KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN QRANT DƏSTƏYİ İLƏ İLK LAYİHƏYƏ START VERİLDİ

Böyütmək | Kiçiltmək |

 

Samux rayonunun Sərkar kəndində unikal pilot layihə fəaliyyətə başlayıb. 3 rayonun -  Samux, Şəmkir və Göy-göl rayonlarının fermerlərinin becərdiyi məhsulu emalçı ilə əlaqələndirəcək və hazır məhsulun satıcıya çatdırılmasını təmin edəcək layihə “Meyvə qurusu istehsalı üzrə dəyər zənciri” adlanır.

“Dəyər zənciri” Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Olunması üzrə Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində maliyyələşir.

"Dəyər zənciri" layihəsi ölkə üçün innovasiyadır. Layihə təkcə fəaliyyətlər və münasibətlərdə yenilik etməklə kifayətlənmir. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalı və emalında ən innovativ texnologiyalardan  istifadəni nəzərdə tutur. Layihənin əsas məqsədləri dayanıqlı və sağlam fermer təsərrüfatlarının sayını artırmaq, emalçıları yerli xammaldan istifadəyə həvəsləndirmək, rəqabətyönümlü məhsulların istehsalı ilə idxalı əvəzləmək və ixracyönümlü məhsul istehsalını artırmaqdır.

Samuxda yaradılacaq müəssisənin nümunəsində demək olar ki, Azərbaycanda ilk dəfə yerli emalçı ölkəmizə xaricdən idxal olunan qara kişmişlə rəqabət aparacaq məhsul istehsal edəcək və onun məhsulu həm idxalı əvəzləyəcək, həm də ixraca yönləndiriləcək.

"Dəyər zənciri" layihəsinin üstünlüyü həm də ondan ibarətdir ki, ayrılan qrant bir nəfərə və ya tək emalçıya verilməyəcək – vəsait istehsalçıdan, yəni fermerdən zəncirin son halqasına – məhsulun alıcıya çatdırılmasınadək bütün dəyər zənciri boyu mövcud və yarana biləcək problemlərin aradan qaldırılmasına sərf olunacaqdır.

Dünya Bankının monitorinq sistemi ödəmə və məsrəflərin tamamilə şəffaflığına nəzarət edəcək.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə razılaşmasına əsasən, 20 belə dəyər zənciri qrant layihəsi həyata keçiriləcəkdir.