Tərəvəzçilik

Qarpız

  • A
  • A
  • A

Qarpız  və yemiş meyvələri çox şəkərli, şirəli, sərinləşdirici olub, aclığı və susuzluğu aradan qaldırır. Qarpızda 8-12% şəkər var. 10-15 kq-lıq bir qarpız meyvəsində 1-1,5 kq təmiz şəkər olur.

Məhsulun böyük müalicəvi əhəmiyyəti var. O, orqanizmi, xüsusən böyrəkləri və qaraciyəri zərərli maddələrdən təmizləyir. Böyrəklərdə duz və daş yığılmasının qarşısını alır.

Xam və dincə qoyulmuş, habelə çoxillik otlar altından çıxan torpaqları mədəni hala salmaq üçün ilk dəfə o yerlərdə bostan əkilir. Belə torpaqlarda həm də ən yüksək keyfiyyətli bostan məhsulu alınır. Hər hektarda orta hesabla 200-300 sent. qarpız  məhsulu alınır.

Qarpızın  yüzlərlə sortları vardır. Tezyetişən sortlar 75-80 günə, orta yetişən 85-100 günə, gecyetişənlər 100-120 günə yetişir. Hal-hazırda Azərbaycan bostançılarının 90%-dən çoxu Cəfərxan, Qalaqtika, Krimson svit qarpız sortlarını yetişdirirlər.

Qarpız bitkisinin becərilmə üsulları. Bostan bitkilərinin toxumunu birbaşa sahələrə əkirlər, və ya şitil üsulu ilə də becərirlər.

Qarpız istixana şəraitində də becərilir. Məqsəd fəraş məhsul almaqdan ibarətdir. Bu halda o təkcə şitil üsulu ilə artırılır.

Şitillər əkilmə dövründə 3-4 yarpaq olmalıdır.  Qarpız bitkisi tez böyüyən olduğu üçün belə şitillər 20-30 günə əmələ gəlir. Şitilin yaşı 30 gündən çox olsa onun kök sistemi çox iri olur.

Torpağın hazırlanması və səpinin aparılması. Əsas şum oktyabr-noyabr aylarında aparılmalıdır. Şum altına torpağın münbitlik dərəcəsindən asılı olaraq orta hesabla hər hektara 10-15 ton çürümüş peyin, 150-200 kq superfosfat, 150 kq kalium gübrəsi verilməlidir.

Azərbaycanın bostançılıq rayonlarında hazırda şumlanmış sahənin hər hektarına 600-800 m3 dondurma suyu verilir.

Qarpız bitkisi istiyə çox tələbkar olduğundan  onların toxumu başqa istiyə tələbkar bitkilərə nisbətən gec əkilir. Əkinə bir neçə gün qalmış alaqları məhv etmək  və torpğın fiziki xüsusiyyətlərini yaxşılaşdırmaq məqsədilə iki dəfə kultivasiya aparılır. Birinci kultivasiya 10-15 sm dərinlikdə, ikinci əkinə üç gün qalmış 8-10 sm dərinlikdə aparılmalıdır.

Torpağı əkinqabağı əkinə hazırladıqda torpaq sahəsi müvafiq formada düzəldilir. Bu zaman bitkinin qida sahəsi nəzərə alınaraq 2,5-3 m, bəzən 4 m araları olan şırımlar, şırımlarda isə 0,5-1 m bir-birindən aralı yalaqlar açılmalıdır. Bir çox hallarda çürüntü ilə fosfor və kalium gübrələri yalağın torpağı ilə yaxşıca qarışdırılır.

Tarlada hər hektara əkilən bostan bitkilərinin normal sıxlığını təmin etmək və nəzərdə tutulan əkin sxeminə düzgün əməl etmək üçün onların toxumlarını və şitillərini əkirlər. Bunu nəzərə aldıqda əkin sxemindən və toxumun iriliyindən asılı oıaraq hər hektara aşağıdakı qədər səpin norması nəzərdə tutulur. Xırda toxumlu qarpız 2-3 kq/ha, iri toxumlu 3-4 kq/ha.Torpağın tipindən və digər şəraitindən asılı olaraq qarpız toxumu 3-6 sm dərinliyə əkilir.
Qarpız bitkisinə qulluq. Bostan bitkilərindən yüksək məhsul götürülməsi qulluq işlərinin vaxtında və düzgün yerinə yetirilməsindən asılıdır. Bostan bitkilərinə qulluq dedikdə, suvarma, alaqlama, seyrəltmə, dibdoldurma, gübrələmə, tağların kökləndirilməsi, ucvurma. süni yaxud əlavə tozlandırma, xəstəlik və zərərvericilərə qarşı mübarizə və s. nəzərdə tutulur.

Qarpız bitkisinin zərərvericilərdən mühafizəsi. Yemiş milçəyi- qarpız meyvələrinin ən qorxulu ziyanvericisidir. Yemiş milçəyinə qarşı 0,2% xlorofos məhlulu çilənməli və bu iş hər 7-8 gündən bir təkrar  edilməlidir. Hər hektara 500 litr məhlul işlədilməlidir. Çiləmələr çiçəkləməyə yaxın başlanmalı və yığıma 25-30 gün qalmış dayandırılmalıdır.

Meyvələrin saxlanması. Qarpız meyvələrini saxlamaq üçün onları yetişməyə təxminən 3-5 gün qalmış yığmaq lazımdır. Meyvələrdə 2-3 sm uznluqda saplaq saxlamaqla, onları üsullu yığmalı və üzərinə seyrəkcə yaşıl ot səpib, orada 24 saata kimi soluxdurmalı. Sonra həmin meyvələr maşın, lafet və ya araba ilə saxlayıcılara daşınmalıdır. Meyvələri daşıyarkən onları 2-3 cərgədən artıq yığmaq məsləhət görülmür.

Qarpız meyvələrini saxlayarkən saxlayıcıda ən yaxşı şərait havanın nisbi rütubərliyi 60-80%, temperaturu isə 2-30S olmalıdır. Meyvələr saxlandıqları dövrdə hər gün saxlayıcıda onlar yoxlanmalı və azacıq zədələnmişlər istifadəyə verilməlidir. Sortlardan asılı olaraq, meyvələri  3-6 aya kimi normal saxlamaq olur.   

31.10.2024

1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb

31.10.2024

Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

30.10.2024

“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib