10-12 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2021) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan 2021) sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinun beynəlxalq əməkdaşlıq şöbəsinin Protokol sektorunun müdiri Toğrul Qafarbəyli, Caspian Event Organisers şirkətinin regional direktoru Edvard Stron, “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov və şirkətin layihə rəhbəri Zarina Məmmədova iştirak ediblər.
Təşkilatçılar bildiriblər ki, hər iki tədbir koronavirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgidir. Sərgi iştirakçıları işgüzar əlaqələri bərpa etmək və yeni əlaqələr qurmaq, habelə aktual bazar məlumatlarını əldə etmək, eləcə də sərfəli müqavilələr imzalamaq üçün iki illik fasilədən sonra ilk dəfə yenidən bir araya gələcəklər. Sərgi koronavirus pandemiyasına görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulan karantin rejimi tələblərinə, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının tövsiyələrinə tam əməl olunmaqla təşkil olunacaq.
“Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki zalını, eləcə də açıq sahəsini əhatə edəcək. Açıq məkanda yerləşəcək ekspozisiyanın sahəsi 2019-cu ilə nisbətən artıb. Bu il Azərbaycan, ABŞ, Almaniya, Əfqanıstan, Belarus, Belçika, BƏƏ, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İsveç, İtaliya, Litva, Niderland, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna, Yunanıstan da daxil olmaqla dünyanın 27 ölkəsindən 248 şirkət bu sərgilərdə iştirak edəcəklərini təsdiqləyiblər.
Bu il sərgilərdə qida və kənd təsərrüfatı sahələri üçün vacib və aktual olan yeniliklər təqdim olunacaq. Hər bir sektorun hərəkətverici qüvvəsi olan innovasiyalara xüsusi diqqət verilib. Həmçinin, sərgidə bəzi iştirakçılar Qarabağ regionunun inkişafı üçün xüsusi təklif, layihə və xidmətləri nümayiş etdirməyi planlaşdırır.
“Caspian Agro 2021” sərgisində “ağıllı ferma”, heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikaları, laboratoriya avadanlıqları, yeni toxum sortları və bir çox digər məhsullar nümayiş olunacaq. Ümumiyyətlə, “Caspian Agro 2021” sərgisində dünyanın 22 ölkəsini təmsil edən 169 şirkət iştirak edəcək və kənd aqrar-sənaye kompleksinin müxtəlif sahələrinin daxil olduğu kənd təsərrüfatı texnikası, heyvandarlıq və quşçuluq, yem, baytarlıq, bitkiçilik, gübrələr, meyvə və tərəvəzlərin yetişdirilməsi, istixana, elektron kənd təsərrüfatı, kənd təsərrüfatında innovasiya texnologiyaları, laboratoriya avadanlığı bölmələrini əhatə edəcək.
Bu il sərgilər üçün xüsusi işgüzar proqram da nəzərdə tutulub. Belə ki, təşkilatçılar hər il rayonlardan olan fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və onları sənayedəki tendensiyalar, yeniliklər və beynəlxalq təcrübə ilə tanış edirlər. Cari ildə qeyd olunan sərgilərə 25 rayondan - Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Siyazən, Şabran, Xızı, Qazax, Tovuz, Şəmkir, Ağstafa, Kürdəmir, Neftçala, Salyan, Astara, Lənkəran,Masallı, Cəlilabad, Biləsuvar rayonlarından olan fermerlər üçün turlar təşkil ediləcək. Sərgilərdə yeni işgüzar əlaqələrin qurulması və mövcud əlaqələrin möhkəmləndirilməsi üçün əlavə platforma - ikitərəfli görüşlər (B2B) olacaq.
3 gün ərzində davam edəcək sərgidə ilk dəfə olaraq "Regional İnkişaf" İctimai Birliyinin ("RİİB") və “Aqrar İnkişaf Könüllüləri” könüllüləri iştirak edəcəklər.
Qeyd edək ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilir. Sərgilər həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024