• Ana səhifə
  • Xəbərlər
  • ADAU-DA AKADEMİK  CƏLAL ƏLİYEVİN 90 İLLİYİNƏ HƏSR OLUNAN KONFRANS KEÇİRİLİB
ADAU-DA AKADEMİK  CƏLAL ƏLİYEVİN 90 İLLİYİNƏ HƏSR OLUNAN KONFRANS KEÇİRİLİB

 

Görkəmli alim, tanınmış ictimai xadim,  Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Azərbaycan Dövlət  Aqrar  Universitetində (ADAU) “Cəlal Əliyev Azərbaycan biologiya elminin ən görkəmli şəxsiyyətlərindən biridir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov akademik Cəlal Əliyevin biologiya elminin inkişafına verdiyi töhfələrdən, kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, fotosintez və fototənəffüs proseslərini kompleks şəkildə tədqiq edilməsində göstərdiyi xidmətlərdən danışıb. Rektor qeyd edib ki, akademik Cəlal Əliyev yüksək dən keyfiy­yətinə və məhsuldarlığa malik, Azərbaycanın buğda əkini sahəsinin böyük hissəsini təşkil edən, Türkmənistan, Özbəkistan və Gürcüstanda yaxşı nəticə­lər verən buğda sortlarını yaradıb, Azərbaycanda bitki genetik ehti­yatları üzrə Milli Proqram və biomüxtəlifliyin qorunması və səmərəli istifadəsi strategiya­sını işləyib hazırlayıb, Bitki Genbankı yaratmış,  “Azərbaycanın Qırmızı kitabı” nəşrinin baş redakto­ru olub. Onun yaratdığı elmi məktəbin nümayəndələri nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində, o cümlədən MDB, ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsrail və Avropada aqrar elmin inkişafına töhfələr verirlər.

Konfransda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ələmdar Məmmədov, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun laboratoriya müdiri dosent Şəhriyar Bayramov, Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Əkinçilik Elmi Tədqiqat İnstitunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin müdiri dosent Tofiq Allahverdiyev, ADAU-nun Biologiya kafedrasının müdiri professor Zaur Hümbətov, Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri dosent Arif Hüseynov, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri dosent Aynur Həsənova akademik Cəlal Əliyevin fundamental elmi araşdırmaları və nəaliyyətlərinə dair maraqlı məruzələrlə çıxış ediblər, xatirələrini bölüşüblər.







  • A
  • A
  • A