PREZİDENT İLHAM ƏLİYEV SİTRUS MEYVƏÇİLİYİNİN İNKİŞAFINA DAİR 2018–2025-Cİ İLLƏR ÜÇÜN DÖVLƏT PROQRAMINI TƏSDİQLƏYİB

Böyütmək | Kiçiltmək |

 

Prezident İlham Əliyev fevralın 13-də “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda sitrus meyvəçiliyi ənənələrinin inkişaf etdirilməsinə, sitrus meyvələrinə olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, sitrus meyvəçiliyi ilə məşğul olan rayonlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək.

Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək Azərbaycanda sitrus meyvələri istehsalının həcminin 100 min tona çatdırılması nəzərdə tutulur.   

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməli, Kənd Təsərrüfatı Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməlidir.

Sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında sitrus meyvə istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsi nəzərdə tutulub.

Eyni zamanda, Tədbirlər Planına əsasən sitrusçuluq sahəsində mövcud standartlar beynəlxalq tələblərə uyğunlaşdırılmalı, bu sahədə fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyası təşviq olunmalı, istehsal və ixrac sahəsində mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələr genişləndirilməli, mütərəqqi sığorta mexanizmi yaradılmalıdır.

Həmçinin sitrus meyvəçiliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, dövlət dəstəyi tədbirləri, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub.