlif beynəlxalq təşkilatlarla birgə həyata keçirdiyi layihələr həm dövlət mülkiyyətində olan kənd təsərrüfatı müəssisə və təşkilatlarının, həm də özəl kəndli-fermer təsərrüfatlarının yüksək rəqabət qabiliyyətinə malik, keyfiyyətli məhsul istehsal edə bilməsinə yönəlib.

Dövlət Xidməti bu gün beynəlxalq təşkilatlarla 3 iri layihə həyata keçirir: “Azərbaycan Kənd İnvestisiya Layihəsi” (AzKİL), “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”(KTRQGL) və “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi”(KYKİL). Bu layihələrdən ilk ikisi Dünya Bankı ilə birgə icra olunur.  KYKİL isə İslam İnkişaf Bankı və İFAD (Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond) ilə Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihədir. Bu layihələrdən əlavə, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Avropa İttifaqı, Türkiyə, Yaponiya və başqa bir sıra ölkələrlə birgə texniki yardım və qrant layihələri reallaşdırır.

Həyata keçirilən layihələr kənd təsərrüfatının müxtəlif sahələrində innovasiyaların tətbiqini və inkişafı dəstəkləyir, yüksək ixtisaslı kadrların hazırlığına təkan verir, sağlam kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə, fermerlərin, kənd əhalisinin öz təsərrüfatlarından daha yüksək məhsul və gəlir əldə etməsinə, kənd yerlərində məşğulluğun artmasına xidmət edir.

Artıq 2 mərhələsini başa vurmuş “Azərbaycan Kənd İnvestisiya Layihəsi” Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi ən uzunmüddətli və genişmiqyaslı layihələrdən biridir. Həyata keçirildiyi 12 ildən artıq müddətdə AzKİL ölkənin 56 rayonunu əhatə edib. Layihə çərçivəsində icmalara yönəlmiş 2000 sub-layihə icra olunub. Bu sub-layihələrin ümumi dəyəri təxminən 130 milyon ABŞ dolları olub. Böyük hissəsi kənddaxili yolların çəkilməsi və təmiri, icmanın abadlaşdırılması, içməli su xətlərinin, drenaj və irriqasiya sisteminin çəkilməsi kimi infrastruktur sub-layihələrindən ibarət olan AzKİL kənd yerlərində icmaların problemlərinin həlli ilə yanaşı, təsərrüfatların inkişafına da öz töhfəsini verib. Məktəb, bağça, tibb məntəqəsi kimi əhəmiyyətli obyektlərin tikinti və bərpası kənd icmalarının sosial rifahını yaxşılaşdırıbsa, su, yol kimi problemlərin həlli təsərrüfatların inkişafına şərait yaradıb və bazara çıxış imkanlarını genişləndirib.

Kənd investisiya sub-layihələri içərisində 2017-ci ildə daha çox diqqət verilən gəlirgətirən layihələri xüsusi qeyd etmək yerinə düşər. İnkubator, yem emalı müəssisəsi, südtoplama məntəqəsi və başqa bu tip kiçik layihələr icmalara birgə təsərrüfatlarını yaradıb, ondan faydalanmağa, gəlir götürməyə yol açıb.

Təsadüfi deyil ki, Dünya Bankı Qrupunun 2017-ci il 9-15 oktyabr tarixlərində Vaşinqtonda keçirilən 17-ci illik toplantısında Azərbaycan Kənd İnvestisiya Layihəsi gündəmdə olub, Layihə üçün hazırlanmış Coğrafi İnformasiya Sistemi təqdim edilib.

Dünya Bankı ekspertlərinin Azərbaycan üçün hazırladıqları bu sistem vasitəsilə Azərbaycan nümayəndə heyəti ölkəmizdə həyada keçirilmiş Kənd İnvestisiya Layihəsinin uğurlu nəticələri barədə iştirakçılara ətraflı məlumat çatdırıb.

Azərbaycan nümayəndə heyətinin təqdimatında iştirak edən digər ölkələrin, eləcə də Dünya Bankının nümayəndələri Kənd İnvestisiya Layihəsinin növbəti mərhələsində ölkənin daha böyük uğurlar əldə edəcəyinə əminliklərini bildiriblər. Eyni zamanda, bu sistemin analoji layihələr həyata keçirən digər ölkələrdə də hazırlanıb, tətbiq edilməsi tövsiyə edilib.

Hal-hazırda Layihənin saytında aktiv olan Coğrafi İnformasiya Sistemi həm sub-layihələrin dövlət, icma və xeyriyyə vəsaitlərinə nəzarət etmək imkanı yaradır, həm də bir-birinin fəaliyyətini izləməklə, icmalar arasında rəqabət imkanını artırır, onları faydalı və dayanıqlı layihələrin hazırlanması və həyata keçirilməsinə sövq edir. Əminliklə bildirə bilərik ki, bu sistem qarşıda 3-cü Kənd İnvestisiya Layihəsinin həyata keçirilməsi zamanı yüksək nəzarət funksiyası həyata keçirməkdə bizə yardımçı olacaq.

Kənd Təsərrüfatı Nazirliyinin daha bir uğurlu layihəsi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsidir. Bu layihə bizə bitki sağlamlığı, heyvan sağlamlığı, aqrobiznesə maliyyə yardımı, instutisional islahatlar istiqamətində çox mühüm addımlar atmağa imkan verib.

KTRQGL çərçivəsində ölkə üzrə bruselyoz xəstəliyinə qarşı kütləvi mübarizə tədbirləri başlayıb. Dövlət Bayatarlıq Nəzarəti Xidməti ilə birgə həyata keçirilən yeni mübarizə proqramı brusellyoz xəstəliyindən azad olan ölkələrin təcrübəsinə və beynəlxalq standartlara əsaslanır.

Peyvəndləmə tədbirlərinə başlamazdan əvvəl Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının qaydalarına uyğun olaraq, “təsadüfi seçim” üsulu ilə 92 min başdan çox iri və xırdabuynuzlu heyvanlardan qan nümunələri götürülərək analizlər aparılmış, bununla da xəstəliyin yayılma səviyyəsi müəyyən edilərək müvafiq məlumat bazası yaradılmışdır.

Toplanmış məlumat bazası əsasında həm rayonlar üzrə, həm kəndlər və qışlaqlar üzrə, eləcə də ayrı-ayrı heyvan növləri üzrə  brusellyoz xəstəliyinin yayılma səviyyəsi müəyyən olunub.

Bunun ardınca xırdabuynuzlu dişi heyvanlar arasında 4 il müddətinə immunitet yaradan vaksin ilə ”tam sürü” prinsipi ilə peyvəndləmə kampaniyası həyata keçirilib. 2016-cı ilin iyul ayından başlanılmış peyvəndləmə kampaniyası 2017-ci ilin fevral ayında yekunlaşaraq 6351212 baş xırdabuynuzlu heyvan müasir üsulla - göz damcısı üsulu ilə peyvəndlənib. Növbəti 3 ildə isə yeni doğulmuş 3 aylıqdan yuxarı yaş qrupuna aid olan dişi heyvanların peyvəndi davam etdiriləcək. Layihə hesabına alınmış vaksinlərlə 2017-ci ilin may-sentyabr ayları ərzində 1491374 milyon baş yeni doğulmuş xırdabuynuzlu heyvan peyvənd olunub.

Analoji qayda ilə iribuynuzlu heyvanların da peyvəndlənməsi aparılır. İribuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində peyvəndləmə kampaniyası üçün vaksinlər, xüsusi geyimlər, dezinfeksiya maddələri tədarük edilib. 2017-ci ilin avqust ayından etibarən 3-8 aylıq dişi danalar arasında bütün ölkəni əhatə edən peyvəndləmə kampaniyasına başlanılıb və 366395 baş iribuynuzlu heyvan peyvənd edilib. Həmin yaş qrupuna aid olan dişi danaların növbəti 3 il müddətində peyvəndlənməsi davam etdiriləcək. Bununla da, növbəti illərdə ana naxırda mövcud olan xəstə və həssas heyvanlar tədricən 5-7 il müddətli immunitet qazanmış heyvanlarla əvəz olunacaq.

