Heyvandarlıq

Qarabağ atı

  • A
  • A
  • A

 

579.jpgQARABAĞ ATI

Arxeoloji (qazıntı) və tarixi materiallar sübut edir ki, Azərbaycan atları çox qədim bir tarixə malikdirlər. Ən qədim dövrlərdən Azərbaycandan Rusiyaya, İrana, Ərəb ölkələrinə, Avropaya çox sayda törədici ayğır və madyanlar aparılmışdır. Bir çox tarixi faktlar göstərir ki, dünyada ən geniş yayilmış ərəb atlarının, təmizqanlı ingilis minik atlarının cins kimi formalaşmasında Azərbaycan atlarının da müəyyən rolu olmuşdur. Hazırda atçılıqda keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasını, eyni zamanda cins atların hazırki vəziyyətini və gələcək inkişafını nəzərə alaraq dövlətimiz tərəfindən xüsisi diqqət göstərilir. Belə ki,”Atçılıq haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Rrezidentinin 2007-ci il 22 may tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müvafiq Qaydalar təsdiq edilmişdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi mülkiyyət formasından asılı olmayaraq, atçılıqla məşğul olan subyektlərin müvafiq qanunvericiliyin, o cümlədən atçılığa dair normativ sənədlərin tələblərinin yerinə yetirilməsini, yeni texnologiyaların, avadanlıqların tətbiqinin mövcud təlimatlara uyğun aparılmasını təmin edir və damazlıq-seleksiya işlərini müasir zavod atçılığının tələblərinə uyğun həyata keçirməsini dəstəkləyir.

Azərbaycan atları əsrlər boyu müəyyən təbi-tarixi şəraitin təsiri altında dəyişmiş, aparılan xalq seleksiyası nəticəsində yerli at cinsləri və tipləri əmələ gəlmişdir. Bunlardan ən yaxşıları Qarabağ və Dilbaz at cinsləri olmuşdur. Qədimdə Qarabağ atı bir tipdə olmamış və məlumatlara görə Qarabağ atının köhnə tipləri (nəsilləri) Maymun (xoşbəxt), Qarnıyırtıq və Əlyetməz(Ceyran) adlı ayğırların nəsli olmuşdur. Bu tiplərdən olan atlar aşağıdakı xüsusiyyətləri ilə xarakterizə olunurlar:

"Maymun" adlı ayğırın nəslindən olan atlar uzaq yürüşlərə davamlı olmaqla, sakit temperamentli, hündürlüyə hoppanmağa bir qədər meylli olmuşlar.

"Qarnıyırtıq" nəslindən olan atlar çox yaraşıqlı, boynu hündür duruşlu olmaqla, güc və davamlılığına görə "Maymun" tipindən geri qalmışlar.

"Əliyetməz" (Ceyran) tipindən olanlar isə daha çox qısa məsafələrə qaçışda digərlərini ötən, hündür sıçrayışlı, ceyranı xatırladan yaraşıqlı və oynaq bədən quruluşuna malik olmuşlar. Bundan əlavə zavodçular "Toxmaq" tipinə də üstünlük verirdilər. Bu atlar nisbətən iri bədənli, rəngi sarı-qızılı, yalı və ayaqları isə tünd kəhər rəngdə olmuşdur.

XIX əsrdə Azərbaycanda at cinsləri içərisində ən çox şöhrət qazananlardan biri Qarabağ atı idi. Bu at öz yüksək keyfiyyət göstəricilərinə görə təmiz qanlı ərəb atı olan köhlənlə bərabər tutulurdu. Bu atların xarici görkəmlərində diqqəti cəlb edən xüsusiyyətlər ondan ibarətdir ki, onların başları kiçik, burun pərləri enli, gözləri bir qədər böyük olur, möhkəm əzələli bədən quruluşuna malikdir. Nazik dəri üzərində yerləşən qısa, narıncı-qızılı tüklərin hər birinin ucunda sanki qığılcım dənələri parlayır. Qarabağ atının yalı və quyruğu tünd şabalıdı rəngdə, döş qəfəsi enli, ayaqları isə nazik olur.

Bu cins məşhur Midiya atlarının nəsli olan qədim Azərbaycan atlarının Qarabağ zonasında yetişdirilmiş bir tipidir. XVIII əsrin ortalarında bəzi ilxılarda Qarabağ atı Ərəb,Türkmən və İran at cinsləri ilə də yaxşılaşdırılmışdır. Qarabağ atı ortaboylu, cidov hündürlüyü 144-150 sm olmuşdur. 

Qarabağ atının addımla yeriş surəti saatda 7 kilometrə bərabərdir. Əsl Qarabağ atı düz yerdə qaçmaqda başqa cinslərdən geridə qaldığı halda, dağa və dağdan enişə yürüşdə onların hamısını ötür. Qarabağ atının hərəkət xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, bu atlar ən sürətli yürüş zamanı birdən - birə dayana bilir, minik zamanı az tərləyir.

ХХ əsrdə Qarabağ cinsinin tariхində ən önəmli hadisə kimi iхtisaslaşmış Ağdam Atçılıq Zavodunun yaradılmasının əvəzsiz rolu olmuşdur. Zavod rəsmi olaraq SSRİ Nazirlər Sovetinin 8 oktyabr 1948-ci il tariхli, 1681 saylı, Azərbaycan SSR Nazirlər Sovetinin isə 27 may 1949-cu il tariхli, 583 saylı qərarları əsasında yaradılmışdır. Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülərək hələ 1946-cı ildə Хalq Torpaq Komissasrlığının хüsusi komissiyası (N.Əfəndiyev, S.Cəfərov və S.Aquşeviç) Qarabağ atlarının keçmişdə geniş yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə, YevlaxTovuz rayonlarını gəzmiş və cinsin хarakterik əlamətlərini özündə saхlamış 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçmişdilər.

1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşayır. Ağdam Atçılıq Zavodu 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərir.

Azərbaycan Respublikasi Prezidentinin “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 21 avqust 2015-ci il tarixli  1365 nömrəli və Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında 22 fevral 2017-ci il 2688 nömrəli Sərəncamlar imzalanmış və Ağcabədi rayonun Xamtorpaq adlanan ərazisində 35,5 ha sahədə Beynəlxalq standartlara uyğun müasir avadanlıqlarla təchiz edilmiş atçılıq kompleksi inşa olunmuşdur.

2018-ci ilin 5 noyabr tarixində Ağcabədi rayonunun Xamtorpaq adlanan ərazisində inşa edilmiş Qarabağ Atçılıq Kompleksinin açılışında Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva iştirak etmişlər.

Kənd təsərrüfatı naziri cənab İnam Kərimov Azərbaycanda atçılığın inkişafı istiqamətində görülən işlərdən və kompleksdə yaradılan şərait barədə məlumat vermişdir. Kompleks müasir tələblərə uyğun təşkil edilmiş mühafizə binası, dezinfeksiya hovuzu, inzibati bina, doğum şöbəsi, ayğırlar, madyan və gənc atlar üçün tövlələr, qapalı manej, gəzinti sahəsi, çardaq, müayinə otağı, karantin binası, təsərrüfat anbarı, açıq manej, qaçış zolağı, məşq qurğusu, gübrə anbarı və köməkçi qurğulardan ibarətdir.

Kompleksdə yaradılan şərait onu deməyə əsas verir ki,Azərbaycanın milli sərvəti olan Qarabağ atları hazırda öz keçmiş şöhrətinin qayıdışı dövrünü yaşayır. Həyata keçirilən tədbirlər nəticəsində Qarabağ at cinsinin inkişafı yeni mərhələyə qədəm qoyacaq və Qarabağ atları yenidən beynəlxalq yarış və sərgilərdə uğurla ölkəmizi təmsil edəcəkdir.

“Atçılıq Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə  Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tatixli, 580 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq damazlıq atların Dövlət Reyestrinin aparılması, atçılıq sahəsində beynəlxalq əməkdaşlığın və dövlət nəzarətinin həyata keçirilməsi, o cümlədən "Qarabağ" və ”Dilbaz” cinsli atların beynəlxalq sərgilərə, auksion və yarışlara çıxarılması, keyfiyyət  tərkibinin tədqiq edilməsi, milli at cinslərinin damazlıq özəklərinin qorunub saxlanması və təkmilləşdirilməsi, atçılıq təsərrüfatlarının inkişaf etdirilməsi məqsədi ilə nazirlik tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada normativ hüquqi baza yaradılmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorınqi şöbəsinin mütəxəssisləri (aqrar elmlər üzrə fəlsəfə doktoru E.N.Lətifova və F.D.Səmədov) tərəfindən hazırlanmış “Qarabağ və Dilbaz at cinslərinin bonitrəsinə dair Təlimat” Nazirliyin 2019-cu il 23 oktyabr tarixli 163 nömrəli əmri ilə təsdiq edilmişdir. Nazirliyin 2019-cu il 07 iyul tarixli 161 nömrəli əmri ilə "Qarabağ atçılq zavodu" və ”Dilbaz” Atçılıq Təsərrüfatı” MMC-də saxlanılan atların bonitirəsinin aparılması məqsədi ilə mütəxəssislərdən ibarət komissiya təşkil edilmişdir. Hal-hazırda “Qarabağ atçılıq zavodu”nda mövcud olan atların bonitirəsi, onların təyinatının müəyyən edilməsi, EKTİS vasitəsi ilə uçot sisteminin qurulması və dayanıqlı məlumat bazasının yaradılması istiqamətində işlər davam etdirilir.

Bu işlərin həyata keçirilməsində əsas məqsəd milli genefondumuz olan "Qarabağ" və ”Dilbaz” cinsli atların beynəlxalq sərgi və cıdırlarda, həmçinin at idman yarışları və digər atçılıq tədbirlərində iştirakının təmin edilməsi, milli atlarımızın beynəlxalq arenada tanınması və təbliğ edilməsi, ən başlıcası isə atçılığın gəlirli sahəyə çevrilməsinə dəstək verməkdir.

Heyvandarlığın təşkili və monitorınqi şöbəsi müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə ölkə ərazisində dislokasiya olunmuş cins, idman, damazlıq atların siyahısı hazırlayaraq onların EKTİS-də yerləşdirilməsi istiqamətində işlərini davam etdirir.

31.10.2024

1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb

31.10.2024

Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

30.10.2024

“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib