TORPAQLARIN KONSOLİDASİYASI İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

TORPAQLARIN KONSOLİDASİYASI İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB
Fevralın 27-də Bakıda Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) torpaqların konsolidasiyası ilə bağlı seminar keçirib.

Seminarda Türkiyədən gəlmiş nümayəndə heyəti də iştirak edib.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün Strateji Yol Xəritəsi”ndə vurğulandığı kimi kənd təsərrüfatı sektorunun inkişafı ilə strateji hədəflərə nail olmaqda əsas məsələlərdən biri torpaqdan istifadənin səmərəliliyini artırmaqdır. 90-cı illərdə həyata keçirilən torpaq islahatı nəticəsində dövlət torpaqları kənd ərazilərində yaşayan ailələrin xüsusi mülkiyyətinə verilib. İslahat 4-5 torpaq sahəsindən ibarət çoxlu kiçik və ortaölçülü ailə-fermer təsərrüfatlarının yaranması ilə səciyyələnməklə təsərrüfat strukturunun dəyişməsinə gətirib çıxarıb. Kənd ərazilərinin əksər hissəsində torpaqların bu cür geniş miqyasda parçalanması kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artmasına mane olur, ümumən kənd təsərrüfatı sektorunun inkişafını əngəlləyir və onun tam potensialla işləməsini mümkünsüz edir. Kiçik torpaqların gəlirli məhsul əldə edilməsi üçün torpaqların konsolidasiyası tələb olunur.

TORPAQLARIN KONSOLİDASİYASI İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB
İ.Bayramov qeyd edib ki, torpaqların konsolidasiyası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi birlikdə fəaliyyət göstərir. Bir qrup nümayəndə heyətinin torpaq konsolidasiyası ilə bağlı ötən ilin dekabr ayının 4-8-də Türkiyəyə səfərini qeyd edən İ.Bayramov Türkiyə təcrübəsinin bu işin reallaşmasındakı əhəmiyyətini diqqətə çatdırıb.

FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Rəhbəri Mələk Çakmak bildirib ki, əksər Avropa ölkələri torpaq konsolidasiya layihələrinin həyata keçirilməsində böyük ənənələrə malikdir. Onlar konsolidasiyadan kənd təsərrüfatında kiçik ölçülü torpaq sahələri, ailə-fermer təsərrüfatları və torpaqların parçalanması kimi struktur problemlərinin həllində geniş istifadə ediblər.

M.Çakmakın sözlərinə görə, Azərbaycan hökumətinin sorğusu əsasında FAO “Azərbaycanda torpaq konsolidasiya alətinin tətbiqinə dəstək” layihəsini təsdiqləyib və həyata keçirir. Torpaqların konsolidasiyası kənd təsərrüfatı sahəsində regionların inkişafına böyük təkan verir. Bu istiqamətdə işlər görülür, pilot layihə olaraq Salyan rayonunun Şorsulu kəndi seçilib və fermerlər ilə danışıqlar aparılıb.

TORPAQLARIN KONSOLİDASİYASI İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİBDaha sonra beynəlxalq və yerli ekspertlər konsolidasiya ilə bağlı təqdimatla çıxış ediblər.

Təqdimat zamanı FAO-nun torpaq üzrə məsuliyyətli əməkdaşı Morten Hartvigsen layihənin əsas hədəflərindən danışıb. Bildirib ki, burada 3 əsas hədəf mövcuddur. Birincisi milli torpaq konsolidasiya strategiyasının hazırlanması, ikincisi bir pilot ərazidə könüllü torpaq konsolidasiya layihəsini həyata keçirmək, üçüncüsü isə müasir torpaq konsolidasiya layihələrini işləyib hazırlamaq və həyata keçirmək üçün institusional bacarıqları artırmaqdır.

Həmçinin FAO əməkdaşı qeyd edib ki, Salyanın Şorsulu kəndində həyata keçirilən 24 aylıq pilot layihəyə FAO tərəfindən 362 min dollar vəsait ayrılıb.

“Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsinin milli ekspertlər qrupunun rəhbəri Amin İsmayılov təqdimatla çıxış edərək pilot layihə barədə məlumat verib.

“Pilot layihənin əsas məqsədi torpaqların daha səmərəli istifadəsi və torpaq sahələrinin genişləndirilməsi yolu ilə yerli kənd təsərrüfatının inkişafına yardım etməkdir. Layihədə iştirak bütün torpaq sahibləri, fermerlər və digər yerli maraqlı tərəflər üçün açıq və tamamilə könüllüdür. Layihədə iştirak edənlər üçün bir sıra əlverişli imkanlar da yaradılır. Bu TORPAQLARIN KONSOLİDASİYASI İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİBimkanlara ailə-fermer təsərrüfatının strukturunu yaxşılaşdırmaq imkanı, layihə vasitəsilə mülkiyyət obyektinin qanuni yolla transfer mümkünlüyü, sahibliyin aydınlaşdı- rılmasına və müvafiq sənədlərin əldə edilməsinə yardım, qeydiyyat problemlərinin həllinə dəstək və başqa imkanlar daxildir”, - deyə A.İsmayilov vurğulayıb.

Ekspert diqqətə çatdırıb ki, Türkiyədən gələn nümayəndə heyəti sabah Salyanın Şorsulu kəndində torpaqların konsolidasiyası ilə bağlı görülən işlərlə tanış olacaq, fermerlərlə görüşüb bu istiqamətdə fikir mübadiləsi aparacaq. Səfər zamanı fermerləri maraqlandıran suallar cavablandırılacaq, qadın fermerlərin də bu prosesə cəlb edilməsi istiqamətində görüşlər təşkil ediləcək.