Birbaşa Dövlət Dəstəyi

Azərbaycan Respblikası Prezidentinin Sərəncamı (21.08.2008 il, № 3000)

  • A
  • A
  • A

Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasında aparılan uğurlu və dinamik sosial-iqtisadi siyasət nəticəsində artıq bir neçə ildir ki, aqrar sahədə daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən müddətli vergi güzəştləri ilə bərabər, keçən ildən dövlət tərəfindən onlara yanacaq, motor yağlarının və mineral gübrələrin alınmasında güzəştlər edilir, dövlət və özəl toxumçuluq təsərrüfatlarına yetişdirdikləri toxumlara görə subsidiyalar verilir. Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının buğda toxumuna, mineral gübrələrə və damazlıq heyvanlara olan ciddi ehtiyacı ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində əlavə tədbirlərin görülməsini şərtləndirir.

 

Ölkədə kənd təsərrüfatı məhsulları istehsalını daha da artırmaq, məhsul istehsalçılarının yüksək reproduksiyalı buğda toxumu və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədi ilə qərara alıram:

 

1. Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, istehsalçıların yüksək reproduksiyalı buğda toxumuna, cins damazlıq mal-qaraya və mineral gübrələrə olan tələbatını yaxşılaşdırmaq, mineral gübrələrin və texnikanın saxlanılması üçün xüsusi anbarların tikintisinin təmin edilməsi məqsədi ilə 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə 25 (iyirmi beş) milyon manat vəsait ayrılsın.

 

2. Ayrılmış vəsait hesabına 2008-2009-cu illərdə aşağıdakı tədbirlərin həyata keçirilməsi təmin edilsin:

 

2.1. buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan yüksək reproduksiyalı buğda toxumunun satış qiymətinin 50 faizinə, buğda istehsalçılarına isə mineral gübrələrin satış qiymətinin 70 faizinə dövlət tərəfindən güzəşt verilsin;

 

2.2 ölkə ərazisində kənd təsərrüfatı heyvanlarının məhsuldarlığının yüksəldilməsi, mövcud heyvan cinslərinin yaxşılaşdırılması və damazlıq heyvanların sayının artırılması məqsədi ilə 2008-2009-cu illərdə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması həyata keçirilsin;

 

2.3. mineral gübrələrin, habelə dövlət vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların müvafiq standartlara uyğun saxlanılması üçün xüsusi anbarların layihələndirilməsi və tikintisi həyata keçirilsin.

 

3. “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamının (Azərbaycan Respublikası Qanunvericilik toplusu, 2004-cü il № 10, maddə 844; 2005-ci il № 9, maddə 839; 2007-ci il № 1, maddə 30) 2-ci bəndində “və aqrokimyəvi maddələrin” sözləri “, aqrokimyəvi maddələrin, tinglərin, toxumların, damazlıq heyvanların” sözləri ilə əvəz edilsin.

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

4.1. bir ay müddətində qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

4.2. bir ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin;

 

4.3. dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun, mineral gübrələrin güzəştli şərtlərlə, damazlıq heyvanların isə 50 faiz güzəştlə lizinq yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması qaydalarını bir ay müddətində təsdiq etsin;

 

4.4 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təkliflərinə əsasən:

 

- mineral gübrələrin, habelə «AqroIizinq» Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların saxlanılması üçün xüsusi anbarların tikilməsi və onların ərazi üzrə yerləşdirilməsini təmin etsin;

 

- alınmış mineral gübrələrin ölkə daxilində paylanması mexanizminin təkmilləşdirilməsi üçün ayrı-ayrı bölgələri əhatə etməklə, regional logistik bazaların yaradılmasını təmin etsin;

 

4.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların və mineral gübrələrin saxlanılması məqsədi ilə xüsusi anbarların tikilməsi və regional logistik gübrə bazalarının yaradılması üçün mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə torpaq sahələrinin ayrılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılmış təkliflər versin.

 

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən vəsaitin müəyyən olunmuş qaydada maliyyələşdirilməsini və bu vəsaitin səmərəli istifadə olunmasına nəzarəti təmin etsin.

 

7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2008-ci il

№ 3000