Həmçinin Layihə çərçivəsində 2017-ci ilin sentyabr ayından etibarən, Səhiyyə Nazirliyi ilə birgə insanlar arasında brusellyoz xəstəliyinin yayılma səviyyəsini müəyyən edəcək sero-sorğuların keçirilməsinə başlanılıb.

KTRQGL heyvan sağlamlığı və baytarlıq xidmətləri subkomponenti çərçivəsində ölkə üzrə həyata keçirilmiş brusellyoza qarşı mübarizə tədbirləri Azərbaycanda bir ilk olmaqla yanaşı, dünya epidemioloqlarının da yüksək rəyini qazanıb, Beynəlxalq Brusellyoz Cəmiyyəti tərəfindən alqışlanıb. Cəmiyyət ABŞ-ın Çikaqo şəhərində keçirilən 70-ci Beynəlxalq Tədqiqat Konfransında təqdimatla çıxış etməyə “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsinin nümayəndələrini dəvət edib. Konfransda dünyanın bir sıra ölkələrindən dəvət almış alimlər Azərbaycanda aparılmış mübarizə metodları və tədqiqat nəticələri ilə tanış olublar. Konfrans iştirakçıları mövcud təcrübənin test-kəsim üsulundan istifadə edən digər ölkələrdə də tətbiq edilməsi barədə təkliflər səsləndiriblər

Brusellyoza qarşı mübarizə tədbirləri bizə ixtisaslı kadr hazırlığı prosesini də diqqətdə saxlamağa kömək edib. Bu tədbirlər çərçivəsində  Azərbaycan Dövlət Aqrar Universitetinin zoomühəndislik və baytarlıq təbabəti fakültəsinin 150-yə yaxın tələbəsi baytarlara yardıma cəlb olunub. Layihə çərçivəsində tələbələrin gələcək ixtisaslaşma seçiminə kömək məqsədi ilə onlar Dövlət Baytarlıq Nəzarəti Xidmətinın, Respublika Baytarlıq Laboratoriyasının, Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun laboratoriyalarının, Heyvanlara Qayğı Mərkəzi və bazarlarda yerləşən baytarlıq ekspertiza laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olmaları təmin edilib.

KTRQGL-nin ixtisaslı kadrların yetişdirilməsinə töhfəsindən söz düşmüşkən, Universitetdə bu layihə çərçivəsində tikilmiş müasir tipli ferma kompleksini də qeyd etmək lazımdır. Kompleks 20 baş mal-qara və 4 baş at saxlamaq üçün 2 fermadan, müasir sağım aparatlarından, yem emalı aqreqatlarından, üzvi gübrə istehsalı üçün müvafiq avadanlıqlardan ibarətdir. Aqrar Universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tələbələrinə heyvanlar üzərində müasir diaqnostika və müalicə-profilaktika tədbirlərini əyani şəkildə həyata keçirməyə imkan yaratmaq məqsədi daşıyan ferma kompleksi 2017-ci dərs ilindən tələbələrin istifadəsinə verilib.

Dövlət Xidmətinin həyata keçirdiyi KTRQGL çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində bitki mühafizəsi ixtisası üzrə kurrikulumun beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə başlanılıb. Müasir biliklərə yiyələnmiş kadr hazırlığı məqsədilə ABŞ-ın İllinoys Universitetindən cəlb edilmiş beynəlxalq məsləhətçi   bu ixtisasın həm bakalavr, həm də magistr pillələri üzrə yeni kurikulumunu hazırlayır. 

Bundan başqa, bitki mühafizəsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ölkənin kadr potensialının gücləndirilməsi istiqamətində işlərə dəstək olaraq ADAU-nun və  Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun 2 nəfər gənc mütəxəssisi Layihə xətti ilə ABŞ-ın İllinoys Universitetində 4 ay praktik təcrübə keçib. 

KTRQGL-nin bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi subkomponenti üzrə atılacaq mühüm addımlardan biri də ölkənin müxtəlif regionlarında fermerlər üçün zərərverici orqanizmlərə qarşı mübarizə ilə bağlı təlimlər keçirilməsidir.

Ölkənin bitki mühafizəsi istiqamətində çalışan mütəxəssis və alimlərinin aparacağı təlimlər əvvəlcədən müəyyən edilmiş 3 bitki üzrə keçiriləcək. Kartof bitkisi üzrə Tovuz rayonunda, qarğıdalı bitkisi üzrə Samux rayonunda və meyvə bağları üzrə Quba rayonunda zərərverici orqanizmlərə qarşı mübarizə təlimləri aparılacaq. Ekstensiv təlimlər sahə nümayişləri ilə də müşayiət olunacaq. Sahə nümayişləri üçün Azərbaycan Dövlət Aqrar Universitetinin və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun sahələri, həmçinin Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun əməkdaşlıq etdiyi fermerin sahəsi seçilib.

Təlimlərin təşkilində məqsəd Azərbaycan fermerlərinin hazırda qabaqcıl kənd təsərrüfatı ölkələrində tətbiq edilən müasir, yüksək səmərəli, ekoloji cəhətdən təhlükəsiz pestisidlər haqqında məlumatlarını artırmaq, müasir metodlardan istifadə edərək mübarizə işinin təşkil etmələrinə və onlarda bitki mühafizəsi sahəsində peşəkarlıqlarının formalaşmasına yardım etməkdir.

Qida təhlükəsizliyi üçün vacib addım kimi zərərvericilərə qarşı doğru mübarizə fermerlərin pestisidlərdən səmərəli istifadəsinə nail olmağa, hektara düşən "pestisid yükünü" azaltmağa, ətraf mühitin çirklənməsinin qarşısına almağa xidmət edəcək və becərilən məhsulun sağlamlığını qorumaqla bazarda rəqabət qabiliyyətini artıracaq.

Bitki sağlamlığı istiqamətində görəcəyimiz mühüm işlərdən biri də Azərbaycan ərazisində kənd təsərrüfatı bitkiləri üçün təhlükəli hesab oluna biləcək karantin əhəmiyyətli ziyanlı orqanizmlər barədə irihəcmli məlumat toplusunu - atlası hazırlamaqdır. Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə birgə hazırlanacaq atlasda ziyanlı orqanizmlər haqqında ətraflı məlumat - onların ölkəyə daxil ola bilmə istiqamətləri, dünyada yayılma arealı, xarici görünüşləri, simptomoloji əlamətləri və s. barədə informasiyalar qeyd olunacaq. Hazırlanacaq atlas nəinki bu sahədə çalışan müfəttişlər və elm adamları, eyni zamanda ölkədə kənd təsərrüfatı bitkiləri və məhsulları sahəsində idxal-ixracla məşğul olan sahibkarlar üçün də maraqlı informasiya mənbəyi olacaq.

 

Fermerlərin yüksək keyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi kənd təsərrüfatının inkişafı üçün vacib amillərdəndir. Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən bu sahə bir neçə layihə vasitəsilə dəstəklənir.  Belə ki, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 9 regional (Salyan, Lənkəran, Sabirabad, Beyləqan, Göygöl, Tovuz, Qax, Şamaxı, Quba) toxum sertifikatlaşdırılması laboratoriyası KTRQGL çərçivəsində müasir mebel və zəruri avadanlıqlarla təchiz edilib. Digər  3 regional (Bərdə, Şəki, Ucar) toxum sertifikatlaşdırma laboratoriyasının təchizatı isə IFAD (Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond) və İslam İnkişaf Bankı ilə icra edilən “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” çərçivəsində nəzərdə tutulub.

KTRQGL çərçivəsində  Əkinçilik Elmi Tədqiqat İnstitutunun Qobustan, Zaqatala, Tərtər, Cəlilabad bölgə stansiyalarında, Şəki dayaq məntəqəsində və Abşeron yardımçı təsərrüfatında 6 müasir toxum təmizləmə məntəqələrinin qurulmasına başlanılıb. Saatda 2 ton toxum təmizləmə gücü olan məntəqələrə toxumun ilkin təmizləməsindən başlayaraq, çəki, ölçü və formasına görə çeşidləyən qurğular, dərmanlama aparatları, tərəzi və kisə tikən maşınlar daxildir. Bu məntəqələr həm tədqiqatçı alimlərə, həm də özəl toxum istehsalçılarına xidmət göstərəcək.

Daha bir layihə - “Azərbaycanda toxum sektorunun inkişaf etdirilməsi” layihəsi də FAO ilə icra olunur. Tərəfdaşlarımız arasında FAO-nun yerini xüsusi qeyd etməliyik. Aqrar sahədə dünyada ən əhəmiyyətli yerlərdən birini tutan bu təşkilat strateji partnyorlarımızdan olub, bir çox layihələrimizdə bizi dəstəkləyib. 2017-ci ildə FAO ilə birgə “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi”, “Azərbaycanda maldarlığın və süni mayalanma xidmətlərinin inkişaf etdirilməsi”, “Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması”, “Çəyirtkələrlə bağlı vəziyyətin Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyələrdə daha yaxşı idarə edilməsi”, "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması" kimi mühüm sahələri əhatə edən layihələr həyata keçirmişik və bu layihələrdən bəziləri hazırda davam etməkdədir.

Beynəlxalq təşkilatlarla birgə icra etdiyimiz daha bir layihə - Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi çərçivəsində görüləcək irimiqyaslı işlərdən biri Yevlax və Ağdaş rayonlarında 75 min ha-dək sahənin təsərrüfat suyu ilə təchizatını yaxşılaşdırmaqdır. Yevlax rayonunda 9 (Ərəş, Havarlı, Aydınlıq, Altunsu, Qaraməmmədli, Qoyunbinəsi, Qarabağ, Zəm-zəm və Salahlı) sudan istifadəedənlər birliyinin (SİB-in) suvarma-drenaj infrastrukturunun təmir-bərpası nəticəsində 48 kəndin, Ağdaş rayonunda isə 8 (Ləki, Ərəbocaq, Ağzıbir, Abad, Şəmsəbad, Kükəl, Mürsəl və Nemətabad) SİB-in suvarma-drenaj infrastrukturunun təmir-bərpası nəticəsində 77 kəndin ərazisində təsərrüfatlar suvarma suyunu vaxtında və lazımi həcmdə əldə edə biləcəklər.

2017-ci ildə icra qrafikinə uyğun olaraq, KYKİL ərazilərindəki təsərrüfatdaxili suvarma sistemləri üzrə təmir bərpa işlərini icra edən podratçı təşkilat tərəfindən 9 SİB ərazisində 46,7 km torpaq məcralı kanallar kol kosdan təmizlənib, 4.5 km uzunluqda beton üzlüklü kanal cəkilib, 2,7 km qapalı boru şəbəkəsi quraşdırlıb, 36,5 km uzunluqda drenaj şəbəkəsi və 35 hidrotexniki qurğu bərpa edilib.  Layihənin Kənd maliyyə xidmətləri komponenti çərcivəsində 2017-ci ilin icra qrafikinə uyğun olaraq əməkdaşlığa cəlb olunan Bank Olmayan Kredit Təşkilatları vasitəsilə il ərzində aqrar sektorda çalışanlara güzəştli kreditlər verilmişdir.

Layihənin ”Kənd Təsərrüfatının məhsuldarlığı və Rentabelliyinin Artırılması” komponenti çərçivəsində il ərzində Yevlax, Ağdaş, Şəki, Oğuz rayonlarında heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülüb. 20 nəfər süni mayalama texniki tərəfindən 71 kənddə iribuynuzlu heyvanlar arasında süni mayalama aparılıb, əvvəllər aparılmış süni mayalama tədbirləri nəticəsində 406 baş cins buzov əldə olunub.

Bundan başqa, layihənin dağlıq ərazilərini əhatə edən baytar məntəqələrindəki baytar-həkim tərəfindən 92 dağlıq kənddə 664 ailə-fermer təsərrüfatında xəstəliklərə qarşı müalicə profilaktika tədbirləri aparılaraq, 30 mindən artıq heyvana və 40 minə yaxın baş quşa baytarlıq xidmətləri göstərilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 2015-ci ildən etibarən Bərdə, İmişli və Ağcabədi rayonlarında “Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” pilot mikro-kredit layihəsi icra olunur.

Layihənin əsas məqsədi ailə-kəndli heyvandarlıq təsərrüfatlarında mövcud olan aşağı məhsuldar heyvanları yüksək məhsuldar heyvanlarla əvəz edərək pay torpaqlarına malik ailələr üçün kiçik həcmli, müasir quruluşlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının stimullaşdırılması, respublikada heyvandarlıq sahəsində təsərrüfatçılığın müasirləşdirilməsi, habelə heyvandarlıq məhsullarının marketinqi üzrə nümunələrin yaradılması və kooperativləşmənin təşviqindən ibarətdir. Layihənin icrası ölkəmizdə həyata keçirilən aqrar siyasətin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edən kooperativləşmənin genişlənməsinə, habelə ərzaq təhlükəsizliyinin təmin olunması və pay torpaqlarından səmərəli istifadənin təşviqinə  dövlət dəstəyinin ifadəsi kimi də qiymətləndirilə bilər.

Mütəxəssislərimiz tərəfindən aparılmış araşdırma və təhlillər nəticəsində aqrar sahədə çalışan kiçik sahibkarların maliyyə resurslarına çıxışda üzləşdiyi ən ciddi problemin təminatla bağlı olduğunu nəzərə alaraq adıçəkilən rayonların seçilmiş pilot ərazilərində ailə-fermer təsərrüfatlarının layihə üzrə girov tətbiq edilmədən və təminat kimi istehsal edilən son məhsulun çıxış etməsi şərti ilə mərhələli şəkildə kreditləşdirilməsi həyata keçirilib.

Layihədə iştirak edən 69 ailə-fermer təsərrüfatı üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən güzəştli şərtlərlə illik 7% olmaqla girovsuz kredit xətti açılıb. Kreditlərin verilməsi zamanı yeni kredit mexanizmi tətbiq edilmiş və kredit xətləri aparılmış müvafiq monitorinq nəticələri əsasında tranşlarla açılmışdır. Layihə çərçivəsində  seçilmiş ailə-fermer təsərrüfatları ilə bağlanılmış  kredit müqaviləsi əsasında 1,372,759.4 manat vəsait köçürülüb. Layihə güzəştli kredit paketi çərçivəsində ailə-fermer təsərrüfatlarını intensiv heyvandarlığa keçid məqsədilə əl əməyinin mexanikiləşdirildiyi müasir tipli yeni tövlələr, daimi istifadə üçün portativ sağım aparatları və yem xırdalayaraq qarışdıran aqreqatlarla təmin edib.

Layihə çərçivəsində ailə-fermer təsərrüfatlarına güzəştli şərtlərlə lizinq yolu ilə ümumilikdə 516 baş Avstriyadan gətirilmiş Simmental cinsli iribuynuzlu heyvan paylanılmış və layihənin icra olunduğu ötən dövr ərzində paylanılmış heyvanların 2 dəfə artımı baş tutmuşdur. Bundan əlavə, layihə çərçivəsində  Bərdə rayonu üzrə 804 ton, Ağcabədi rayonu üzrə 1060 ton, İmişli rayonu üzrə isə 973 ton olmaqla ümumilikdə 2837 ton süd istehsal edilmişdir.

Fəaliyyət istiqamətlərimizdən biri də aqrobiznesə maliyyə yardımı, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyəyə çıxışının təmin edilməsidir. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 2017-ci il 31 dekabr tarixinədək kənd təsərrüfatının inkişafı məqsədilə ölkənin 30 rayonunda aqrar sektorda çalışan 57 sahibkara 9 513.2 min manat məbləğində güzəştli kredit verilib. Bunların da 5 068.2 min manatı pambıqçılıq, 2 975.0 min manat heyvandarlıq, 600.0 min manatı kartofçuluq, 570.0 min manatı istixana, 200.0 min manatı bağçılıq, 100.0 min manatı isə un emalı sahələrinə ayrılıb. Güzəştli kreditlərin verilməsi nəticəsində 605 daimi və müvəqqəti iş yeri açılıb.

