YENİ ZELLANDİYALI MÜTƏXƏSSİS 3 AY MÜDDƏTİNDƏ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ ÇALIŞACAQ

Böyütmək | Kiçiltmək |

 

YENİ ZELLANDİYALI MÜTƏXƏSSİS 3 AY MÜDDƏTİNDƏ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ ÇALIŞACAQKənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində Yeni zellandiyalı mütəxəssis, doktor Brain Milestone 3 ay müddətində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) çalışacaq.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşən Brain Mileston ADAU-da çalışmağa başlamasından məmnunluq hissi keçirdiyini bildirib.

Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tələbələrinin praktiki bilik və bacarıqlarının artırılması sahəsində fəaliyyət göstərəcək mütəxəssis universitetdə yaradılan şəraiti yüksək qiymətləndirib.

Universitetin ayrı-ayrı fakültələrində yaradılan müxtəlif fənn kabinetləri, auditoriya və müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarla tanış olduğunu deyən Brain Mileston vurğulayıb ki, bu cür ali təhsil müəssisəsində həm yüksək səviyyəli aqrar kadrlar yetişdirmək, həm də həmin laboratoriyalarda daha geniş tədqiqatlar aparmaq mümkündür.

Rektor İbrahim Cəfərov bütövlükdə aqrar təhsilə dövlət dəstəyi, universitetin maddi-texniki bazasının tamamilə yenidən qurulması işlərinin yüksək səmərə verdiyini və xarici mütəxəssisin universitetdə fəaliyyətindən tələbələrin daha çox faydalanacağına əmin olduğunu deyib.