• Ana səhifə
  • Xəbərlər
  • AĞDAŞ VƏ ZƏRDABDA \"PAMBIĞIN BECƏRİLMƏSİ ÜÇÜN AQROTEXNİKİ TƏDBİRLƏRİN TƏŞKİLİ\" MÖVZUSUNDA MÜŞAVİRƏ...
AĞDAŞ VƏ ZƏRDABDA \"PAMBIĞIN BECƏRİLMƏSİ ÜÇÜN AQROTEXNİKİ TƏDBİRLƏRİN TƏŞKİLİ\" MÖVZUSUNDA MÜŞAVİRƏ KEÇİRİLİB

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Ağdaş və Zərdab rayonlarında “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili” mövzusunda müşavirələr keçirilib. Müşavirələrdə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, rayon rəhbərliyi, pambıqçılıqla məşğul olan fermerlər və mütəxəssislər iştirak ediblər. Tədbirdə Prezident İlham Əliyevin iştirakı ilə martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icrası məsələləri müzakirə olunub.

Ağdaşda keçirilən tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov respublikamızda pambıqçılığın inkişaf strategiyasından danışıb, Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrlə bağlı məlumat verib. Pambığın strateji məhsul olduğunu qeyd edən natiq dünyada bu məhsulun istehsalının 7 faiz azaldığını, ehtiyacın isə 5 faiz artdığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən şəxslər pambıqçılığın inkişaf etdirilməsi üçün təkliflərini səsləndiriblər. Müşavirədən sonra nazirlik rəsmiləri fermer təsərrüfatlarına baş çəkiblər, sahələrdə pambığa aqrotexniki qulluq qaydalarına necə riayət olunması ilə yerindəcə tanış olublar.

Zərdab rayonunda da analoji mövzuda müşavirə keçirilib. Müşavirədə çıxış edən nazir müavini Seyfəddin Talıbov regional aqrokimya laboratoriyalarının yaradılmasının vacibliyinə diqqət çəkib, son illər ərzində 11 belə laboratoriyanın qurulduğunu və ən müasir avadanlıqlarla təchiz olunduğu barədə məlumat verib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov növbəli əkin sistemi, əsaslı becərmə, innovativ pilot təsərrüfatlarının yaradılması, torpağın və əkilən sortun düzgün seçilməsi, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov məhsuldarlığın artırılması, yığıma hazırlıq və yığım, pestisidlərin təsirinin azalmasının səbəbləri, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsrayılov son illər ölkəyə gətirilən texnikalar, Kənd Təsərrüfatı Nazirliyinin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Eldəniz Həsənov pambıq yığımına hazırlıqla bağlı görülən işlər barədə məlumat verib.

Müşavirədə fermerlərin sualları cavablandırılıb, təkliflər dinlənilib.




  • A
  • A
  • A