Əvvəllər icra edilmiş beynəlxalq layihələrin kredit komponentləri çərçivəsində 2017-ci il ərzində müvəkkil kredit təşkilatları tərəfindən aqrar sektorda çalışan 8 nəfərə 640.0 min manat məbləğində orta və böyük həcmli kreditlər verilib. Verilən güzəştli kreditlər nəticəsində 298 müvəqqəti və daimi iş yeri açılıb.

2017-ci ildə Dövlət Xidmətinin gördüyü işlər sırasında kredit mexanizminin və sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində fəaliyyətləri də qeyd etmək olar. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin qarşımıza qoyduğu 3-cü strateji hədəfin 1-ci bəndinə - Kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə nail olmaq məqsədilə beynəlxalq nüfuza malik Frankfurt Maliyyə və Menecment Məktəbi (Frankfurt School of Finance and Management) cəlb olunmaqla, ölkədəki mövcud kreditləşmə sistemi təhlil edilərək, kənd təsərrüfatı məhsulları istehsalçılarının kreditləşdirilməsi mexanizminin təkmilləşdirilməsi, habelə yeni məhsulların tətbiqi ilə bağlı təkliflər hazırlandı.      

“Strateji Yol Xəritəsi”nin 3.2 strateji hədəfi - Aqrar sığortanın inkişaf etdirilməsi ilə bağlı isə Beynəlxalq Maliyyə Korporasiyasının “Aqrar Sığorta Sisteminin Təkmilləşdirilməsi” texniki yardım layihəsi  çərçivəsində təşkilat ilə əməkdaşlıq edirik.  

Aqrar sığorta sisteminin təkmilləşdirilməsi üzrə əlaqəli fəaliyyətin həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələrindən ibarə yaradılmış işçi qrupu tərəfindən dünyada mövcud olan aqrar sığorta modelləri araşdırılmış, mütərəqqi kənd təsərrüfatı sığortası sistemi kimi ABŞ, Kanada, İspaniya, Türkiyə və İsrailin bu sahədə təcrübəsi öyrənilmişdir. Bu çərçivədə effektiv kənd təsərrüfatı sığortası mexanizmi kimi yeni qurulan və kifayət qədər müvəffəqiyyət əldə etmiş Türkiyə Respublikasının “Tarsim” aqrar sığorta modelinin yerində öyrənilməsi üçün həmin ölkəyə səfər təşkil edilmişdir. Araşdırmalar və təhlillər nəticəsində Türkiyə Respublikasının mövcud kənd təsərrüfatı sığortası modelinin yerli şəraitə uyğunlaşdırılaraq Azərbaycanda tətbiqinin daha məqsədəuyğun olduğu müəyyən edilmişdir.

Qeyd etmək lazımdır ki, həm kreditləşmə, həm də sığorta sistemi ilə bağlı araşdırmalar zamanı mütəxəssislər fermerlərlə bir çox görüşlər, onların maliyyə savadlılığının artırılması, risklərin azaldılması və idarə olunması ilə bağlı silsilə təlimlər keçirilib. Bu təlimlərdən Avropa İttifaqı, Avropa Yenidənqurma və İnkişaf Bankının birgə layihəsi olan “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi” (AZAFF) çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilmiş təlimləri xüsusi vurğulamaq olar.

Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2016-cı ildə imzaladığı “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Fərman Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin daha bir fəaliyyətinə təkan verib. Belə ki, Fərmana əsasən, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısına  Kənd Təsərrüfatı Nazirliyinin adı artırılıb. Bununla, Dövlət Xidmətinin həyata keçirdiyi KTRQGL-nin “Aqrobiznes dəyər zəncirlərinin yaradılması” subkomponenti üzrə fəaliyyətə başlanıb. Bu subkomponentə görə, 20 dəyər zəncirinin yaradılması üçün Layihə qrantlar verəcək. Artıq qrant sub-layihələri üzrə konsepsiya sənədlərinin yığımı başa çatıb, 2 müqavilə isə imzalanıb. Digər sub-layihələr Dünya Bankına baxılmağa təqdim edilib. Qeyd edək ki, istər kredit, istərsə də, qrant layihələrində innovativ yanaşmanın mövcudluğu başlıca seçim meyarımızdır. 

Fermerlərə informasiya-məsləhət xidməti göstərilməsi Dövlət Xidmətinin dəstəklədiyi fəaliyyətlərdəndir. 2017-ci ildə innovativ texnologiyalarla təchiz olunmuş Quba regional Fermer Evi pilot layihəsi çərçivəsində ümumilikdə Quba, Qusar, Xaçmaz, Şabran və Ağdaş rayonundan olan 415 fermerə informasiya-məsləhət xidməti göstərilib. Quba–Xaçmaz regionunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin birgə əməkdaşlığı ilə kənd təsərrüfatının müxtəlif sahələrini, eləcə də sığorta, marketinq kimi sahələri əhatə edən 20-dək təlim və seminar keçirilib. Bu təlim və seminarlar Fermer Evində baş tutub, bir çoxu sahə nümayişləri ilə müşayiət edilib.

Bir dövlət qurumu kimi, həyata keçirdiyimiz layihələrdə, satınalma proseslərində, kreditlərin verilməsində bizim üçün şəffaflıq və hər kəs üçün əlçatarlıq, proseslərin daha sürətlə icrası çox vacibdir. Bu tələblər fəaliyyətimizdə müasir texnologiyalardan istifadəni və texnoloji həllərin tətbiqini labüd edir.

Kənd təsərrüfatı kreditləşməsi sahəsində problemlərin mövcudluğu, ölkənin  yeni iqtisadi şəraitinə və tələblərinə cavab verən aqrar kredit məhsullarının olmaması heç kəsə sirr deyil. Bu problemləri aradan qaldırmaq üçün Dövlət Xidməti kənd təsərrüfatı kreditləri üzrə Onlayn Müştəri Müraciətləri üçün veb-portalın yaradılması və Avtomatlaşdırılmış Kredit Sistemlərinin tətbiqi istiqamətində fəaliyyətə başlayıb.  Proqram təminatı üzərindən onlayn olaraq həyata keçirilməsi nəzərdə tutulan yeni sistem insan müdaxiləsini minimumlaşdacaq və müraciətlər üzrə tam şəffaf biznes proseslər tətbiq etməyə imkan verəcək. Avtomatlaşdırılmış  kredit sisteminin tətbiqi ilə vahid elektron bazanın yaradılması, bütün iştirakçıların (müştərilər, MKT –lər, qiymətləndiricilər, sığorta şirkətləri) onlayn qaydada əlaqələndirilməsinə, kreditlər üzrə mərkəzləşdirilmiş uçot sisteminin və onlayn monitorinq alətlərinin tətbiqi mümkün olacaq.

Daha bir yeniliyimiz elektron satınalma (e-procurement) sistemini tətbiq etmək istiqamətində fəaliyyətə başlamağımızdır. Hal-hazırda dünyada mövcud sistemləri araşdırırıq. Bu sahədə ən qabaqcıl təcrübəyə malik Cənubi Koreya təcrübəsini öyrənməyi planlaşdırmışıq. Bu məsələdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) bizə vasitəçilik edəcək.

İdarə etdiyimiz layihələrdə e-satınalmanın tətbiqi nəticəsində satınalmaların mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsinə nail olacağıq. Bu, bizə müvafiq xərcləri azaltmağa, satınalma prosesini sürətləndirməyə imkan verməklə yanaşı, bir pəncərə prinsipinin tətbiqi sayəsində şəffaflığın artırılmasına səbəb olacaq.

Əminliklə bildiririk ki, fermerlərin müasir biliklərə yiyələnməsi, təsərrüfatlarda innovativ metod və texnologiyaların tətbiqi, ərzaq və qida təhlükəsizliyinin təmini, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyəyə çıxışının asanlaşdırılması, aqrar sahənin risklərdən sığortalanması, kənd əhalisinin məşğulluğunun artırılması istiqamətində başladığımız işlər və bundan sonra da həyata keçirəcəyimiz layihələr ölkədə aqrar sahənin inkişafına öz töhfəsini verməkdə davam edəcək. 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti