NAZİR HEYDƏR ƏSƏDOV JURNALİSTLƏRİN SUALLARINI CAVABLANDIRIB

Böyütmək | Kiçiltmək |

 

NAZİR HEYDƏR ƏSƏDOV JURNALİSTLƏRİN SUALLARINI CAVABLANDIRIBKənd Təsərrüfatı Naziri Heydər Əsədov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı keçirilən kollegiya iclasında jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycanda arıçılara subsidiyaların verilməsi prosesi yaxın zamanlarda başlayacaq.

Prezidentin tapşırığı ilə arıçılığa dövlət dəstəyinin göstərilməsi istiqamətində bu il də lazımi addımlar atılacağını bildirən nazir deyib: “Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq sənədlər hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Yəqin ki, yaxın günlərdə konkret qərar qəbul olunacaq. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda hər arı pətəyinə görə dövlət tərəfindən ildə 10 manat subsidiya veriləcəyini bildirib. Yəni, bir arıçının təxminən 20 arı ailəsi varsa, o, 200 manat subsidiya alacaq. Hesab edirik ki, bu, arıçılığın inkişafında mühüm rol oynacaq. Bu sahənin inkişafı üçün münbit baza da var”.

Nazir, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində onun hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək.

Nazir qeyd edib ki, dünyada qida təhlükəsizliyinin önəmi son illər əhəmiyyətli dərəcədə artıb. Buna adekvat olaraq Prezident İlham Əliyevin Sərəncamına əsasən Qida Təhlükəsizliyi Agentliyinin yaradılması bu funksiyanın bir orqanda cəmləşməsinə gətirib çıxarıb. “Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması funksiyası bir neçə orqan arasında bölüşdürülmüşdü. Onlardan hər biri işin müəyyən hissəsini yerinə yetirirdi ki, bu da nəzarəti bütünlüklə təmin etməyə imkan vermirdi. Agentliyin yaradılması nəzarəti bir struktur çərçivəsində təmin etməklə yanaşı, həm də məhsul üzərində tarladan istehlakçıya qədər hərəkəti boyunca nəzarəti həyata keçirməyə şərait yaradacaq”, - deyə Heydər Əsədov bildirib

Nazir soğanın bahalaşmasına da münasibət bildirib. Bildirib ki, soğanın maya dəyəri 32-35 qəpiyə başa gəlir.

"Əgər müəssisənin ərazidən topdan satış qiymətlərini götürsək, 35 qəpiyə başa gələn soğan 45 qəpiyə satılmalıdır ki, bu, fermerin gəlir əldə etməsinə şərait yaratsın. Bundan sonrakı mərhələdə müəssisənin topdan satış qiymətləri, onu daşıyanlar, qablaşdıranlar və s. haradasa üzərinə əlavələr edir. Bazarlarda yer almaq, saxlamaq yerindən asılı olaraq, haradasa 35 qəpiklik soğan 60, 65, 70 qəpiyə çıxır",- deyə nazir bildirib.

Nazir Heydər Əsədov deyib ki, bu gün də soğanın pərakəndə satış qiyməti bu civardadır: "Bundan öncə, hətta devalvasiyadan əvvəl soğanın qiyməti 70 qəpikdən baha olub. Bu gün soğan özünün real qiymətini alıb. Belə olmasa, soğan istehsalçılarının növbəti illərdə bu məhsula diqqət yetirməməsi deməkdir. Bu halda, bizim ixracımız şübhə altına alınır. Bugünkü qiyməti normal qiymət hesab edirəm, inanmıram ki, qiymətdə dəyişikliklər baş versin",- deyə nazir vurğulayıb.