Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvlərinin təhsil aldığı yerli ali təhsil müəssisələrinin və Türkiyə Cümhuriyyətinin ali məktəblərinin tələbələri üçün “Sabahın kənd təsərrüfatı” Yay Məktəbinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqə sükutla yad edilib. Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Aqrar İnkişaf Könüllüləri” təşkilatı ölkədə aqrar sektorun inkişafına ictimai dəstəyin nümayiş etdirilməsində, aqrar təhsilə marağın artırılmasında, gənc mütəxəssislərin ideyalarının praktiki olaraq reallaşdırılmasında və cəmiyyətin diqqətinin bu sahəyə yönəldilməsində müstəsna rol oynamaqdadır. Dövlətin diqqət və qayğısı sayəsində gənclərin aqrar təhsilə marağının əhəmiyyətli dərəcədə artırılması, müasir aqrar gəncliyin formalaşması istiqamətində həyat keçirilən genişmiqyaslı tədbirlər məhz sabahın kənd təsərrüfatının tələblərinə cavab verəcək mütəxəssislərin hazırlanmasına hədəflənib. Bu baxımdan 19 ali təhsil müəssisəsinin tələbələrinin iştirak etdiyi “Sabahın kənd təsərrüfatı” adlı yay məktəbinin əhəmiyyəti böyükdür.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini - İnsan resursları şöbəsinin müdiri Elvin Paşayev çıxış edərək kənd təsərrüfatı naziri İnam Kərimovun təbriklərini iştirakçılara çatdırıb, “Aqrar İnkişaf Könüllüləri" təşkilatının yaradılmasının zərurliyi, fəaliyyət istiqamətləri, ADAU və digər ali təhsil müəssisələrinin tələbələrinin bu prosesə aktiv şəkildə qoşulmaları, hərəkatın müasir çağırışlara cavab verən aqrar mütəxəssislərin hazırlanmasına töhfələri, gənclər arasında aqrar təhsilin təbliği, həyata keçirilən layihələr və gözlənilən nəticələr barədə danışıb, Yay Məktəbinin iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavinin - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adil Tağıyev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Dövlət Universitetinin elm və texnika üzrə prorektoru, dosent Pərvin Kərimzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Cəfərov, Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Vüqar İsmayılov, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev, “Azərbaycan Universitetləri” sosial şəbəkəsinin rəhbəri Zöhrab Süleyman çıxış edərək məktəbin iştirakçılarına uğurlar arzulayıblar.
Sonra müxtəlif ali təhsil müəssisələrini təmsil edən iştirakçılar çıxış edərək yay məktəbində ölkəmizin və xarici ali təhsil müəssisələrinin aparıcı alimlərinin, beynəlxalq təşkilatların, dövlət və biznes strukturlarının nümayəndələrinin sabahın kənd təsərrüfatı, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı, “Ağıllı kənd”, “Ağıllı kənd təsərrüfatı”, “Elektron kənd təsərrüfatı”, qlobal iqlim dəyişikliyi və onun aqrar sahənin inkişafına və ərzaq təhlükəsizliyinə təsiri, aqrar gənclik, aqrar təhsil istiqamətləri, habelə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığında aqrar motivlərə dair dinləyəcəkləri mühazirələrdən əhəmiyyətli dərəcədə faydalanacaqlarını bildiriblər.
Tədbirin sonunda “Azərbaycan Universitetləri” sosial şəbəkəsində keçirilmiş sorğuda “İlin tələbəsi” adını qazanmış ADAU-nun məzunu Dinara Əliyeva təltif olunub.
Qeyd edək ki, 2021-ci ilin 22-31 iyul tarixlərində keçiriləcək Yay Məktəbinin proqramı çərçivəsində iştirakılar Nizami Məqbərəsini, Nizami Gəncəvi Muzeyini, Heydər Əliyev Park-Kompleksini, “Zəfər Tağı”, Qala Qapılarını, Arxeologiya və Etnoqrafiya Muzeyini, Məhsəti Gəncəvi Mərkəzini, “İmamzadə” dini kompleksini, Xan bağını, “Avropa 2016-Gənclər Paytaxtı” Parkını, Gəncənin Bayraq Meydanını, “Gəncəçay” park-bulvar kompleksini, Mirzə Şəfi Vazeh Muzeyini, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini, Xəmsə Parkını, Göygöl Milli Parkını ziyarət edəcəklər. Yay Məktəbi İştirakçılarının Qəbələ rayonunun görməli yerlərinə, aparıcı kənd təsərrüfatı müəssisələrinə səfərləri də təşkil olunacaq.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024