Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
“Torpaqla məşğul olun, əkin, becərin, o torpaq sizin dolanışığınızı təmin edəcək”
“1963-cü ilin sentyabrından kənd təsərrüfatı sektorunda çalışıram. İki ali təhsilim var, 24 il heyvandarlıq sovxozunun direktoru olmuşam. Partiya işindən sovxoza keçdikdən sonra məndə kənd təsərrüfatına böyük inam yarandı”.
Bu sözlərin müəllifi 83 yaşlı fermer, ömrünü kənd təsərrüfatında çalışmaqla keçirmiş Bayram Əlləzovdur. Ağsaqqal fermer deyir ki, insan torpaqla yaşamağa məhkumdur: “Kənd təsərrüfatı insanları maddi nemətlərlə, ərzaqla təmin edir. Rəhmətlik atam bizə tövsiyə edərdi ki, insanlar öləndə torpağa yapışan kimi gərək diri vaxtda da torpağa yapışsın, torpaqla məşğul olsun, əksin, biçsin, becərsin. Onun o sözləri qulağımda qalmışdı, ona görə kənd təsərrüfatı ilə çox məşğul olmuşam. 19-cu əsr Qərbi Avropa ölkələrinin iqtisadçılarından biri yazmışdı ki, zəhmət sərvətin atası, torpaq isə sərvətin anasıdır. İnsanlar gərək yaşamaq üçün zəhmət çəksinlər, yaratsınlar, yaşatsınlar”.
Bayram Əlləzov kənd təsərrüfatının bütün istehsal sahələrindən üstün sayır: “Çünki insanları maddi nemətlərlə təmin edən kənd təsərrüfatıdır. Kənd təsərrüfatı ilə məşğul olanlar əkir, səpir, biçir, məhsul götürür və görəndə ki, zəhməti hədər getməyib, daha da cavanlaşır. Bu altmış il ərzində torpağa sevgim dəfələrlə artıb. 83 yaşım var, hələ də kənd təsərrüfatı ilə məşğulam”.
Qocaman fermer ölkədə kənd təsərrüfatına göstərilən diqqətdən çox razıdır: “Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük şərait yaradılıb. Regionlarda iqlim şəraitinə uyğun olan bütün kənd təsərrüfatı məhsulları əkilib-becərilir. Dövlət lazımi qayğı göstərir, fermerlərə subsidiyalar verir, kapital qoyur, kənd təsərrüfatını inkişaf etdirir. İndi Azərbaycanda sovet dövründə olmayan bitkilər becərilir. Mən heyvandarlıqla da məşğul olmuşam, zootexnikliyi qurtarmışam. Sovet İttifaqı dövründə Azərbaycanda indiki qədər cins heyvan yox idi. Bir qonur Qafqaz cinsi mallar vardı, onu da 19-cu əsrin ortalarında almanlar İsveçrədən gətirmişdilər. Sonrada ala mallar gətirildi. İndi isə ölkədə çoxlu sayda cins mal-qara var, dövlət maldarlığın inkişafına diqqətlə yanaşır”.
Bayram Əlləzovun 51 hektar torpaq sahəsi var: “Onun 31 hektarı özümündür, yəni torpaq satanlardan alıb istifadə edirəm. 20 hektarını isə 99 il müddətinə icarəyə götürmüşəm. 13 hektarında üzüm əkmişəm, 10 hektarı məhsuldardır, 3 hektar üzümlüyü isə 3 il əvvəl salmışam, bu il az məhsul verəcək. Üzümçülük iqtisadiyyat üçün əlverişli sahədir. 1991-ci ildə Azərbaycana “Merlot” adında üzüm sortu gətirdim. Bu sort Moldovada becərilir. Bu sortu on hektar sahədə becərirəm. Budama vaxtı bu üzüm sortunun çubuqlarını bütün Azərbaycana yaydım. Qazaxdan, Tovuzdan, Şəmkirdən, Ağstafadan, Ağsudan, Abşerondan gəlib budanmış çubuqları məndən alıb apardılar. Aparanlar becərdilər, gördülər ki üçüncü il bu sort hər hektardan 17 ton üzüm verir. Bu səbəbdən Qərb zonasından olan üzümçülər bu sortdan geniş istifadə etməyə başladılar. Sortun əlverişli xüsusiyyəti nədir? Xəstəliyə davamlıdır, məhsuldardır. Şamaxıda bu sortdan hər hektardan 35 ton üzüm götürənlər var. Çox gözəl də şərabı olur”.
Ağsaqqal fermerin cavanlara tövsiyələri də var: “Cavanlara məsləhət görürəm ki, kəndi qoyub, şəhərə qaçmasınlar, gedib şəhərdə göy satmaqla məşğul olmasınlar. Torpaqla məşğul olsunlar, o torpaq onun dolanışığını təmin edəcək. İki hektar sahəsi olan adam o sahədə taxıl əksin, toyuq-cücə saxlasın, iki-üç baş mal-qara saxlasın, dolanışığını artıqlaması ilə təmin edəcək. Vaxtilə böyük böyük istedadlar, tanınmış yazıçılar kənd təsərrüfatı ilə məşğul olublar, kəndi seviblər. Məsələn, Lev Nikolayeviç Tolstoyun Yasnaya Polyanada bir malikanəsi olub. Orada torpağı əkib-becərərmiş. Bir gün çar Aleksandr onu yanına çağırır, deyir ki, Lev Nikolayeviç, bu qədər şöhrətli istedadlı yazıçının kənddə nə işi var, gəl Kremldə yaşa, mənim müşavirim ol. Tolstoy cavabında deyir ki, Yasnaya Polyana torpağı mənə dünya qədər əzizdir, mən o torpaqdan ayrıla bilmərəm. Çar onu Moskvaya gətirə bilmir. Torpaqla məşğul olan, torpağın qədrini bilən elə dahilər olub”.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024