İnnab, Murdarça (Rhamnaceae Juss.) fəsiləsinə, Ziziphus Mill. (2/2=20,24,26,40,48,60,72,96) cinsinə aid olub, 50-dən artıq növü birləşdirir. Bunlardan çoxu yarpaqlarının gözəl görkəmli olması və cazibədarlığı ilə fərqlənir. Yalnız üç növ meyvə bitkisi kimi məlumdur: Adi innab (Z. Jujuba Mii.), Lotos innab (Z.lotus Lam.), Mavrigiya innabı (Zmauritiana Lam). Əksər sortların yaranmasında Adi innab iştirak etmişdir.
Adi innab - Z.jujuba Mil., güclü boya malik ağac bitkisidir. Ağaclar 6-12 m və bəzən daha hündür (15 m) olur. Gövdəsi kələ-kötür, oduncağı bərk, qəhvəyi rəngli, çətri ensiz piramidal formalıdır. Cavan yaşlarında budaqlarda çoxlu tikan olur. Yaşlandıqca, xüsusən mədəni formalarda tikan olmur. Bu növün tikansız forması var. inermisRehd. adlanır və Çində «u-çi-çzao» adı ilə bağlarda becərilir
Yarpaqları sadə ayalı, parlaq üst tərəfdən tünd-yaşıl rəngli, alt tərəfdən açıq-yaşıl rəngli, ensiz ovalvari və ya lanset formalı, kənarı bütöv və ya azacıq dişlidir. Yarpağın uzunluğu 2-5 sm, eni 0,8-2,7 sm olur. Yarpaq yatağında iki ədəd tikan olur.
İnnab birevli bitkidir. Çiçəkləri ikicinslidir. Çiçəklər həlqəvi meyvə budaqcığı və zoğ üzərində, yarpaq qoltuğunda qruplarla yerləşir. Hər çiçək qrupunda 7-14 çiçək, hər zoğda isə 5-12 çiçək qrupu olur. Çiçəkləri xırda (3 mm), çiçək yatağı bir ədəd, lətli, yastı, sarı rənglidir. Beş ədəd kasa yarpağı, beş ədəd ləçək yarpağı vardır. Erkəkcikləri beş ədəd olub çiçək yatağına birləşir.
İnnab meyvələrində 23-30% quru maddə vardır ki, bunun da əsasını (21-25%) şəkərlər təşkil edir. Eyni zamanda meyvələrdə 0,47-1,87% müxtəlif turşular, pektin maddələri (2,1-5,8%), C vitamini (350-735 mq%), P-fəal maddələr (25-100 mq%) və s. vardır.
İnnab meyvələrindən həm təzə, həm də qurudulmuş halda geniş istifadə edilir. İnnab meyvələri çox qədimdən tibbi əhəmiyyət kəsb edir. Onun meyvələrindən boğaz ağrısı, katar, hipertoniya, mədə-bağırsaq və s. xəstəliklər zamanı dərman kimi istifadə edilir.
Dünyada innab Aralıq dənizindən başlayaraq Cənubi və Şərqi Asiya, Koreya və Yaponiyaya qədər yayılmışdır. Dünyada innabın əkin sahəsinin 99%-i Çinin payına düşür. Innab istehsal edən qabaqcıl ölkələr sırasında Cənubi Koreya, ABŞ, Yaponiyadır.
Azərbaycanda iqtisadi rayonlar sırasında Aran iqtisadi zonası innab istehsalının 87%-ni təşkil edir.
Sortları. İnnabın 600-ə qədər sortu vardır. Bundan 400-dən çoxu Çində becərilir. Respublikamızda innabın öyrənilməsi ilə geniş məşğul olan AzETB və SBİ-nin əməkdaşları S.Aslanov (1967), T.Tağıyev (1976-1980) yerli və gətirilmə sortları geniş şəkildə öyrənmiş, seleksiya işinin nəticəsi kimi bir neçə yerli sortu yaradılmış və onlardan 3 sort (Nəsimi, Azəri, Xəzəri) rayonlaşdırılmışdır. Respublikamızın şəraiti üçün əlverişli olan Azərbaycan, Şirvan, Tayan-tszao, Xurmayı, Azəri, Xəzəri, Nəsimi sortları becərilir.
Xarici səraitə münasibəti. İnnab quraqlığa, istiyə və şaxtaya davamlı bitkidir. Müəyyən olunmuşdur ki, innab 30°-yə qədər şaxtaya davam gətirə bilir.
Torpağa az tələbkardır. Qumsal, yüngül gillicəli, yaxşı su və hava keçirən torpaqları sevir. Yüksək rütubətlənmiş və qrunt suları üzrə olan torpaqlar, həmçinin şor və şorakət torpaqlar innab üçün əlverişli deyil.
Artırılması. İnnab bitkisi toxumları, kök pöhrələri, kök çilikləri, göz və qələm calağı ilə artırıla bilir.
Toxumla artırma zamanı toxmacarlar ana bitkinin xüsusiyyətlərini tam saxlamadığından və meyvələr xırda olduğundan bu üsul yalnız calaqaltı yetişdirmək məqsədilə tətbiq edilir.
Toxumla artırma üçün toxumlar adi stratifıkasiyadan başqa, həm də isti stratifikasiya (20-25 gün müddətində istiliyi 25…30° olan substratda) ilə səpinə hazırlanır. Cücərmə faizini yüksəltmək məqsədilə toxumun qabığını sındırmaq da məsləhət görülür.
Kök pöhrələri ilə artırmaq üçün payızda və yazda gövdə ətrafında, mexaniki zədələnmə nəticəsində güclü əmələ gəlmiş pöhrələr qazılıb çıxarılır və bağ salmaq üçün istifadə edilir.
Kök çilikləri ilə artırmaq məqsədilə gövdə ətrafı zonada (1-1,5 m aralı) torpaq qazılır və diametri 1 sm-ə qədər olan köklərdən 10-12 sm uzunluqda çiliklər tədarük edilir. Çiliklər qabaqcadan hazırlanmış sahədə 80x25 sm qida sahəsi ilə əkilir və suvarılır. Vegetasiya dövründə qulluq 5-6 dəfə suvarmadan və alaqlarla mübarizədən ibarət olur.
Bağın salınması və qulluq. İnnab bağı salmaq üçün günəş şüaları ilə yaxşı təmin olunmuş düzən sahələr, dağətəyi zonalarda cənub və cənub-qərb yamaclar seçilir. Bağ salmaq üçün seçilmiş sahə 8-10 hektarlıq (dağlıq və dağətəyi sahələrdə isə 3-5 ha) sərnələrə bölünür. Əsasən düzbucaqlı və kvadrat əkin sxemlərindən istifadə edərək bitkilərə qida sahəsi 6x6 m, 6x5 m, 5x5 m verilir. İnnab, pöhrə verdiyindən onu sərnələrdə digər bitkilərlə birlikdə əkmək olmaz.
Torpaq qatı 50-60 sm dərinlikdə şumlanmalıdır. Abşeronda və Qarabağda S.Aslanovun apardığı təcrübələr göstərmişdir ki, hektara şumdan qabaq 20-30 ton peyin verilməsi generativ zoğların miqdarını 30-40% artırır.
İnnab bağı salarkən bir sərnədə 3-5 sort yerləşdirilməsi məsləhət görülür. Tinglər payızda əkildikdə tutum faizi xeyli yüksəlir. Cavan bağın cərgəaralarında, cərgəarası toxalanan tərəvəz və paxlalı bitkilər becərilə bilər. Cərgəaraları qara herik (şum) altında saxlandıqda cərgəarası sahə 18-20 sm dərinlikdə şumlanır.
Yeni innab bağının salınması üçün 5x3 m sxemi üzrə 6400 manata qədər vəsait tələb olunur. İnnabın 1 hektarından 100-110 sentner məhsul alınarsa həmin sahədən 1800-2000 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 40-45% təşkil edir.